Sponsorlara mesaj...

Türkiyə nə İraq, nə də Suriyadır...




Türkiyə dövləti İŞİD və PKK terrorçu təşkilatlarına qarşı əməliyyatları davam etdirir. Ötən həftə Şanlıurfanın Suruç qəsəbəsində solçu gənclərin toplantısının İŞİD terrorçusu tərəfindən partladılmasından sonra ölkədə artan gərginlik hökuməti hərəkətə keçirib. Ankara əvvəlcə PKK silahlılarına qarşı həbslər başladıb. Bunun ardınca isə PKK hökumətlə bir neçə ildir davam edən atəşkəsə birtərəfli qaydada son qoyduğunu bildirərək hökumət qüvvələrinə hücumlar edib.

Həftəsonu İŞİD-in Türkiyə-Suriya sərhədində Türkiyə ordusuna hücum etməsi Ankaranın bu terror təşkilatına qarşı təmkinli davranışına son qoyub. Türkiyə ordusu havadan və ağır artilleriya vasitəsilə Suriya ərazisindəki İŞİD mövqelərini vurmağa başlayıb. Baş nazir Əhməd Davudoğlu bəyan edib ki, Türkiyə təyyarələri ölkənin təhlükəsizliyini təmin etmək üçün Suriyada İslam Dövləti qruplaşması və İraqın şimalındakı kürd silahlılarının mövqelərinə qarşı hava hücumları həyata keçirib. Eyni zamanda baş nazir ölkə boyu keçirilən axtarış-əməliyyat tədbirləri nəticəsində İŞİD və PKK-ya üzv olmaqda şübhəli bilinən 590 nəfərin saxlanıldığını bildirib. Hava zərbələri həftə sonu da davam edib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə Suriyada "tampon bölgə”, yəni mühafizə olunan ərazi yaradılması planının gerçəkləşdirilə biləcəyini deyib. Xatırladaq ki, ötən həftə ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Liderlər Yaxın Şərqdə terrora qarşı fəaliyyəti müzakirə ediblər. Eyni zamanda mətbuatın yazdığına görə, Ankara uzun müddət isrardan sonra İncirlik Hava Bazasının İŞİD-ə qarşı hava zərbələrində istifadəsi üçün ABŞ ordusuna müvafiq razılıq verib. Türkiyənin Yaxın Şərqin bir sıra ölkələrində qanlı zorakılıq aksiyaları həyata keçirən İŞİD-lə mübarizəyə başlaması təkcə qardaş ölkə üçün deyil, eyni zamanda bütövlükdə region dövlətləri, o cümlədən Azərbaycan üçün də təhlükəli hesab olunur.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, Türkiyənin ölkədən kənardakı terror ocaqlarını söndürməkdən başqa yolu yoxdur. Çünki xarici qüvvələr həmişə həmin ocaqlardan Türkiyəyə qarşı istifadə edəcəklər: "Hələlik Türkiyə hava zərbələri ilə kifayətlənir. Amma istisna etmirəm ki, bu zərbələr effekt verməsə, Türkiyə İŞİD-ə qarşı məhdud quru əməliyyatları da keçirə bilər. Fikrimcə, İŞİD və PKK-nın sponsorları fərqli deyil. Hər iki terror təşkilatının eyni zamanda Türkiyəyə qarşı fəaliyyətə keçməsi fikirlərimi təsdiq edir”. Ə.Orucluya görə, Türkiyədə baş verən hadisələrin zamanı təsadüfi seçilməyib: "Proseslər Türkiyədə hakimiyyət böhranının getdiyi bir dövrdə baş verir. Çünki Türkiyədə parlament seçkilərindən sonra təkrar seçki ehtiyacı reallaşmağa başladı. Onlar da məhz Türkiyəyə zərbə vurmaq üçün bu məqamı seçdilər. İndiki dövrdə Türkiyədə təkrar seçki böhranlı vəziyyəti bir qədər də dərinləşdirə bilər. Hesab edirəm ki, Türkiyənin bu böhrandan çıxış yolu koalisiya hökumətinin qurulmasından asılıdır”.

Politoloq deyir ki, Türkiyənin həm İŞİD-ə, həm də PKK-ya qarşı hərbi əməliyyatlara başlaması təkcə o təşkilatlara zərbə vurmaq, onların infrastrukturlarını məhv edib gücünü zəiflətmək məqsədi güdmür, həm də bir mesaj xarakteri daşıyır: "Yəni Ankara terrorun sponsorlarına mesaj verir ki, mən Əsəd deyiləm, İraq və ya Suriya deyiləm, bu məsələdə kifayət qədər ciddi addımlar atmağa hazıram və atacağam. Bu da təbiidir. Çünki Türkiyə dövləti özünə rəva görə bilməz ki, onun ərazisini terrorçular öz aralarında döyüş meydanına çevirsinlər”.

Əməliyyatların Ərdoğan-Obama danışıqlarından sonraya təsadüf etməsinə gəlincə, ekspert deyir ki, Ankara bu əməliyyatların sonrakı mərhələsi ilə bağlı qarantiya almağa çalışır. Onun fikrincə, son həftələrdə İŞİD və PKK-nın Türkiyə ərazisində fəallaşması sifarişin nəticəsi ola bilər: "Təbii ki, belə bir əməliyyata başlamamışdan öncə Türkiyənin öz müttəfiqləri ilə müəyyən məsləhətləşmələr aparması tamamilə təbii haldır. Türkiyə NATO-nun üzvüdür. Yəni məsələn, sabah Suriyada terrorçu qruplara qarşı əməliyyata başlayanda buna Bəşər Əsəd rejimi reaksiya verə bilər. Bu halda Türkiyəyə ciddi təminatlar lazımdır. Düşünürəm ki, Ərdoğan-Obama danışıqlarının arxasında əslində bu dayanır. Ancaq bir daha qeyd edirəm ki, Türkiyəni bu əməliyyata vadar edən terrorçu təşkilatlar, daha doğrusu, onların arxasındakı güclər, sponsorlar oldu. Aydın məsələdir ki, "sponsorlar” da özlərini narahat hiss edirlər. İran-Qərb əlaqələrinin bərpası gözlənildiyindən daha sürətlə gedir. Yəni ən azı iqtisadi sahədə bu, açıq görünür. Həm Avropa ölkələrinə İran investisiyaları artır, həm də Avropa şirkətlərinin İrana yatırım qoymaq cəhdləri açıq görünür. Özü də kifayət qədər qətiyyətli və maraqlı görünürlər. Təbii ki, bu, bölgədəki bir sıra dövlətləri ciddi şəkildə narahat edir. Ona görə də düşünürəm ki, Türkiyəyə qarşı terror aksiyaları, belə desək, "ilk qaranquşlardır”.

Ə.Oruclu istisna etmir ki, Türkiyədə başlanan terror dalğası regionun digər ölkələrinə də sirayət edəcək. Ancaq politoloqa görə, təhlillər növbəti hədəfin İran ola biləcəyini deyir, nəinki Azərbaycan: "Düşünürəm ki, terrorun sponsorları coğrafiyanı genişləndirməyə cəhd edəcəklər. Təkcə Azərbaycana qarşı deyil. Məncə, Azərbaycandan əvvəl, nə qədər təəccüblü görünsə də, növbədə İrandır. Bildiyiniz kimi, İraqda terrorçular İran sərhədlərinə çox yaxınlaşıblar”.

İsmayıl