Müxalifət elektoratını itirib

“Milli Şuranın seçkiləri boykot çağırışı mənasızdır”



Azərbaycanda baş tutacaq növbəti parlament seçkilərinə 3 aydan da az vaxt qalıb. Artıq bəzi siyasi təşkilatlar marafona qatılacaq namizədlərinin siyahısını hazırlayaraq adlarını açıqlayıb. Demək olar ki, indidən öz təbliğat-təşviqat işlərinə başlayıblar. Buna rəğmən Demokratik Qüvvələrin Milli Şurası (MŞ) seçkini boykot etməyi düşünür. Hətta mətbuata açıqlamalarında müxalif düşərgəyə bu yöndə çağırışlar edirlər.

Şübhəsiz ki, ictimaiyyət nümayəndələri və ya siyasilər MŞ-nin addımını dəstəkləmir. Onlar iddia edirlər ki, sözügedən qurum qarşısına boykotu deyil, seçkiyə qatılıb, qələbə qazanmağı məqsəd qoymalıdır. Bu məsələləri nəzərə alıb, MŞ-nin çağırışına dair Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun münasibətini öyrəndik. O, "Şərq”ə açıqlamasında söylədi ki, seçkilərin boykotu yanlış yoldur. Çünki ölkədə seçkidən başqa ikinci bir çıxış yoxdur: "Hazırda müxalifət elektoratını itirib. Çox təhlükəli proses yaranıb. 20-30 ildir ki, Azərbaycanda müxalifət var. Dünya dəyişir, bölgəmizdə müxtəlif proseslər meydana çıxır. Buna baxmayaraq Azərbaycan müxalifətinin 1988-ci ildə qəbul etdiyi metod dəyişmir. Sanki onlar bu dünyada yaşamırlar. Dünyanın şərtləri bunlar üçün maraqlı deyil. Öz bildikləri ilə, dədə-baba qaydası ilə davranırlar”.

Təşkilat sədrinin fikrincə, indiki halda Yaxın Şərqdə yaşanan hadisələrin ölkəmizə sıçramasının qarşısının alınması Azərbaycanda siyasi müxalifətin maraqlarının önündə durmalıdır: "Kimki özünə istiqlalçı deyir, kimki özünü demokratik və ölkə müstəqilliyinin tərəfdarı sayır, bu istiqamətdə işlər görməlidirlər. Bir nömrəli məsələ budur. Bu isə onu tələb edir ki, ölkəmizdə bütün proseslər demokratik müstəvidə getməlidir. Bir şeyi başa düşməliyik ki, Azərbaycanda nəyisə dəyişmək üçün addım atmaq istəyiriksə, demokratiyanın bütün imkanlarından istifadə etməliyik”.

Müsahibimiz bəyan edib ki, MŞ iqtidarla dialoqu rədd etdi. Halbuki xaricilərlə görüşdə özlərini dialoq tərəfdarı kimi göstərirlər: "Axı demokratiyanı bir seçki ilə məhdudlaşdırmaq olmaz. Ona daha geniş prizmadan yanaşmaq lazımdır. Bunun bir deyil, yüz proseduru mövcuddur. O prosedurlardan istifadə edib, nəyəsə nail olmaq olar. Bu baxımdan seçkilərin boykot edilməsini düzgün saymıram”.

S.Cəlaloğlu onu da diqqətə çatdırıb ki, ölkəmizdə seçkilərin boykot edilməsi qanuna ziddir: "Çünki "Siyasi partiyalar haqqında” qanuna əlavə edilib ki, seçkilərin keçirilməsinə mane olmaq yolverilməz hərəkətdir. MŞ də bu qanunu poza bilməz. Onlar nəticəsindən asılı olmayaraq seçki prosesinə qatılmalıdırlar. Demokratiya fərdi qaydada deyil, bu tarixin axınında nəsə etməkdir”.

Ayyət Əhməd