“140 il əvvəlki dövrlə müqayisədə mediamız indi çox savadlıdır”

İlham Quliyev: “Jurnalist əməyinin qiymətləndirilməsində hələ arzuladığımız standartlara çata bilməmişik”




Ötən günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Eyni zamanda, dövlət başçısı bu əlamətdar tarixlə bağlı mütərəqqi addım ataraq, kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsinə dair mühüm sərəncam imzalayıb.

Sərəncama əsasən, bu sahədə böyük əməyi olan jurnalistlər orden, medal və fəxri adlarla təltif ediliblər. Həmin mükafatçılar sırasında "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də yer alıb. O, Əməkdar jurnalist fəxri adına layiq görülüb. Bu baxımdan cənab İ.Əliyevin media təmsilçiləri ilə görüşü, məlum sərəncamın əhəmiyyəti, mətbuatımızın keçdiyi 140 illik yol və indiki durumuna dair suallarımıza İ.Quliyevdən cavab almaq istədik. Baş redaktor "Şərq”ə müsahibəsində qeyd etdi ki, 140 il ərzində mətbuatımız çox böyük və uzun bir yol keçib: "Dönüb keçilən yola diqqət edəndə bunu daha aydın şəkildə görmək mümkündür. "Əkinçi” qəzeti işıq üzü görən dövrdə qəzet oxuyan savadlı adamlar az idi. Amma indiki dövrdə ölkəmizdə həm elektron media, həm də qəzetlər inkişaf edib. Əsas üstünlüyümüz odur ki, hazırda müstəqil dövlətimiz var. Müstəqil dövlətimizin olması Azərbaycan mediasının tərəqqisinə çox böyük təkan verib. Ölkədə müstəqil media formalaşıb. Mətbuatda vətəndaş mövqeyi xüsusi yer almağa başlayıb. Hesab edirəm ki, müstəqillik illərinin jurnalistləri daha çox məlumatlıdırlar. Onlar dünyada nəyin baş verdiyini, kimin əlinin kimin cibində olduğunu çox gözəl bilirlər. 140 il əvvəlki dövrlə müqayisədə mediamız indi daha savadlıdır. Bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, 140 il ərzində çox şərəfli bir yol keçmişik. Amma indiki inkişafdan danışırıqsa, 140 il əvvəl "Əkinçi”nin əsası qoyulmasaydı, o vaxtın maarifpərvər ziyalıları bu işə ürək yandırmasaydılar, bu gün Azərbaycan mətbuatı da olmazdı. Bu baxımdan mətbuatımızın əsasını qoyanları dərin hörmətlə anırıq. Eyni zamanda mediamızın hazırkı durumu ilə öyünürük”.

- Bəziləri Azərbaycan mətbuatını qeyri-peşəkarlıqda ittiham edir. Siz necə düşünürsünüz, jurnalistikamızın peşəkarlığı hansı səviyyədədir?

- 18 ildir ki, mətbuatdayam. Bu sual həmişə aktualdır. Şübhəsiz ki, iş varsa, qüsur da olacaq. Peşəkarlığa dair sualların olması təbiidir. Etiraf edək ki, hazırda Azərbaycan jurnalistikasında peşəkarlıqla bağlı problemlər mövcuddur. Təxminən bir il bundan əvvəl cəbhə xəttində atəşkəs rejimi pozulan zaman qeyri-peşəkarlığın elementləri qabarıq şəkildə üzə çıxdı və onu ürəkağrısı ilə müşahidə etdik. Bundan əlavə, yazıların keyfiyyətində və jurnalistlərin işə yanaşmasında da qeyri-peşəkarlıq elementləri duyulur. Məxsusi olaraq yeni yaranan saytlarda xəbər işinə bir qədər məsuliyyətsiz yanaşma meyilləri özünü büruzə verir. Amma bütün bunların fonunda demək olmaz ki, Azərbaycanda peşəkar jurnalist yoxdur. Ölkəmizdə kifayət qədər peşəkar jurnalist var. Bu günlərdə cənab prezident həmin jurnalistlərdən 200 nəfərə yaxınını fəxri adlarla, medal və ordenlərlə təltif etdi. Azərbaycanda peşəkar jurnalist olmasa, dövlət başçısının məlum sərəncamı da olmazdı.
Amma istənilən halda qeyri-peşəkarlıq halları az olsa da, narahatlıq doğurur. Jurnalistika bir az spesifik sahədir. Xırda bir diqqətsizlik və qeyri-peşəkarlıq böyük fəsadlara yol aça bilir. Ona görə də, jurnalistlərin peşəkarlığı məsələsinə çox diqqətlə yanaşmalıyıq. Bunu tez-tez gündəmə gətirməliyik. Bunun ictimailəşməsi bəzi KİV rəhbərləri və dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri üçün bir siqnaldır.

