- “Qaydalara əməl etməyənlər həm özlərinin, həm də piyadaların həyatını təhlükəyə atırlar”
Dövlət Yol Polisi və AYNA tərəfindən velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, bu nəqliyyat vasitələrindən təhlükəsiz və qaydalara uyğun istifadənin təşviqi istiqamətində birgə nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.
Verilən məlumata görə, tədbirlərin məqsədi velosiped və skuter istifadəçilərini yol hərəkəti qaydalarına əməl etməyə təşviq etmək, mikromobillik vasitələrindən təhlükəsiz istifadəyə dair maarifləndirməni gücləndirmək, həm istifadəçilərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir. BŞDYPİ velosiped və skuter sürücülərini məsuliyyətli olmağa, yol hərəkəti qaydalarına riayət etməyə və təhlükəsizliyi hər zaman ön planda tutmağa çağırır. Bununla bağlı yayımlanan video materialda skuter, velosiped sürücüləri saxlanılaraq onlara nəzakətli bir şəkildə hansı səhvə yol verdikləri bildirilir, qaydalar barədə məlumat verilir.
Baş Dövlət Yol Polisi İdarəsinin AYNA ilə birlikdə nəzarət-profilaktik tədbirlər həyata keçirməsinin vacib məsələ və müsbət hal olduğunu vurğulayan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sherg.az-a açıqlamasında bildirdi ki, bu cür tədbirlər yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edir:
- Sürücülər daim maariflənməlidirlər. Əsas deyil ki, məhz yol polisi və ya AYNA profilaktik tədbir keçirsin. Nəqliyyat vasitəsi idarə edən hər br kəs tol hərəkıti qaydalarnı bilməlidir, öyrənməlidir, daim yeniliklərlə tanış olmalıdır. Yola naşı vəziyyətdə çıxmaq olmaz. Bu sürücü üçün də böük təhlükədir, hərəkətin digər iştirakçıları üçün də. Mikromobilik artır, amma qəzalar da artır. Çünki qaydaları bilmirlər, öyrənmirlər. Skuter sürən elə bilir ki, bu vasitəni harada istəsə idarə edə bilər. Belə deyil. Skuter də, velosiped də nəqliyyat vasitəsidir, onlar da yola çıxırsa, digər hərəkət iştirakçıları kimi yol hərəkəti qaydalarına riayət etməlidir. Skuterlərin səki ilə idarə olunması qadağandır. Səki piyadalar üçündür. Piyadalara təhlükə yaratmaq olmaz. Ola bilər, deyərlər, skuter, velosiped zolağı yoxdur hansısa yolda, nə edək? Hardakı mikromobillik zolağı yoxdur, orada skuteri də, velosipedi də əllə hərəkət etdirməlidirlər. Dönmələri qəfil, anidən etmək olmaz. Bu vasitələr yüngüldür və ani dönmə zamanı müvazinəti saxlaya bilməyib aşa bilər. O zaman sürücü də xəsarət alacaq, bəlkə yaxınlıqdakı piyada da. Skuterləri yüksək sürətlə idarə etmək olmaz. Yüngül vasitədir, qarşıda avtomobil varsa, təcili saxlamaq çətin olur. Bəziləri nəqliyyat vasitəsi idarə edərkən qulaqcıqdan istifadə edir. Bu, çox təhlükəlidir. Ətrafdakı səsləri eşitmirlər, reaksiya verə bilmirlər. Mobil telefondan istifadə də qadağandır. Fikir yayınır, diqqət azalır. Bu qaydalara əməl edilmədikdə piyada və sürücülərin həyatını təhlükəyə atmış olurlar. Özləri də yol nəqliyyat hadisəsi iştirakçısına çevrilirlər.