Geriyə yol yoxdur: Ermənistan inqilabın astanasındadır





Son aylar Ermənistandakı gərgin ictimai-siyasi və sosial-iqtisadi vəziyyət bu ölkədə ciddi daxili təlatümlərə səbəb olub. Ölkədə prezident Serj Sarkisyanın yarıtmaz siyasi fəaliyyəti ilə bağlı
olan elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı baş qaldıran etiraz dalğası səngimək bilmir. Hətta ötən günlərdə də paytaxt İrəvanda etirazçılar yeni hərəkata başlayıb. Aksiya iştirakçıları konstitusiya islahatlarına qarşı mübarizəyə başlamaq niyyətindədir.

"Dur, Ermənistan” vətəndaş hərəkatı İrəvanın mərkəzində Azadlıq meydanında elektrik enerjisinin bahalaşmasına qarşı 72 saatlıq oturaq piket keçirib. Nümayişçilərə yaxınlaşan İrəvan polis rəisinin müavini Valeri Osipyan fəallar Andrias Qukasyan və David Sanasaryana Azadlıq meydanının başqa sahəsində nümayişə başlamağı təklif edib: "Sizin nümayişinizə icazə verilməyib. Ona görə də aksiya keçirmənizə imkan verməyəcəyik”. Polis nümayişçilərə düşünmək və yerini dəyişmək üçün vaxt verib. Bu barədə vətəndaş hərəkatı fəallarının sosial şəbəkələrdə yayılmış xəbərində deyilir: "27 iyunda S.Sarkisyanın çıxışından sonra bir ay keçdi, ancaq elektrik enerjisinə tarifin artımı haqqında məsələyə indiyə qədər aydınlıq gəlməyib”.

Böhran dağıdıcı mərhələyə qədəm qoyub

İşğalçı ölkədəki gərginliyi "Şərq”ə şərh edən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirlinin qənaətincə, Ermənistan dövləti iki sistemli böhran yaşayır: "Bu ölkədə baş verən son hadisələr, yəni elektrik enerjisi tariflərinin qalxması ölkə əhalisinin, xüsusilə gənclərin məlum reaksiyası onu göstərdi ki, əslində məlum böhran özünün yeni dağıdıcı mərhələsinə daxil olmaqdadır. Təbii ki, bu vəziyyətdə Ermənistan prezidenti Serj Sarkisyan problemlərdən çıxış yolları axtarır. Bütün bunlar göstərir ki, hadisələr 3 ssenari üzrə davam edir. Birinci ssenari ondan ibarətdir ki, Sarkisyan əlində olan xüsusi mühafizə orqanlarını, polis, güc strukturlarını nümayişlərin əleyhinə yönəldir. Ümumiyyətlə, Sarkisyanın hakimiyyətdən getməsi tələbi ilə daha çox eşidilməkdədir. İkinci ssenari odur ki, hakimiyyət gənclərin etiraz mitinqləri qarşısından geri çəkilir və onların güzəştlərini yerinə yetirməyə başlayıb. Artıq bu ikinci versiyanın elementləri tam da olmasa, müəyyən mənada Sarkisyanın həmin qəbul olunmuş qərarın dayandırılması ilə bağlı yanaşmasını göstərir. Əslində o öz mahiyyətini dəyişməyib. Sarkisyanın proseslərdən geri çəkilməsi də lazımi effekti verməyib, əksinə, etirazçıları daha da ruhlandırıb. Üçüncü variant S.Sarkisyanın hər zaman istifadə etdiyi üsuldur. İşğalçı ölkənin prezidenti daxili auditoriyanın etirazlarını neytrallaşdırmaq, daxili ictimai-siyasi gərginliyi zəiflətmək üçün diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə çalışır. Danılmaz faktdır ki, onlar bu versiyadan hər zaman istifadə ediblər”.