- Bu istiqamətdəki çatışmazlıqların aradan qaldırılması məqsədilə hansı addımlar atılmalıdır?

- Əlbəttə, qeyri-peşəkarlığın həllinə nail olmaq üçün planlı işlər aparılmalıdır. Baxın, bu problemi yaradan səbəblərdən biri jurnalist əməyinin qiymətləndirilməsindəki nöqsanlardır. Biz hələ ki, orta-statistik jurnalist əmək haqqını yüksək səviyyəyə qaldıra bilməmişik. Doğrudur, son zamanlar bu yöndə xeyli işlər görülüb. Jurnalistlərin sosial şəraitinin və mənzil təminatının yaxşılaşdırılması istiqamətində dövlət səviyyəsində çox mühüm addımlar atılıb. Prezident yanında Kütləvi İnformasiya Vasitələrində Dövlət Dəstəyi Fondu yaradılıb. Fond fəaliyyətə başlayandan sonra yazılı mediaya hər altı aydan bir layihələr əsasında yardımlar edilir. Paralel olaraq jurnalistlər arasında yazı müsabiqələri elan edilir ki, bu da onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət göstərir. Jurnalistlərin mənzil təminatının yaxşılaşdırılmasına dair dövlət büdcəsindən vəsaitlər ayrılıb. Artıq ötən illərdə 156 mənzilli bina jurnalistlərin istifadəsinə verildi. Gələn il də növbəti bina istismara veriləcək. Bununla belə, hesab edirəm ki, jurnalist əməyinin qiymətləndirilməsində hələ də arzuladığımız standarta çata bilməmişik. Qeyri-peşəkarlıq hallarının bir səbəbi də budur.
Bizdə yaxşı jurnalistlər redaksiyalarda yetişirlər, iş prosesində təkmilləşirlər. Onlar peşəkarlaşanda başqa sahələrdən, özəl şirkətlərdən, dövlət qurumlarından yüksək əmək haqqı ilə təklif alırlar və bu sahəni tərk edib, gedirlər. Bundan əlavə, jurnalist həmkarlarımızın öz üzərlərində daha çox işləmələrinə də ehtiyac var. Ümidvaram ki, qarşıdakı illərdə bu problemlər mərhələli şəkildə həllini tapacaq və Azərbaycan jurnalistikası daha da peşəkarlaşacaq.

- Mətbuatımızın peşəkarlığının artırılması istiqamətində atılan addımlardan biri də jurnalistika fakültəsinə qəbul olmaq istəyən abituriyentlərə qabiliyyət imtahanının tətbiq olunmasıdır. Bu addımı necə dəyərləndirirsiniz və məlum qərar hansı dəyişikliklərə gətirib çıxaracaq?

- Bu məsələ xeyli müddət idi ki, müzakirə olunurdu. Sonradan Mətbuat Şurası İdarə Heyətinin üzvləri cənab prezidentlə görüşdə bu məsələni qaldırdılar. Və yekun qərar o oldu ki, jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanları tətbiq olunsun. Təcrübə göstərirdi ki, qabiliyyət imtahanı olmayan dövrlərdə jurnalistika fakültəsinə, hüquq və digər ixtisaslara balı çatmayanlar düşürdülər. Yəni onlar jurnalistikanı məcburən seçirdilər. Çünki imtahandan yığdıqları ballar buna yetirdi. Nəticədə onlar təhsillərini başa vurduqdan sonra mətbuatda çalışmırdılar. Əlbəttə, kiminsə zorən jurnalist olması mümkün deyil. Bu sahəni, bu peşəni sevmək lazımdır. Özünü bu sahədə görməyən insan jurnalistikamıza müsbət töhfələr verə bilməz. Bu, inandırıcı görünmür. Bu nöqteyi-nəzərdən zənn edirəm ki, qabiliyyət imtahanının tətbiqi çox arzuolunandır. Amma hazırda məsələnin başqa bir tərəfi də ortaya çıxıb. Vəziyyət elə gətirib ki, jurnalistika fakültəsinə qəbul balı xeyli aşağı düşüb. Çünki qabiliyyət imtahanı tətbiq olunandan sonra bu sahəyə gələnlərin sayı azalıb. Amma bu azalmadan narahat deyiləm. Onsuz da əvvəllər jurnalistika fakültəsini 100 nəfər bitirirdisə, onlardan maksimum 10-15 nəfəri bu sahədə qalırdı. Bu reallıqlar fonunda hesab edirəm ki, qabiliyyət imtahanının tətbiqi çox uğurlu və proqressiv gedişdir. Bunun müsbət nəticələrini biz 4-5 ildən sonra görəcəyik.

