Polis dilənçilərə qarşı mübarizə aparır

Ehsan Zahidov: “Son altı ayda 2 mindən çox dilənçi saxlanılıb, bəziləri cərimə olunub, çoxu isə rayonlarına göndərilib”



Qəzetimizin 25 iyul 2015-ci il tarixli sayında ölkəmiz üçün aktual problemlərdən biri olan qaraçılar və onların ənənəvi fəaliyyəti kimi dəyərləndirilən dilənçiliklə mübarizə məsələsinə toxunmuşduq. Müraciət etdiyimiz ekspertlər mövcud durumu müzakirə edib, dilənçiliyin qaraçılar üçün adət halı aldığını qeyd etmişdilər.

Dilənçilərin Bakı küçələrində əl-qol açmasına toxunan ekspertlər tərəfindən həmçinin dilənçilərin yenidən paytaxt küçələrinə axın etməsinin onlara qarşı aparılan əməliyyat tədbirlərinin müvəqqəti xarakter daşıması vurğulanmışdı.

DİN Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov isə qəzetimizə açıqlamasında polis tərəfindən dilənçilərə qarşı aparılan mübarizənin daimi və effektiv olduğunu bəyan edib. Sözügedən tarixdə qəzetimizdə yer alan "Dilənçilər Bakını bürüyüb” sərlövhəli məqalədə cəmiyyəti narahat edən bir məsələdən - paytaxtımızın küçələrində rast gəldiyimiz dilənçilərdən və onlara qarşı görülən tədbirlərdən bəhs edilməsini vurğulayan polis polkovniki ölkə üçün narahatlıq doğuran hər hansı problemin mətbuatda işıqlandırılmasını təqdirəlayiq hesab etməklə bərabər, bu problemi qələmə alan və ondan çıxış yolları arayan zaman 20 il bundan əvvəl daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, hazırda isə bu orqanın fəaliyyətindən xəbərsiz olan birisindən rəy, məsləhət, münasibət almağımızın onda təəssüf doğurduğunu deyib: "Dilənçilərlə əlaqədar problemi haqlı olaraq araşdıran müxbir ilk növbədə bu sosial problemin aradan qaldırılması üçün mütəmadi olaraq reydlər keçirən, onlarla daim profilaktik söhbətlər aparan Bakı Şəhər Baş Polis İdarəsinin səlahiyyətli əməkdaşlarının, DİN-in Mətbuat Xidmətinin mövqeyini, münasibətini öyrənsəydi, daha obyektiv və tutarlı olardı. Amma bununla belə, gec də olsa, adət-ənənələrimizdən uzaq, milli mentalitetimizə yad olan dilənçiliklə mübarizəsini əks etdirən statistik rəqəmləri "Şərq” qəzetinin oxucularının diqqətinə çatdırmaq istərdim. Yeri gəlmişkən, onu da bildirim ki, dilənçiliklə mübarizə DİN rəhbərliyinin gündəlik nəzarətində olan sahələrdən biridir. Əgər bu ilin birinci yarısını (6 ay) götürsək, bu dövr ərzində Bakı Şəhər Baş Polis İdarəsinin orqanları tərəfindən paytaxtın müxtəlif ərazilərində dilənçilik və avaraçılıqla məşğul olan şəxslərin qarşısının alınması istiqamətində mütəmadi olaraq həyata keçirilən tədbirlər, reydlər nəticəsində 2109 nəfər (onlardan 462-si kişi, 923-ü qadın, 724-ü isə yetkinlik yaşına çatmayan azyaşlı) dilənçiliklə məşğul olan şəxslər aşkar edilərək saxlanılıb. Onlardan 533 nəfərinə İXM-nin müvafiq maddələrinə istinadən cərimə tətbiq olunub, 156 nəfərin yaşadıqları rayona göndərilməsi təmin edilib, qalanlarına isə xəbərdarlıq edilərək buraxılıb. Aparılan təhlillər göstərir ki, 6 ay ərzində dilənçiliklə məşğul olduqları üçün saxlanılan 2109 nəfərin əksəriyyəti bir neçə dəfə polis orqanlarına gətirilmiş, profilaktiki söhbətlər aparıldıqdan və ciddi xəbərdarlıq edildikdən sonra buraxılan şəxslərdir. Bu rəqəmləri təqdim etməkdə ictimai asayişi və ictimai təhlükəsizliyi uğurla təmin edən polis əməkdaşlarının bu istiqamətdə də heç də az işlər görmədiyini bir daha ictimaiyyətin diqqətinə çatdırmaq istədim”.