Məşhur casus balina Hvaldimir öldü


Norveçdə rus ordusu tərəfindən təlim keçdiyi düşünüldüyü üçün "casus balina" kimi də tanınan Hvaldimir ləqəbli beluqa balinasının öldüyü bildirilib.


Balinanı qorumaq üçün fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı Marine Mind-in qurucusu Sebastian Strand açıqlamasında Norveç sahillərində Hvaldimirin cansız bədəninə rast gəldiyini bildirib.

Balinanın ölüm səbəbinin hələ aydın olmadığını qeyd edən Strand, heyvanın bədəninin quşların və ya digər dəniz canlılarının səbəb olduğunu düşündüyü çapıqlarla örtüldüyünü ifadə edib.

"Bu, çox kədərlidir. Hvaldimir hətta təkcə Norveçdə belə minlərlə insanın ürəyinə toxundu", - Strand bildirib. 

Balina 2019-cu ildə Norveçin şimalında üzərinə quraşdırılmış xüsusi mexanizmlə üzərkən tutuldu və sonradan "casus balina" kimi bütün dünyada məşhur oldu.

Onun Rusiya tərəfindən “casus” kimi yetişdirilməsi ilə bağlı fərziyyələrə görə heyvana Norveç dilindəki “hval”, balina mənasını verən və Vladimir adlarının birləşməsindən yaranan Hvaldimir ləqəbi verilib.


Norveç səlahiyyətliləri, tutulan balina üzərindəki mexanizmin xüsusi dizayn edildiyini və heyvanın hər iki tərəfində GoPro kameraları üçün yuvaların olduğunu bildirdi.

Balina üzərində mexanizmin klipləri üzərində "Sankt-Peterburq" yazıldığına diqqət çəkən səlahiyyətlilər, bunun Hvaldimirin Rusiyanın Murmansk bölgəsindən gəldiyi və Rusiya donanması tərəfindən təlim keçdiyi nəzəriyyəsinə töhfə verdiyini bildiriblər.