Dayanın: Qəbul ola bilməyən məzunların ailə imtahanı daha dəhşətli olur

Başqa cəmiyyətlərdə gənclər düşünmür ki, institut yoxdursa, intihar etməliyəm




Son iki gündə iki gənc "imtahan intiharı”nın qurbanı olub. Gənclərin hər ikisi abituriyent olub və onlar qəbul imtahanında istədiyi balı yığa bilmədiyi üçün özlərinə qəsd ediblər. Təəssüflə qeyd etməliyik ki, imtahanda zəif nəticə göstərən abituriyentlərin intihara əl atmasının ilk dəfə şahidi olmuruq və qabaqlayıcı tədbirlər görülməsə, son da olmayacaq. Əslində, ilk baxışdan imtahan nəticələrinə görə, bir gəncin həyatdan əlini üzməsi və özünü öldürməsi inandırıcı görünməyə bilər. Amma gündəlik yaşamımızda dəfələrlə şahidi olmuşuq ki, azərbaycanlı ailələr imtahan məsələsində övladlarını aşırı psixoloji təzyiq altında saxlayır. Uşaqlar da öz-özlüyündə affekt vəziyyətə düşür və zənn edirlər ki, universitetdən kəsilmək artıq həyatın sonudur. Halbuki valideynlərin missiyası bu yanaşmanın yanlış olduğunu, qos-qocaman həyatın sadəcə bir ali məktəb imtahanından ibarət olmadığını öz övladlarına aşılamaqdan ibarətdir. Valideyn imtahandan kəsiləcəyi təqdirdə onu övladlıqdan rədd eləməklə təhdid etmək əvəzinə, sadəcə abituriyentlərə daha çox çalışmaq və imtahanı qazanmağın gərəkli olduğunu izah etməli, onları həvəsləndirməklə özlərinə inam yaratmalıdır. Onsuz da başdan-ayağa imtahan stressində olan abituriyentlərə psixoloji təsir etmək "yanğına körüklə getmək”dən başqa bir şey deyil. Bu isə ancaq acı nəticələrlə tarixdə iz salır. Gözümüzün önündəcə, heç nədən gəncliyimiz ipdən asılı qalır...
Qeyd edək ki, intihar edən gənclərdən biri Kürdəmir rayonunun Pirili kəndində yaşayan 1997-ci il təvəllüdlü Qəhrəmanova Bikəxanım, digəri isə Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Ruhin Bədəlovdur. Hər iki abituriyent yaşadığı evdə özünü asaraq intihar edib.

Sonra da sual verirlər ki, nevrozlar niyə artır? Təbii ki, artacaq

Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, gənclərin bir çoxu imtahan öncəsi həyəcan, zəif nəticə göstərdikdən sonra isə sarsıntı yaşamadıqları halda, əsasən valideynləri, qohumları onu təlaşa salırlar: "Təsəvvür edin ki, uşaq səhər saat 8-dən müəllim yanına gedib, gecə saat 10-12-yə qədər dərslə məşğul olur. Uşaqdan soruşanda ki, niyə bu dərəcədə instituta daxil olmaq istəyirsən, deyir ki, valideynlərim istəyir. O, müəllimlərin, valideynlərin, qohumların qarşısında məsuliyyət hiss edir. Sonra isə uşaq intihar edəndə və ya hər hansı bir psixoloji problemlər ortaya çıxdığında peşman olurlar”.
Psixoloq hesab edir ki, məhz bu cür yanlış davranışlara görə ölkədə nevroz xəstəliyindən əziyyət çəkənlərin sayı ildən-ilə çoxalır: "Hamı elə düşünür ki, məzun instituta qəbul oldu və bununla da stress də yoxa çıxır. Əslində bu tam əksinədir. 20-30 il keçdikdən sonra əsəb xəstəliklərindən əziyyət çəkənlərlə bağlı biz çox ciddi rəqəmlər alacağıq. Sonra da sual verirlər ki, nevrozlar niyə artır? Təbii ki, artacaq”.

