Samsunda keçən il 100 yaşında həyatını itirən İdris Öztürkün nəvəsi tərəfindən tapılan gündəliyində, 70 ildən çox bir yastığa baş qoyduğu həyat yoldaşı Mürvet Öztürkə böyük eşqini izah edən sətirlər oxuyanları duyğulandırdı.
Samsun Bafra mahalı Kolay məhəlləsində 3 uşaq atası və 7 nəvəsi olan İdris Öztürk, 2015-ci ildə, həyat yoldaşı Mürvet Öztürkü 88 yaşında olanda itirdi. İdris Öztürk də keçən il 100 yaşında vəfat etdi. İdris Öztürkün 7 dekabr 2015-ci ilə qədər tutduğu gündəliyini nəvəsi Sərvət Yayla tapıb. Ramazan Bayramında babasının boş evinə gedən və bir sandığın üzərində gündəliyi tapan Yayla babasının nənəsinə yazdığı sətirlərini oxuyarkən duyğulu anlar yaşadı. Sərvət Yayla, daha sonra gündəliyi anası İclal Yaylaya verdi. İclal Yayla da gündəlikdə atasının anasına olan böyük eşqini görüncə gözyaşlarına hakim ola bilmədi.
Babası və nənəsinin çətin keçən həyat hekayələrindən danışan Sərvət Yayla, bunları deyir:
"Babam hələ əsgərlikdən yeni gəldiyi zamanlarda xalasının qızı Mürveti qaçıraraq evləniblər. 70 ildən çox müddət bir yastığa baş qoyublar. 3 uşaqları, 7 nəvələri, 7 də nəvələrinin uşaqları oldu.
Ömürlərinin böyük qisimini Kolay məhəlləsində keçirdilər. 1 əsrlik, 2 ömürə sığan, yoxsulluq içində keçən illərdə yaşanan çətinliklərə baxmayaraq bir-birlərindən heç imtina etməmişlər. Həyatda ikən o illəri bizə, nəvələrinə həmişə söyləyirdilər. İki dünya müharibəsi görüblər. Onların dövrlərində kəndlərdə elektrik yox idi. Səhər azanı ilə oyanar, gündüz tarlada, gecə olunca da qaz lampası işığında, ip başına tütün düzərdilər.
Çətin günlər keçiriblər. Şəhər mərkəzinə çatmaq üçün at arabası ilə saatlarla yol qət edirdilər. Daha sonra biri anam İclal Yayla olmaqla babamın 3 uşağı olub. Onlar da bu yoxsulluqdan paylarını almış, gənclik illərinə qədər analarının tikdiyi yamaqlı paltarlarını geyinərdilər. Aradan keçən illər bir çox şeyi dəyişdirsə də, dəyişməyən ən gözəl şey İdris babamın Mürvet nənəmə olan eşqi idi. Elə ilk günkü qədər təzə və güclü idi”.
Babasının nənəsini çox sevdiyini ifadə edən Yayla, "Əvvəl Mürvet nənəm amansız bir xəstəliyə qurban getdi. Aradan 1 il keçmişdi ki, babam da qurtuluşu olmayan başqa bir xəstəliyə tutuldu. Dayılarım və anam, babam üçün əllərindən nə gəlirsə etdilər. İstanbul və Samsunda bir çox xəstəxananı gəzdirdilər. Nə etdilərsə, olmurdu. Sanki babamın da yaxşılaşmaq kimi bir niyyəti yox idi. Bəlkə də onu tək xoşbəxt edən şey, nənəmə qovuşması idi.
Elə də oldu. Nənəmin ölümündən 2 il keçmiş və 100 illik bir ömür dəftəri bağlanmışdı. Bayram günlərində dolub daşan babamın kənddə tikdirdiyi ev artıq boş idi. Hər ikisinin yoxluğunda keçən ilk Ramazan Bayramı səhərində, babamın otağındakı sandığın üzərində bir dəftər tapdım. Xəstəliklərin pəncəsində keçən o günləri, bir-birlərinə olan eşqlərini və hətta çox sevdiyi Ərdoğana dair qeyd belə vardı içində. Sonra onu anama verdim. Anam o dəftəri oxumağa başlayanda gözyaşlarını saxlaya bilmədi. Babam ən son 7 dekabr 2015-ci il tarixində gündəliyinə son sözləri yazıb. Ondan sonrasını yazmayıb. O tarixdən sonra da xəstələndi və iflic oldu. Nənəmin ölümündən 2 il sonra da babamı itirdik” deyə danışır.
İdris Öztürkün gündəliyinə yazdığı qeydlərdən bəziləri belədir:
13.01.2012: Hava açıq. Keçdik xəstəxanaya. Anji etməyə hələlik ehtiyac görülmədi. Dərmanları istifadə edəcəyik. Təkrar Osmanıyaya gəldik. 3 gündür çox başım ağrıyır. Qoluma təzyiq üçün alət bağlandı.
27.01.2012 Cümə: Qar yağır. Namazı Şahzadədə qıldıq. Gecə-gündüz davam etdi (Qar yağmurundan bəhs edir). Namazda ayaqlarım titrəyir. Çətin dayanıram.
28.01.2012 Şənbə: Faruk vəfat etdi. Dərnəkdən kəndə yola saldıq.
20.03.2012: Çox xəstələndim. Təkrar ölümlə qarşı - qarşıyayım.
11.08.2014 Bazar ertəsi: Tayyib seçildi. Xeyirli olsun.
16.10.2015 Cümə günü: Kədərli günlərim. Mürveti fakültəyə (19 May Universiteti Tibb Fakültəsi) göndərdik. Yaraları çox ağırdı. Yemək yeyə bilmir. Sup verilir.
21.10.2015: Mürvet fakültədə. Saat 4-də telefonda danışdıq. Yeməsini istədim. Məndən turşu istədi. Başqa şey istə dedim. O asan. Sənə yazaram, bir dənəm. Ah, qocalıq! Hərəmiz bir yerdə. Qəhr oluram. Körpə Mürvetim. Kaş ki, kənddə olsaydın da, biri-birimizə doya-doya baxsaydıq. Saf körpəm. Dözə bilmirəm balam. Nə qədər çətin ayrılıq.
23.10.2015: Yandım balam. Yandım. Müqavimətim tükəndi. Sənə səhərə qədər dua etdim. Yaradan qəbul etsin. Yuxu tutmur gözlərimi. Bu gün Cümə. Allahım sənə sonsuz şəfalar versin. Bir dənəm. Allahım. Gecələrim gündüzə döndü. Yandım. Yandım. Ciyərim kül oldu. Dünyam qaraldı. Səbir Rəbbim.
02.11.2015 Bazar ertəsi: Mürvetimin ölüm tarixi. Cənazə namazının ardından dəfn edildi. Dünyam köçdü. Məkanı cənnət olsun, Rəbbim. Bir dənəm.
03.12.2015 Çərşənbə: İstanbuldayıq, həmd olsun Yaradana yenidən. Keçmiş xatirələrim yeniləndi. Dünyam yenə köçdü. Çox çətin, Allahım, bu xatirə.
07.12.2015 Şənbə: Mövlüt edildi. İstanbuldayıq. Gecələr gündüz olmur. Allahım səbir.
Turan