Suallar çətin, vaxt isə az verilir

Müəllim olmaq istəyənlər imtahandan narazıdırlar



Müəllimlərin işə qəbuluna dair imtahanlarla bağlı narazılıqlar var. Müsabiqəyə qatılıb, zəif nəticə göstərənlər sualların çətinliyindən və vaxtın azlığından gileylənirlər. İddia edirlər ki, məntiq və kurrikulumla bağlı suallar daxil olmaqla 60 suala 90 dəqiqənin ayrılması yetərli deyil.

Onlar zamanın artırılmasını və sualların asanlaşdırılmasını tələb edirlər. Bildirirlər ki, kurrikulum və məntiq suallarının cavablandırılmasına çox vaxt sərf olunur. İddiaları dəyərləndirən Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət "Şərq”ə söyləyib ki, istənilən müsabiqədən sonra həmişə müəyyən fikirlər yaranır. Amma onları araşdıranda məlum olur ki, 99 faizi yanlışdır: "Burada iki faktora diqqət yetirmək lazımdır. Birincisi, həmin imtahanda iştirak edənlərin sırasında universiteti yenicə bitirənlər də var. Gəlin etiraf edək ki, onlar müəllim olmaq istəyirsə, dəqiqəyə diqqət yetirməli deyil. Çünki bir saat yarıma 60 sualı cavablandırmaq o qədər də çətin deyil. Kimsə ixtisasını, yeni təlim proqramı olan kurrikulumu yaxşı bilmirsə, buna imtahan keçirən təşkilat neyləsin. İxtisasını yaxşı mənimsəyən adam, imtahanda heç bir çətinlik çəkmir. İkinci tərəf odur ki, imtahana uzun müddət təhsil sahəsində uzaq qalanlar da qatılıb. Problem onlarda yaşana bilər. Mən özüm də bu məsələdə maraqlıyam. Həmin imtahanda iştirak edən tanışlarım var. Bildirirlər ki, suallar asan olur. Doğrudur, onlar da deyirdilər ki, məntiq sualları vaxtlarını alıb. Amma ona da kifayət qədər vaxt verilir. Yəni ixtisasla bağlı sualları tez
cavablandırılsa, məntiqi suallara yetərli vaxt qalır. Bir daha söyləyirəm ki, təhsildən müəyyən müddət uzaq düşənlər çətinlik çəkirlər. Onlar ixtisas və yeni təlim proqramına dair suallara çox vaxt ayırdıqları üçün məntiq suallarına vaxt çatdıra bilmirlər”.

Ekspertin sözlərinə görə, imtahanda uğur qazana bilməyənlər vaxtlarını bu cür məsələlərə deyil, öz bilik və bacarıqlarının təkmilləşməsinə sərf edib, boşluqlarını doldursalar, daha yaxşı olar: "Bu il yüksək bal toplaya bilmirlərsə, növbəti il mükəmməl hazırlaşıb, böyük nailiyyətlər əldə edə bilərlər. Sadəcə çalışmaq lazımdır. Həmin testlərə heç vaxt ixtisasdan kənar suallar salınmır. Kimsə ixtisasına aid sualı gec həll edirsə, bunun günahını vaxtda deyil, özündə axtarmalıdır”.

Ayyət Əhməd