Ərdoğan Suriyadakı hakimiyyət dəyişikliyini Türkiyənin qələbəsi adlandırıb

Suriyada hakimiyyət dəyişikliyi bu ölkənin qonşusu kimi həm də Türkiyənin qələbəsi idi.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O vurğulayıb ki, Bəşər Əsəd rejimininin sona çatmasına sevinməyənlər Türkiyənin qələbəsini qəbul edə bilməzlər.

Bundan əvvəl Ərdoğan ərəb ölkələrini Suriyanın bərpasına kömək etməyə çağırıb və ölkənin 500 milyard dollardan çox zərər çəkdiyini qeyd edib. Türkiyə liderinin sözlərinə görə, beynəlxalq ictimaiyyət Suriyanın yenidən qurulmasına töhfə verməlidir.

Xatırladaq ki, noyabrın 27-də müxalifət silahlı birləşmələrinin üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında üsyançılar bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçirdilər. Bazar günü səhər onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər.

Suriya prezidenti Bəşər Əsəd həmin gün ölkəni tərk edib.

Dekabrın 10-da 2024-cü ilin yanvar ayından İdlib vilayətində müxalifətin yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb. Keçid hökuməti 2025-ci il martın 1-dək davam edəcək.