Qarabağa zorla ermənilər köçürülür

Seyran Səxavət: “Bütün bu təxribatlara son qoymaq üçün də göydə Allahın, yerdə isə milli Ordumuzun köməyi ilə Dağlıq Qarabağ və ətraf rayonları erməni işğalından azad eləməkdir”
Aqil Abbas: “Bizim bircə yolumuz var, savaş. Heç kəs bizim torpaqlarımızı azad edib, bizə verməyəcək”


Aydın Mirzəzadə: "Beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır. Onlara faktlar təqdim edilməlidir”

Ermənistan etnik ermənilərin Azərbaycanın işğal altında qalan torpaqlarında yerləşdirilməsi prosesini davam etdirir. Ölkədəki gərgin sosial şərait səbəbindən əhalinin Ermənistanı sürətlə tərk etməsinin qarşısını almaq üçün erməni siyasi rəhbərliyi "unikal” formalara əl atmaq niyyətindədir.

Yəni rəsmi İrəvan boşalan "DQR”-i xaricdə yaşayan ermənilər hesabına doldurmaq məqsədi güdür. Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başlandığı andan etibarən 13 mindən artıq suriyalı erməni Ermənistana gətirilib. Həmin ermənilərin böyük hissəsi də Ermənistan rəhbərliyi tərəfindən qanunsuz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarına yerləşdirilir. Hazırda 200-dən artıq Suriya ermənisinin ailəsi Qarabağa - ilk növbədə isə Laçın və Kəlbəcər rayonlarına köçürülür, onlara "Dağlıq Qarabağ Respublikası” adlı separatçı qurumun pasportları paylanır.

Qocaman yazıçı Seyran Səxavətin qənaətincə, gözləməyin heç bir mənası yoxdur. Azərbaycanın işğal altında qalan ərazilərində ermənilərin törətdikləri təxribatların, yol verdikləri qanunsuzluqların, vətəndaşlara pasport paylamalarının qarşısını almağın yeganə yolu torpaqlarımızın işğaldan azad olunmasından keçir: "Ermənilər hər gün işğal altında qalan torpaqlarımızda təxribatlar edir. Qarabağdakı terrorçu qruplaşmanın rəhbərliyi təxribat üzrə xüsusi "istedad”a sahib, böyük "sənətkar”lardır. Torpaqlarımızı işğal etdikdən sonra belə ermənilərin təxribatları dayanmadı. Onlar gah milli musiqi alətlərimizə, gah mahnılarımıza, gah da yeməklərimizə sahib çıxmaq istədilər. Bütün bu təxribatlara son qoymaq üçün də göydə Allahın, yerdə isə milli Ordumuzun köməyi ilə Dağlıq Qarabağ və ətraf rayonları erməni işğalından azad eləməkdir. Ancaq ondan sonra bütün bu təxribatlar avtomatik olaraq öz həllini tapacaq. Yəni xırda-xırda addımlarla, bəyanatlar, notalarla bu məsələni həll etmək olmaz. Çünki məsələnin kökü çox dərindir. Hələ 19-20 yaşım olanda Moskva telekanallarının birində izlədiyim verilişdə onlar qara zurna, balabanı erməni musiqi aləti kimi təqdim eləmişdilər. Hələ də bu niyyətlərini davam etdirirlər. Ermənilər nəfsi azalmayan, gözü onun-bunun torpağında, mahnısında, yeməyində olan xalqdır. Onların bu iddialarına qarşı bir-bir mübarizə aparmaq çox vaxtımızı aparar və heç bir effekt verməz. Bizim üçün prioritet Qarabağın azadlığıdır. Ondan sonra hər problem öz yolunu tapacaq”.

Millət vəkili Aqil Abbas isə hesab edir ki, Ermənistan bu məkrli siyasətini həyata keçirməmiş Azərbaycan öz torpaqlarını işğal altından azad etməlidir: "Ermənistan bizim torpaqlarımızı işğal edib. Təbii ki, torpaqların onlara məxsus olduğunu sübut etmək üçün erməniləri də ora köçürəcək, onlara qondarma Dağlıq Qarabağ Respublikasının pasportunu da verəcək. Ancaq ağlı olan Suriya ermənisi həmin ərazilərdə yurd salmaz. Çünki özgə atına minən tez düşür. Həmin torpaqlar bizimdir və gec-tez azad edəcəyik”.

A.Abbasın sözlərinə görə, gözləməyin, burdan ora şərh verməyimizin, narahat olmağımızın heç bir mənası yoxdur. Bizim bir amalımız var, o da ki, Dağlıq Qarabağı işğaldan azad etmək: "Bu məsələnin beynəlxalq aləmdə qaldırılması nəyi dəyişəcək ki? Beynəlxalq aləm var? Hanı? Hardadır onlar? Beynəlxalq aləm nə oyunlardan çıxır, görmürük?

Tutaq ki, Azərbaycan uzun-uzadı bəyanat hazırlayıb, sonra da beynəlxalq aləmə müraciət elədi. Nəsə dəyişəcək? Kiminsə buna inamı var? Şəxsən mənim yoxdur. Niyə də olmalıdır ki! BMT-nin 4 qətnaməsi dərhal yerinə yetirilməli idi. Görün, aradan nə qədər vaxt keçib. Belə şeylərə inanmaq, özgələrdən imdad diləmək bizə görə deyil. Bizim bircə yolumuz var, savaş. Heç kəs bizim torpaqlarımızı azad edib, bizə verməyəcək. Nə də separatçı Ermənistan öz razılığı ilə oradan çıxacaq. Əgər kimsə icazəsiz bizim həyətimizə soxulubsa, onu vurub çıxartmaq lazımdır. Çıx deyə, yalvarmaq yox!”.

Millət vəkili Aydın Mirzəzadə düşünür ki, ermənilərin bu çirkin niyyətinə son qoymaq üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalı, izahedici işlər aparılmalıdır. Ümumiyyətlə, bu istiqamətdə iş gedir: "Ermənistan onsuz da həmişə beynəlxalq hüquq normalarına etinasız yanaşan, onu saya almayan bir dövlət kimi tanınır. Dəfələrlə bu, müxtəlif faktlarla ifşa olunub və dünya da Ermənistanı belə tanıyır. Ancaq yenə də Ermənistan bu həyasız addımından əl çəkmir. Hesab edirəm ki, birinci növbədə bu məsələdə daim izahedici iş aparmalıdır. Beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır. Onlara faktlar təqdim edilməlidir. Həmçinin, beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalıdır. Əslində, bu istiqamətdə iş gedir. Proses dəfələrlə olub və daima davam etdirilməlidir. İkinci bir tərəfdən, ermənilərin qanunsuz olaraq işğal olunmuş torpaqlarımıza köçürülməsinə ən yaxşı cavablardan biri Azərbaycan dövlətçiliyinin gücləndirilməsi, onun nüfuzunun artması və bu mübarizədə Ermənistanın uduzmasıdır. Ermənistan ictimaiyyəti artıq bütün məsələlərdə faktiki olaraq, Azərbaycana uduzduğunun fərqinə varmaqdadır”.

Şəymən