Sabahdan Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Sentyabrın 18-i dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümüdür.

"Report" xəbər verir ki, 2009-cu ildən etibarən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin adını daşıyan Beynəlxalq Musiqi Festivalı keçirilir. Musiqi bayramı hər il bir sıra ölkələrdən tanınmış ifaçı və kollektivləri bir araya gətirir.

18-30 sentyabrı əhatə edən builki festivalın da zəngin proqramı var. Bakı ilə yanaşı, Ağcabədi, Gəncə, Şuşa, Laçın, Ağdam və Lənkəranda konsert proqramları, tamaşa nümayişləri, sərgilər, təqdimatlar və digər mədəni tədbirlər təşkil olunacaq.

Festival çərçivəsində Özbəkistan, Almaniya və Türkiyədə də müxtəlif səpkili tədbirlər keçiriləcək.

Builki festival eyni zamanda Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı ilə yadda qalacaq.