“Türkiyə Suriya ərazisinə girmədən istəyinə nail olacaq”

Sülhəddin Əkbər: “AKP İŞİD və PKK-ya qarşı əməliyyatlarda səhvə yol verməsə, seçkilərdə uğur əldə edəcək”


"İŞİD demək olar ki, Azərbaycanın şimalında məskən salıb. Qruplaşmanın tərkibində yüzlərlə azərbaycanlı vuruşur. Azərbaycanın daxilində də minlərlə terrorçular, fanatlar istisna deyil”

Bir neçə gündür Türkiyə Silahlı Qüvvələri havadan və qurudan Suriyada İŞİD-ə, İraqın şimalında isə PKK silahlılarına qarşı hərbi əməliyyatlar keçirir. Terrorçuluqla mübarizə ilə bağlı Türkiyənin təxminən 20 şəhərində keçirilən əməliyyatlarda 1000-dən artıq adam tutulub. Bəzi saytlara giriş qadağan edilib. Əsasən kürd siyasətçilərin birləşdiyi və son parlament seçkilərində uğur qazanmış Xalqların Demokratik Partiyasının "sülh yürüşünə” icazə verilməyib. Həbs edilənlər arasında 50-60 nəfər xarici vətəndaşın olduğu da bildirilir. Bəzi ekspertlər Türkiyə hökumətinin terrora qarşı mübarizəyə çox gec başladığını iddia edirlər.

Onların fikrincə, hökumət ölkədaxili əməliyyatlara Suruç partlayışından daha əvvəl başlamalıydı. Çünki antiterror əməliyyatlarında min nəfərin saxlanılması onu göstərir ki, Türkiyədə İŞİD-in və PKK-nın çox sayda açıq və gizli tərəfdarları mövcuddur. Ona görə də həmin qruplar qarışıqlıq yaranmamışdan öncə zərərsizləşdirilməli idi. Azərbaycanlıların kompakt yaşadığı İqdır-Qars bölgəsində bir neçə yük maşınına od vurulmasını şərh edən politoloqlar Türkiyəyə qonşu olan Azərbaycanın da bu tipli terror hadisələrindən sığortalanmadığını iddia ediblər. Türkiyədəki proseslərin gedişatı və hadisələrin Azərbaycana sirayət etməsi ilə bağlı "Şərq”in suallarını cavablandıran Milli təhlükəsizlik nazirinin sabiq müavini, politoloq Sülhəddin Əkbər qardaş ölkə tərəfindən həyata keçirilən əməliyyatları dəstəklədiyini deyib...

- Sülhəddin bəy, Türkiyə hökuməti anti-terror əməliyyatlarına gec başlamaqda ittiham olunur. Sizcə, İŞİD və PKK ilə mübarizəyə həqiqətən çox gecmi start verilib, bu qərar daha əvvəl alına bilərdimi?

- Bir müddət əvvəl PKK ilə hökumət arasında barış müzakirələri başladı və bununla bağlı danışıqlar getdi. Hətta prosesdə ciddi irəliləmələr də müşahidə olundu. Amma çox təəssüflər olsun ki, PKK razılaşmaya, xüsusən də silah buraxaraq, Türkiyəni tərk etmə təklifinə ciddi yanaşmadı. Sadəcə kiçik bir terrorçu qrupun ölkəni tərk etməsindən sonra proses durduruldu və tam əksinə PKK yaranmış müvəqqəti atəşkəsdən həm siyasi, həm maddi, həm də hərbi cəhətdən daha da güclənməsi üçün istifadə etdi. Ölkə daxilində ciddi şəbəkələşdi və yenidən öz fəaliyyətini qurdu. İŞİD-ə gəldikdə isə, Türkiyə çalışırdı ki, bu terror təşkilatı ilə birbaşa konfliktə getməsin. Amma hadisələrin sonrakı inkişafı, İŞİD-in artıq Türkiyə sərhədinə qədər gəlib çıxması, Suruçda törədilən terror aktı və daha sonra türk hərbiçilərinin qətl edilməsi Türkiyənin səbrini daşdırdı. Türkiyə İŞİD siyasətini dəyişməyə məcbur oldu. Məsələ ondadır ki, Türkiyənin qərarı PKK-ya olan münasibətlə üst-üstə düşdü. Bilirsiz ki, PKK koalisiya hökumətinin tez qurulması ilə bağlı AKP-yə sərt şəkildə təzyiq göstərməyə başlamışdı. Yəni Türkiyədəki daxili siyasi vəziyyəti və arxa planda AKP-nin erkən seçkiyə hazırlıq siyasətini nəzərə alsaq, düşünürəm ki, belə bir qərarın məhz indi verilməsi aydınlaşır. Hesab edirəm ki, qərar gecikmiş də olsa, düzgündür. Xüsusən, İŞİD-ə qarşı mübarizədə ABŞ və digər koalisiya qüvvələri ilə razılığa gəlinməsini, Türkiyəyə məxsus İncirlik aviabazasının istifadəyə verilməsini və Suriya ərazisində "neytral bölgə” yaradılmasını müsbət dəyərləndirirəm. Bilirsiz ki, 121 ölkə və beynəlxalq təşkilatlar da Türkiyənin terrorla mübarizəsini dəstəkləyir. Təbii ki, bütün bunlar Türkiyəyə beynəlxalq legitimlik qazandırır.