İlbəil məzunların sayı və ya keçiriləcək qəbul imtahanları ilə bağlı məqamlar dəyişsə də, təəssüf ki, bir çox valideynlərin imtahanqabağı uşaqlara münasibəti dəyişmir. Psixoloq valideynlərə uşaqlarına təzyiq etməməyi tövsiyə edib: "Bəzən elə hallar da olur ki, uşağı universitetə qəbul olmayanda valideynlər qohumlar arasında biabır olduqlarını deyirlər. Niyə biabır olmusan? Rüşvətmi almısan, adammı öldürmüsən? Bu heç düzgün yanaşma deyil. Elə olub ki, uşaq hazırlıqlarında yaxşı nəticələr göstərsə də, sınaq imtahanlarında həyəcandan aşağı nəticələr toplayıb. Buna görə anası onunla bir həftə danışmayıb”.

Ali məktəbə qəbul olmamaq faciə sayılır

Sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, indiyə qədər iqtisadi və siyasi sahələrə o qədər diqqət ayırmışıq ki, milli-mənəvi məsələlər nəzərdən qaçıb: "Bu səbəbdən ortaya çoxlu problemlər çıxıb. Ailədaxili zorakılıq və qətllər yüksələn statistika ilə gedir. Bu gərgin mühitdə böyüyən uşaq təbii ki, normal psixologiyaya malik olmayacaq. Azərbaycan cəmiyyətində ali məktəbə qəbulun "prestiji” böyükdür. Gənclər gələcəklərinin xilasını yalnız ali məktəbə qəbulda görürlər. Amma başqa cəmiyyətlərdə gənclər düşünmür ki, institut yoxdursa, intihar etməliyəm. O gənclər ali məktəbə qəbul ola bilməyəndə peşə öyrənirlər, gələcəyini bu cür qururlar. Burda həm psixoloji, həm də sosioloji faktorlar böyük rol oynayır. Sosial faktorlar odur ki, hazırda cəmiyyətimizdə hökm sürən xaotik durum gənclərə mənfi təsir edir. Gənclər öz gələcəklərini aydın təsəvvür edə bilmirlər. Valideynin "ali məktəbə daxil olmalısan” tələbi isə hər uşağa bir cür təsir edir. Psixoloji durumunda problem olan gənc bunu intiharla nəticələndirir. Yenə hamısı gəlib mənim dəfələrlə qeyd etdiyim problemə dirənir. Bu problem cəmiyyətin mənəvi dəyərlərə diqqətinin az olmasıdır. Təkcə yeniyetmələrin imtahan stressi ilə etdikləri intiharlar yox, ailədaxili qətllər də bu problemin getdikcə qabardığını sübut edir”.

Ata-ana övladına "məktəbə girməsən, evə gəlmə” yerinə...

Digər psixoloq Ülkər Sadıqovanın sözlərinə görə, uşaqlar intihar addımını qeyri-ixtiyari də ata bilər, bilərəkdən də. Belə ki, onlar imtahanda keçirdikləri stressdən yaxa qurtarmaqda çətinlik çəkirlər: "Valideynlərin yeniyetmə üzərindəki basqısı ən çox bu ərəfədə özünü büruzə verir. Elə valideyn var ki, övladının ali məktəbə daxil ola bilməməsini fəlakət kimi qarşılayır və bunu övladının yanında dilinə gətirir. Yeniyetmə də ali məktəbə girmək məcburiyyətində hiss edir özünü. Əksi baş verəndə də psixologiyası davam gətirə bilmir və son çarə intihar olur”.
Psixoloq bildirib ki, son aylarda imtahan stressi yaşayan yeniyetmələr və valideynlərlə çox işləyib: "Valideynləri başa salırıq ki, uşaq bu situasiyada gərgin hiss edir özünü, ona dəstək olmağın yolları barədə danışırıq. Yeniyetmə bizim köməyimizlə bir az stressdən uzaqlaşır, amma valideyn dəstəyi vacibdir. Ata-ana övladına, "ali məktəb də vacibdir, amma səndən daha dəyərli deyil” deməlidir. Yeniyetmə özünü məcburiyyət qarşısında hiss eləməməlidir, o istəyərək, bilərək, könüllü təhsil almalıdır. Çox valideyn övladının savad səviyyəsini düşünmür, elə "ali məktəbə girməlisən, vəssalam!” deyib durur. Başa düşmür ki, hər abituriyent öz biliyi sayəsində qarşılıq alır”.

Şəymən