Türk dövlətləri gəncləri söz sahibi olan əsas qüvvəyə çevirməlidir - RƏY

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.

Bu görüşlər təkcə protokol xarakterli təmaslarla məhdudlaşmır, Türk dünyasında təhlükəsizlik və strateji əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərən mühüm mesajlar fonunda baş verir. Azərbaycanın son illərdə TDT çərçivəsində fəallaşan rolu, Bakı ilə türk dövlətləri arasında siyasi və təhlükəsizlik əlaqələrinin dərinləşməsi Prezident İlham Əliyevin qəbul etdiyi nümayəndə heyətlərinin tərkibində də özünü göstərir. Görüşlər Türk dövlətlərinin regional proseslərdə daha sıx koordinasiya perspektivini də gündəmə gətirir.

Ölkə başçısının mesajlarını dəyərləndirən siyasi ekspert Azər Niftiyev Sherg.az-a bildirib ki, Prezident İlham Əliyevin mesajı aydındır: Türk Dövlətləri Təşkilatı (TDT) yalnız əməkdaşlıq platforması olaraq qalmamalı, üzv dövlətlərin iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik imkanlarını vahid strateji gücə çevirməlidir:

" Xəzər üzərindən Mərkəzi Asiyanı Avropa ilə birləşdirən nəqliyyat marşrutları, enerji layihələri, qarşılıqlı investisiyalar və müttəfiqlik münasibətləri türk dövlətlərini bir-birinə daha sıx bağlayan real mexanizmlərdir. Növbəti mərhələ bu əlaqələri institusional və təhlükəsizlik baxımından daha da möhkəmləndirməkdir.

Prezidentin gənclərlə bağlı çağırışı da strateji xarakter daşıyır. Türk dövlətləri gəncləri yalnız tədbirlərin iştirakçısı deyil, gələcək qərarların formalaşmasında söz sahibi olan əsas qüvvəyə çevirməlidir. Bunun üçün ortaq gənclər platformaları, müntəzəm forumlar və ideoloji təhdidlərə qarşı birgə informasiya mexanizmləri yaradılmalıdır.

Regionda artan müharibələr və yeni təhlükəsizlik çağırışları göstərir ki, ayrı-ayrılıqda atılan addımlar kifayət etmir. Türk dövlətlərinin təhlükəsizlik qurumları arasında koordinasiya gücləndirilməli, ortaq təhdidlərə qarşı operativ əməkdaşlıq mexanizmləri formalaşdırılmalıdır".