Ziya Məmmədovun adamları rüşvət yığır

Nazirin qoluzorlu adamları minik avtomobillərini qanunsuz cərimə meydançasına aparıb, pul tələb edir



"Bu, birbaşa qanuna tüpürməkdir. Bu dərəcədə azğınlaşmaq da olmaz axı! Mütləq nazirliyin əməkdaşlarına qarşı ciddi tədbirlər görülməlidir”

Günü-gündən "fəaliyyət sahələrini genişləndirən” Nəqliyyat Departamenti əməkdaşlarının dillərə "dastan” qoçuluğu öz axarındaca davam edir.
Sözün əsl mənasında qoçuluq edən müfəttişlər harda gəldi, kimi gəldi, döyürlər, söyürlər, avtomobilin açarlarını götürürlər, bəzən avtomobillərin hətta nömrə nişanlarını da söküb çıxarırlar. Artıq bu müfəttişlər heç bir hədd-hüdud tanımadan insanların vaxtını alır, onları maddi və mənəvi ziyana salırlar.

Bu "qoçu”lar dəfələrlə qanuni taksi fəaliyyəti göstərən insanları belə incidib, ölüm həddinə çatana kimi döyüblər. Aidiyyəti qurum isə bircə dəfə belə olsun səsini çıxarıb, öz "qoçu”larına "gözün üstündə qaşın var” deməyib.

Qeyd edək ki, bu günə qədər bir çox qanunsuz hərəkətlərə imza atan nəqliyyat müfəttişlərinin budəfəki "qəhrəman”lığı içində azyaşlı uşaq olan avtomobili cərimə meydançasına çəkməsidir. Redaksiyamıza müraciət edən sürücü deyib ki, azyaşlı uşağı ilə rayondan Bakıya gəlib. Bakının "Şamaxinka” adlanan ərazisində, "baqaj”ında müxtəlif usta alətləri və pal-paltar olan maşınını saxlayıb. Azyaşlı uşaq maşında qalıb, atası gedib aptekə. Gəldiyində görüb ki, Nəqliyyat Departamentinin "qoçuları” avtomobili sürüb aparıblar cərimə meydançasına. Uşaq da maşının içində, qorxudan cərimə meydançasına kimi ağlamaqdan bağrı çatlayıb. Əsas da bunu gətiriblər ki, sən taksi fəaliyyəti ilə məşğulsan. Sürücü isə onlara başa sala bilməyib ki, 5 oturacağı olan avtomobilin, arxa oturacaqlarında rayondan gətirdiyi usta alətləri və pal-paltar, qabaq oturacaqda isə uşaq əyləşib. Belə halda taksi fəaliyyəti necə göstərə bilərəm. Xeyri olmayıb. İndi deyirlər ki, maşını cərimə meydançasından azad etmək üçün 150 manat ödəməlisiz.

Nəqliyyat müfəttişlərinin bu addımının çox ciddi özbaşınalıq və kobud qanun pozuntusu olduğunu deyən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, Nəqliyyat Departamenti əməkdaşlarının heç bir halda yol kənarında dayanan avtomobili cərimə meydançasına çəkmək səlahiyyəti yoxdur: "Bu, birbaşa qanuna tüpürməkdir. Bu dərəcədə azğınlaşmaq da olmaz axı! Mütləq nazirliyin əməkdaşlarına qarşı ciddi tədbirlər görülməlidir. Onların nəinki 5 dəqiqəlik yol kənarında dayanan avtomobili, hətta lisenziyası olmayan, vergi ödəməyən, açıq-aşkar qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücüyə məxsus avtomobili belə mühafizə olunan duracağa aparmaq ixtiyarı yoxdur. Qanunu pozub, zəhmət çək, cəriməsini yaz! Sən hansı haqla sahibi yanında olmayan avtomobili cərimə meydançasına evakuasiya edirsən. Həm də içərisində 5 yaşlı körpə uşaq ola-ola... Onu da deyim ki, içərisində azyaşlı uşaq olan avtomobilin cərimə meydançasına aparılması birbaşa cinayət məsuliyyətidir. Bu fakt konstatasiya edilərək, prokurorluğa təqdim edilməlidir. Faktiki olaraq, 5 yaşlı uşaq nəqliyyat "qoçu”ları tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum edilib”.