- Türkiyənin hərbi əməliyyatlara başlamasını rəsmi Ankaranın Suriyada müharibəyə cəlb olunması kimi dəyərləndirirlər. Sizcə, Türkiyə bu addımı ilə Qərbin tələsinə düşdümü?

- Mən belə düşünmürəm. Diqqət yetirdinizsə, Türkiyənin İŞİD-ə qarşı mübarizəsinə Dəməşqdən hər hansı sərt açıqlama gəlmədi. Eyni zamanda Suriyanı müdafiə edən İran da Türkiyəni ittiham etmədi. Çünki Türkiyə bu əməliyyatlarla Suriyanın ərazi bütövlüyünü pozmur. Heç bir türk əsgəri Suriya torpağına ayaq basmayıb. Sadəcə həm Türkiyənin, həm də koalision qüvvələrinin hava dəstəyi ilə uzunluğu 110, eni 40 kilometr olan bir zolaqda İŞİD və PKK silahlılarına qarşı mübarizə aparılır. Türkiyənin məqsədi bu ərazidən İŞİD-in çıxarılması və onların yerinə Suriya Özgürlük Ordusunun yerləşdirilməsidir. Bu təşkilat Türkiyə ilə yaxın münasibət saxlayır. Türkmənlər də həmin qruplaşmada vuruşurlar. Bu, imkan verəcək ki, bir tərəfdən kürdlərin Suriyada, Türkiyənin bütün cənubunu əhatə edən bir zolaqda dövlət qurmasının qarşısı alınsın. Artıq ABŞ-la bu barədə razılıq əldə olunub. Digər tərəfdən türkmənlərlə Türkiyə dövləti arasında birbaşa bağlantı qurulur və gələcəkdə ola biləcək köçlərin qarşısı alınır. Türkiyə Suriya ərazisinə girmədən, beynəlxalq hüquq normalarını pozmadan, Rusiya, İran və Mərkəzi Suriya hökuməti ilə qarşıdurmaya getmədən öz istəyinə nail olacaq.

- İddia edilir ki, yaşanan son proseslər koalisiya müzakirələrinə son qoyacaq və AKP-nin yenidən təkbaşına iqtidara gəlməsinə şərait yaradacaq. Olaylar hakim partiyanın işinə yarayacaqmı?

- Əgər AKP başladığı siyasəti bundan sonra da belə davam etdirsə və ciddi səhvlərə yol verməsə, erkən seçkidə uğur əldə edəcək. Bu, birmənalıdır.

- Türkiyənin mübarizə apardığı terror təşkilatlarının Azərbaycanda fəallaşması mümkündürmü? Terrorçu qruplaşma üzvlərinin yaşadığı Azərbaycan terror hadisələrindən nə dərəcədə sığortalanıb?

- Adətən MTN-in standart cavabı odur ki, "biz bütün qruplaşmalara nəzarət edirik, ona görə də Azərbaycanda heç bir təhlükə gözlənilmir”. Amma təcrübə göstərir ki, hətta terrorla mübarizədə böyük praktikası olan, çox güclü xüsusi xidmət orqanlarına və hüquq-mühafizə xidmətinə malik dövlətlərdə belə terror hadisəsi baş verir. Yəni terrordan İsraildən tutmuş İngiltərəyə qədər, ABŞ-dan Rusiyaya qədər heç bir ölkə sığortalanmayıb. Azərbaycan kimi yeni və müharibə vəziyyətində yaşayan dövlət də terrordan uzaq deyil. Xüsusən, Azərbaycan ətrafında vəziyyətin gərginləşdiyi bir vaxtda prosesə ciddi yanaşmaq lazımdır. Bilirsiz ki, Şimali Qafqazda 15 minlik silahlı gücü olan müsəlman əmirlik İŞİD-ə qoşulub. Eyni zamanda İŞİD-in əsas liderlərindən biri olan azərbaycanlı Şişani də qruplaşmada mühüm yer tuturdu. Yəni İŞİD demək olar ki, Azərbaycanın şimalında məskən salıb. Qruplaşmanın tərkibində yüzlərlə azərbaycanlı vuruşur. Azərbaycanın daxilində də minlərlə terrorçular, fanatlar istisna deyil. Bu baxımdan İŞİD həm Azərbaycanın daxilində, həm də ətrafında yerləşmiş durumdadır. Sadəcə görünür ki, hələ İŞİD-ə Azərbaycanla bağlı komanda verilməyib. Əgər komanda verilərsə, Türkiyənin strateji müttəfiqi olan Azərbaycanda terror hadisələri törədilə bilər. PKK-ya gəldikdə isə, deyə bilərəm ki, Türkiyə ilə terror təşkilatı arasındakı mübarizə PKK-nın maliyyə xərclərini artıracaq. Bu baxımdan PKK-nın Azərbaycanda fəallığı arta bilər. Belə bir ehtimal mövcuddur. Ona görə də Azərbaycan xüsusi xidmət orqanları çox ayıq-sayıq olmalıdır. Çünki Azərbaycan keçən ildən başlayaraq, çox həssas bir dönəmə girib. Qarşıdakı illərdə bu həssaslıq daha da artacaq.

İsmayıl