Slovakiyanın Baş naziri Robert Fitso sentyabrın 18-də Ukraynaya səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə o, "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.
"Ümid edirəm ki, sabah gecə Ukraynadan qayıdarkən indiki kimi skeptik olmayacağam", - Fitso videomüraciətində qeyd edib.
Slovakiya baş nazirinin sözlərinə görə, səfər bir neçə saat davam edəcək və o, şənbəyə keçən gecə ölkəsinə qayıdacaq.
Sentyabr ayında Slovakiya hökuməti ölkənin Avropa Şurası çərçivəsində hazırlanmış və 30-dan çox ölkə tərəfindən imzalanmış Ukrayna üçün beynəlxalq kompensasiya komissiyasının yaradılması haqqında konvensiyaya qoşulması barədə qərarı təsdiqləyib.
Daha əvvəl Polşanın Baş naziri Donald Tusk bildirib ki, sentyabrın 18-də Ukraynaya səfər edəcək, orada Fitso ilə görüşəcək və Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 18-20-də İvano-Frankovsk vilayətində keçiriləcək "Karpat İnteqrasiya Təşəbbüsü" sammitini anons edib. Tədbir Karpat regionunun müxtəlif ölkələrindən olan biznes nümayəndələrini bir araya gətirəcək.