Nəqliyyat müfəttişlərinin özbaşınalığına qarşı ciddi tədbirlərin görülməməsinə toxunan ekspert deyib ki, onların hər birinin öz himayəçiləri var. Həmin havadarlar da özbaşınalıq edən nəqliyyat müfəttişinin məsuliyyətdən yayınmasını təmin edir: "Onların törətdikləri özbaşınalığın qarşısının alınma mexanizmi yoxdur. Əgər məsələ normal şəkildə araşdırılsa, həmin müfəttişlər barmaqlıqlar arasına keçirdilməlidirlər. Qanunu pozan vətəndaşlara qarşı qanuni tədbirlər görülməlidir. Amma bunlar sürücüləri haqsız yerə qanun pozuntusunda ittiham etdikləri azmış kimi qanunsuz olaraq, onların nömrələrini açır, sənədlərinə əl qoyurlar. Qanun pozuntusunun qarşısı qanunauyğun şəkildə alınmalıdır, dərəbəyliklə yox”.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə deyib ki, bu hadisə nəqliyyat müfəttişlərinin sürücülərə qarşı ilk özbaşınalığı deyil: "Çox təəssüf ki, biz tez-tez onların bu cür qanunsuz əməllərinin şahidi oluruq. Demək olar ki, onlar davamlı olaraq, öz səlahiyyətlərini aşırlar. Hətta səlahiyyət hədlərini aşmaqları bir yana, bəzi hallarda sürücülərə müxtəlif bədən xəsarətləri yetirir, onları təhqir edirlər. Ən pisi də odur ki, bu cür qanunsuzluqlar Nəqliyyat Nazirliyində çalışan bəzi səlahiyyətli şəxslərin müfəttişlərə göstərişi əsasında həyata keçirilir. Göstəriş də ondan ibarətdir ki, müfəttişlər qeyri-qanuni vəsait toplayaraq öz rəhbərliyinə hər axşam müəyyən məbləğdə vəsait gətirməlidir. Tələb olunan məbləği vaxtında çatdırmaq üçün də müfəttişlər gün ərzində "müştəri” ovuna çıxırlar. Müxtəlif qanun pozuntularına yol verən sürücülərdən topladıqları vəsait yetərli olmadıqda isə onlar da digər sürücüləri şərləməklə haqq alıb, pulun üstünü düzəldirlər. Nəticədə isə vətəndaşlar zərər çəkir, ictimai rəydə dövlət orqanlarına etimad azalır, məmur özbaşınalığının yeni-yeni nümunələri ilə rastlaşırıq. Onu da deyim ki, heç bir halda bu "qoçu”lara qarşı qanuni tələblərin həyata keçirilməsi mümkün olmur. Sanki bu ölkənin qayda-qanunları nəqliyyat sektorunda çalışan insanlara aid deyil. Onların öz qanunsuz qanunları var. Aidiyyəti qurum rəhbərliyi də bunu bildiyi halda öz əməkdaşlarına qarşı heç bir cəza tədbirləri görmür”.

Ə.Nuriyev də hesab edir ki, avtomobili qanunsuz olaraq cərimə meydançasına aparılan vətəndaşlar dərhal prokurorluğa müraciət etməli və həmin şəxslərin cəzalandırılmasını tələb etməlidirlər: "Nəqliyyat müfəttişləri heç bir halda sübut edə bilməzlər ki, həmin sürücü qanunsuz taksi fəaliyyəti ilə məşğul olub. Onun 5 dəqiqəlik avtomobilindən düşüb, öz işinin arxasınca getməsi normal qəbul edilməlidir. Məhkəməyə müraciət edildiyi halda vəzifədən sui-istifadə etmək və içərisində azyaşlı uşaq olan avtomobili qanunsuz olaraq cərimə meydançasına aparmaqla bağlı məsələ araşdırılmalıdır. Həmçinin prokurorluq tərəfindən həmin sektorda baş verən qanunsuzluqlarla bağlı onlara təqdimat göndərilməlidir ki, qarşısının alınması üçün real tədbirlər görülsün”. Ə.Nuriyevin sözlərinə görə, araşdırmalar zamanı nəqliyyat müfəttişlərinin taksi sürücülərindən tələb etdiyi qeyri-qanuni yığımlar məsələsinə də baxılmalıdır.

Şəymən