- Qeyd etdiniz ki, ötən ilin avqustunda cəbhədə gərginlik yaşananda bəzi media quruluşlarının və ya jurnalistlərin qeyri-peşəkarlığı üzə çıxdı. Bu baxımdan bilmək istərdim ki, hazırda hərbi jurnalistikamızın durumunu qənaətbəxş saymaq olarmı?

- Əlbəttə, bu məsələ həm dövlət orqanlarını, həm də peşəkar media mənsublarını çox ciddi şəkildə narahat etdi. Buna dövlət səviyyəsində çox ciddi reaksiya verildi. Xatırlayırsınızsa, baş redaktorlarla bəzi dövlət qurumlarının rəhbərləri arasında görüşlər keçirildi, müzakirələr aparıldı və bunun nəticəsi olaraq xeyli addımlar atıldı. Qısa müddət ərzində bu sahədə xeyli irəliləyiş əldə olundu. Bu, göz qabağındadır. Hazırda mətbuatda milli təhlükəsizliyimizə zidd və ya dövlət sirri hesab olunan məlumatların yayılması hallarına demək olar ki, rast gəlmirik. Bu onunla bağlıdır ki, media orqanlarının rəhbərləri sözügedən məsələyə diqqətlə yanaşmağa başlayıblar. Həmin dövrdən sonra qanunvericilik bazasının təkmilləşdirilməsi yönündə də addımlar atıldı. Mətbuat Şurasının rəhbərliyi səviyyəsində redaksiyalarda görüşlər keçirildi. Redaktorlarla məsləhət xarakterli fikir mübadilələri aparıldı. Bu addımlar artıq öz nəticələrini verməkdədir. Bundan başqa, QHT səviyyəsində də bu yöndə iş aparıldı. Məsələn, dostlarımız Jurnalist Ekspert Mərkəzi "Diqqət, bizi düşmən mətbuatı izləyir” adı altında kampaniyaya başladı. Bu kampaniyanı reallaşdıranlar qəzet redaksiyalarında oldular. Rəhbərlik və jurnalist heyəti ilə görüşlər apardılar. Bu istiqamətdə çox böyük həcmli işlər görüldü. Ümid edirəm ki, cəbhə xəttində növbəti dəfə gərginlik yaşanarsa, keçən ilki qeyri-pərakəndəliyi və anarxiya meyillərini bu dəfə görməyəcəyik. Şübhəsiz ki, görülən işlər hərbi jurnalistika sahəsində ixtisaslaşmanı da artıracaq. Bu sahədən yazan konkret jurnalistləri tanımağa başlayacağıq.

- Mətbuatımızın eynəksiz görünən problemlərindən biri də ixtisaslaşmanın olmamasıdır. Sizcə, bu prosesin başlanmasını əngəlləyən nədir?

- Məncə, bu problem qismən də olsa həll edilib. Məsələn, mənə hansı qəzeti desəniz, orada sosial, siyasi və iqtisadi sahədən yazan jurnalistləri fərqləndirə bilərəm. Fikrimcə, ixtisaslaşma gedir. İndi biz bu ixtisaslaşmanı bir az dərinləşdirməliyik. Buna isə zaman lazımdır. Son zamanlar müşahidə edirəm ki, jurnalistikamızda bir qocalma gedir. Bu, bir tərəfdən yaxşıdır. Biz bu sahəyə gələndə jurnalistlərin böyük əksəriyyəti gənclər idi. Amma indi bu sahədə xeyli təcrübə qazanmış və jurnalistikanın incəliklərini bilən peşəkarlar ordusu var. Həmin peşəkarlar gənclərin formalaşması və ixtisaslaşmasına yardımçı olurlar. Bu, yaxşı haldır.

- Jurnalistikamızda müzakirə predmetinə çevrilən məsələlərdən biri də xarici dil bilən jurnalist ordusunun yetişməsidir. Bu nə dərəcədə real görünür?

