Moskva Ermənistanda kəşfiyyat təlimlərinə başlayır

“Əslində bu dəsti-xətt artıq hamıya məlumdur. Rusiya hər vasitə ilə sanki sülh prosesinə mane olmağa çalışır”




Moskva ilk dəfə olaraq Ermənistanda ən böyük hərbi və kəşfiyyat təlimlərinə başlayır. İddialara görə, Kreml Cənubi Qafqaz ölkələrində hərbi cəhətdən möhkəmlənmək kursunu heç bir iqtisadi sanksiyaya məhəl qoymadan davam etdirir. Bu proses təkcə ilhaq edilən Krımda, Gürcüstanın işğal altındakı Abxaziya və Cənubi Osetiya bölgələrində, Dnestryanı ərazidə yox, həm də Ermənistanda, 102 saylı Gümrü hərbi bazasında intensiv şəkildə gedir.

Xəbərə görə, Rusiya bu ərazilərdə hərbi parkını ən müasir sistemlərlə təzələyir, canlı qüvvə və texnikanın sayını artırır, çağırış sistemindən muzdlu orduya keçir. Bir sıra ekspertlər hesab edirlər ki, bu gün Rusiya üçün əsas hədəflərdən biri Gürcüstan və Azərbaycandır. Onların fikrincə, Moskva üçün Cənubi Qafqaz dövlətlərinin müstəqilliyi qəbuledilməz olaraq qalır. Biri Avropa, digəri isə Asiya qapısı hesab olunan Azərbaycan və Gürcüstan coğrafi bölgə kimi Kreml üçün strateji önəm daşıyır. Rusiya beynəlxalq güclərlə mövqe mübarizəsində çox gerilədiyi üçün köhnə postsovet məkanında güclənməyə çalışır. Bunun yolunu isə işğalda və ölkələri biri-birinin üzərinə salmaqda görür. Deyilənə görə, artıq Qərb də bu proseslərdən xəbərdardır. Elə ona görə də son günlər münaqişə ətrafında xüsusi canfəşanlıq göstərir və tərəfləri xəbərdar edirlər.

İddialarla bağlı "Şərq”ə danışan tanınmış siyasi icmalçı Arzu Nağıyev deyib ki, Cənubi Qafqazla bağlı Kremlin müəyyən planları ola bilər, lakin bölgənin tamamilə zəbt edilməsi məsələsi inandırıcı deyil: "Diqqət edirsizsə, bu məlumatların yayılması məhz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prosesin başlandığı, həmsədrlərin regiona səfəri və prezidentlərin görüşü ərəfəsinə təsadüf edir. Əslində bu dəsti-xətt artıq hamıya məlumdur. Rusiya hər vasitə ilə sanki sülh prosesinə mane olmağa çalışır. Bunu son vaxtlar cəbhənin təmas xəttində və Ermənistanla həmsərhəd rayonlarda da müşahidə edirik. Məsələ burasındadır ki, Qərbin danışıqlarda təşəbbüsü əlinə almaq cəhdi Rusiyanı əməlli-başlı qıcıqlandırır. Hegemonluq siyasətini özünə şüar seçən Moskva vassalı Ermənistan vasitəsilə təzyiqləri artırır və təhlükə bəhanəsi ilə hərbi manevrlər edir”. Politoloqun sözlərinə görə, Rusiyanın manevrləri mövqelərini möhkəmləndirmək kimi də qiymətləndirilə bilər: "Düzdür, Azərbaycan strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Lakin əsas məqsəd Rusiyanın Türkiyə ilə, daha doğrusu, NATO ilə həmsərhəd olmasıdır. Rusiyanın təlimləri bununla bağlı ola bilər. Eyni zamanda Gürcüstan faktoru da hələ öz aktuallığını itirməyib. Qarışıq qoşunlar məsələsinin də ortaya atılması bir qorxu, xaos yaratmaq məqsədi güdür. Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsinin adlarının hallandırılması məhz buna xidmət edir”.

İsmayıl