“Bakıda nə varsa, Gəncədə də olsa, niyə ordan bura gəlsinlər?”
Ötən il Azərbaycan əhalisinin sayı 88 104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvarın 1-nə 9 898 085 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür.
2018-ci il yanvarın 1-nə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayıb.
22,8 faiz kifayət qədər yüksək bir göstəricidir. Bu qədər əhalinin paytaxtda məskunlaşması təbii ki, regionlarda işsizliyin əlamətidir. Bəs axının qarşısını almaq üçün bölgələrdə nə kimi təbdirlər görülə bilər?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Şərq”ə bildirib ki, regionlardan olan sakinlərin paytaxta axını bütün dünyada olan bir tendensiyadır. Onun sözlərinə görə, bir var bu axın normal olur, bir də var ki, şəhərin ətrafında böyük qəsəbələr yaranır:
"Buna yalançı urbanizasiyalar deyirlər. Əslində müəyyən infrastruktur və şərait olmadan qəsəbələr yaranır. Bakıya müstəqillik illərində böyük köç oldu. Həmçinin bir milyon qaçqının böyük hissəsi, Ermənistandan gələnlərin əksəriyyəti Bakı şəhərində yerləşdi. Ona görə bizdə böyük bir axın prosesi getdi. Sonralar regionların inkişafına dair dövlət proqramları bu axın prosesini bir az səngitdi və əks proseslər, yəni geri qayıtmalar baş verdi. Amma bütövlükdə regionlardan paytaxta gələnlərin sayı olduqca çoxdur.
Gəncə, Şəmkir, Qəbələ kimi müasir şəhərlərimiz var. Belə regionlarda mədəniyyət və digər infrastrukturun olması insanları Bakıya gəlməyə çəkindirir. Paytaxtın cəlbediciliyi var. Məsələn, Bakıda nə varsa, Gəncədə də olsa, niyə ordan bura gəlsinlər?”.
S.Məmmədovun sözlərinə görə, regionların inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramları var. Bütün bunlar bölgələrdəki vəziyyətin yaxşılaşmasına fayda verir:
"Amma bizdə şəhərə axını sürətləndirən amillər olub. 20 faiz ərazimizin işğalı, Ermənistandan böyük insan kütləsinin deportasiyası, Gürcüstandan həmvətənlərimizin Bakıya axışması və s. proseslər getdi. Təkcə daxili miqrasiya hesabına deyil, paytaxtın ətrafına da böyük əhali kütləsi toplandı”.
Yeganə Bayramova