Bu ölkədə sosial durum dözülməzdir

"Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlunin fikrincə, Ermənistanda belə böyük hadisənin baş verəcəyi ehtimal edilirdi: "Çünki Ermənistan iqtisadiyyatı və ölkədəki sosial vəziyyət bərbad gündədir. Bu ölkə iqtisadi islahatlar keçirmək üçün heç bir resursa malik deyil. Əgər elektrik enerjisinin qiyməti artırılmasaydı, yenə də ermənilər başqa səbəblərə görə küçələrə axışacaqdılar. Ermənilərin vəziyyəti çox pisdir. Bütün bunlar Ermənistan hakimiyyətinin yürütdüyü siyasətin nəticəsidir. Hətta baş verən son hadisələr birbaşa Ermənistanın işğalçılıq siyasəti ilə də əlaqədardır. Ermənilər bu siyasətlərindən əl çəkəcəkləri təqdirdə Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşacaqdı. Ermənistan regional layihələrdə iştirak edəcəkdi. Gürcüstanın bu layihələr hesabına əldə etdiyi vəsaiti Ermənistan qazana bilərdi. Lakin hələ də Ermənistan dövləti işğalçı siyasətindən əl çəkmək fikrində deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan dövləti bu siyasətdən əl çəkməyənə qədər regional layihələrdə iştirak etməyəcək. Həmçinin Ermənistan bütün fabrik və zavodlarını ucuz qiymətə Rusiya şirkətlərinə satıb. Üstəgəl, rus şirkətləri də həmin zavod və fabrikləri işlətmək marağında deyillər. Elektrik enerjisi də Rusiya şirkətinin əlindədir. Qiymət artımı da həmin şirkətin qərarı ilə həyata keçirilib. Hazırda bu qərar bir müddət ərzində dondurulub. Ermənistan prezidenti mitinqlərindən çəkindiyi üçün belə bir qərar vermək məcburiyyətində olub. Lakin insanlar evlərinə getsələr belə, sabah yeni bir sosial gərginliyin yaranacağı istisna deyil”.

İrəvan "Maydan”a çevrilə bilər

Ekspert bəyan edib ki, S.Sarkisyanın vəziyyəti çox ağırdır. Çünki hazırda insanların bir qismi meydanı tərk etsə də, bir çoxu mitinqi davam etdirməkdə israrlıdırlar: "Sarkisyan mitinqi güc vasitəsi ilə dağıda bilər. Aksiya dağıdılmadığı təqdirdə, bura daha çox insan toplaşacaq və bunun qarşısını gələcəkdə almaq mümkün olmayacaq. Hətta bu aksiyalar ikinci "Maydan”a da çevrilə bilər. Bunun qarşısını almaq üçün, Sarkisyan polisin gücündən istifadə etməyi düşünür. Lakin bu variant da çox təhlükəlidir. Çünki Sarkisyan hakimiyyətə qan üstündə gəlib. Yeni iğtişaşlar Ermənistan prezidentinin vaxtından əvvəl hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Belə bir ağır vəziyyətdə Ermənistan prezidentinin yeganə dayaq nöqtəsi Rusiyadır. Rusiya Ermənistana silah almaq üçün 200 milyon dəyərində kredit ayırıb. Həmçinin Rusiya şirkəti də elektrik enerjisində guya güzəştə getdi. Şirkət qiymət artımını yalnız bir neçə aylığa dondurub. Yəni həmin şirkət elektrik enerjisinin tarifində heç bir dəyişiklik etməyib. Elektrik enerjisinin bahalaşması ermənilərin yeganə problemi deyil. Ermənistanda həyatın bütün sahələrində vəziyyət gərgindir. Bir neçə gündən sonra başqa problem də gündəmə gələ bilər. Amma bu tələbləri yerinə yetirmək imkanı yoxdur. Çünki ermənilərin xaricdən gəlirləri də çox azalıb. Təkcə Rusiyada yaşayan ermənilər deyil, başqa ölkələrdə yaşayan ermənilər də, ölkələrinə daha az pul göndərirlər. Həmçinin iqtisadi böhranda olan Rusiya da Ermənistana sosial sahədə kreditlərin ayrılmasını dayandırıb”.

Sarkisyan devriləcək

E.Şahinoğlu ehtimal edir ki, Sarkisyan prezidentlik müddətini başa vura bilməyəcək: "Bütün bunlar Ermənistan prezidentinin varis tapmasını da çətinləşdirəcək. Hazırda eks-prezident Robert Köçəryan prosesləri diqqətlə izləyir. Hazırkı prezident Ermənistanı uçuruma yuvarlayıb. Sarkisyanın hakimiyyəti dövründə bütün sahələrdə geriləmələr baş verib. Hətta Sarkisyanı hakimiyyətə gətirən Köçəryan da onu tənqid etməyə başlayıb. Xalq hərəkatı gücləndiyi təqdirdə, müxalifət partiyaları da bu mitinqlərə qoşula və inqilab ola bilər”.

Ayyət Əhməd