- Real və praktik yanaşsaq, ilk növbədə mövcud imkanları göz önünə gətirməliyik. Yaxşı ideyalar ola bilər. Amma həmin ideyalar reallıqla uzlaşmalıdır. Ona görə də biz praktik addımlar atmalıyıq. Xüsusilə də son illər Azərbaycanda ingilis dili geniş yayılıb. Orta məktəblərdə hazırlıq prosesində ingilis dili xüsusi rol oynayır. O cümlədən jurnalistikaya meyillənənlər sırasında da ingilis dilini bilənlər çoxdur. Öz qəzetimizdə müşahidə edirəm ki, gələn gənclərin böyük bir qismi ən azından ingilis dilindən tərcümə etmək qabiliyyətinə malikdirlər. Lakin peşəkar ingilis dilini bilənlər üçün özəl şirkətlərdə iş imkanı yaranır və onlar jurnalistikanı atıb, gedirlər. Bir daha qeyd edirəm ki, ilk növbədə jurnalist əməyinin qiymətləndirilməsinə diqqət etməliyik. Bu problemləri həll etməsək, xarici dil bilən jurnalistləri bu sahədə saxlaya bilməyəcəyik.

- İlk Avropa Oyunları ölkəmizə həvalə ediləndən bəzi qaragüruhçu qüvvələr iddia edirdilər ki, Oyunlar zamanı jurnalistlərimiz ciddi nöqsanlara yol verəcəklər. İnformasiya savaşında əcnəbi media nümayəndələrinə uduzacaqlar. Sizcə, jurnalistlərimiz Oyunlardan üzüağ çıxa bildimi?

- Avropa Oyunları ölkə həyatının əsas hadisəsinə çevrilmişdi. Bunun əsas səbəbkarı da məncə, media idi. Həm yazılı, həm də elektron media Oyunlar başlamazdan 4 -5 ay əvvəl bu turnirə çox böyük diqqət ayırmağa başladılar. Həmin ərəfədə xaricdən ölkəmizə qarşı qarayaxma kampaniyasına başlanılmışdı. Mətbuatımız anında bu iddialara yetərli cavab verdi. İdman jurnalistlərimizin də fəaliyyəti alqışa layiq oldu, həmkarlarımız işlərini peşəkarlıqla gördülər. Açılış və bağlanış mərasimlərindən sonra mediamızda bu hadisəyə dair analitik yanaşmalar da yer aldı. Bir sözlə, mətbuatımız Avropa Oyunlarının əhəmiyyətini çox məzmunlu şəkildə ölkə və dünya ictimaiyyətinə çatdıra bildi.

- Sonda istərdim ki, dövlət başçısı İlham Əliyevin bu günlərdə MŞ İdarə Heyətinin üzvləri ilə görüşü və 200-ə yaxın jurnalistin orden, medallarla təltif olunmasına diqqət çəkək. Bu məsələni necə dəyərləndirirsiniz və belə addımlar mətbuatımıza nə vəd edir?

- Bunlar ümumilikdə ölkə başçısının mətbuata diqqətinin göstəricisidir. Bir neçə il öncə, belə bir rəy yaratmağa çalışırdılar ki, Azərbaycan dövləti ölkədə müstəqil medianın inkişafında maraqlı deyil. Müxalifət qəzetlərində yazılar gedirdi ki, hakimiyyət azad mətbuatı boğur. Xaricdən maliyyələşən QHT-lər də bu istiqamətdə rəy formalaşdırmağa çalışırdılar. Amma zamanla sübut olundu ki, bütün bunlar qarayaxmadan başqa bir şey deyil. Azərbaycan dövlətinin mətbuata çox böyük diqqəti və qayğısı var. Biz bunu həm cənab prezidentin şəxsində və həm də müxtəlif dövlət orqanlarının mediaya münasibətində görürük. Təltiflərin olması o deməkdir ki, ömrünü bu peşəyə həsr edənlərin zəhməti dövlətin diqqətindədir və qiymətləndirilir. Şəxsən prezidentin mütəmadi olaraq media kapitanları və ya MŞ İdarə Heyətinin üzvləri ilə görüşməsi dövlət başçısının mətbuata birbaşa diqqətinin aydın təzahürüdür. Bu, eyni zamanda, məmurlar üçün nümunədir. Belə görüşlər cəmiyyətdə jurnalistlərin imicinin artmasına səbəb olur. Eyni zamanda mətbuatın inkişafına təkan verir. Dövlətin mətbuata qayğısının əleyhinə çıxmaq absurddur.

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb