Medianın reklam problemi...

Məsələ kifayət qədər aktualdır, baş redaktorlar çıxış yolu göstərir



Azərbaycan mətbuatının ən ciddi problemlərindən biri də reklam bazarıdır. Bu problem dəfələrlə media ekspertləri, qəzet rəhbərləri, hətta hakimiyyət təmsilçiləri tərəfindən gündəmə gətirilib. Məsələnin həllinə nail olmaq üçün indiyə qədər bir çox versiyalar səsləndirilib. Hətta səslənən təkliflər arasında mətbuat və elan qurumunun yaradılması da yer alıb.

Ancaq vaxtaşırı irəli sürülən variantlar, edilən təkliflər medianın reklam vasitəsilə gəlir əldə etmək problemini həll etməyib. Fakt budur ki, ölkə mediasında reklam bazarının durumu media kapitanlarını qətiyyən qane etmir. Bir çox dünya ölkələrində reklam şirkətləri qəzetlərlə yaxından əməkdaşlıq etsələr də, Azərbaycanda bu iş olduqca zəif qurulub. Ölkəmizdə media-reklam bazarı daha çox elektron və internet medianın xeyrinə işləyir. Çap məhsullarına isə reklam agentlikləri arasında maraq azdır. Hazırda qəzetlər reklam bazarında elektron və internet mediasına uduzur. Eyni zamanda televiziya və radio kanallarının reklam həcmi artsa da, yazılı mətbuat reklamlarının həcmini artıra bilmir. Bu baxımdan bir sıra qəzet redaktorları reklam qanunvericiliyinə yenidən baxılması, sosial reklamların verilməsi təklifləri səsləndiriblər. Təklif edilib ki, müəyyən dövlət elanları və yaxud da nazirliklərin tender elanları qəzetlər arasında bərabər şəkildə bölünməlidir. Onların fikrincə, Azərbaycan mətbuatının reklam bazarı formalaşdırılmalı, yazılı mətbuata diqqət artırılmalıdır və reklam bazarı ölkənin ÜDM-nin 1 faizi həcmində olmalıdır. Dünya praktikasında mətbuatın gəlirlərinin çox əhəmiyyətli kəsimi reklam gəlirlərinin payına düşür. Məsələn, İngiltərədə bir ildə ölkə üzrə verilən reklamın 23-25 faizi televiziya və mətbuatın payına düşür. 30 milyard dollara yaxın olan reklam bazarının təxminən 6 milyard dolları media strukturlarına xərclənir. Bu qədər vəsaitin 48 faizi mətbuat orqanlarının, 52 faizi isə televiziyanın payına düşür. Türkiyədə isə reklam bazarının həcmi 5 milyard dollar təşkil edir. Reklam sifarişlərindən mətbuatın aldığı illik pay təxminən 300 milyon dollardır. Televiziyaların reklamdan qazancı isə bundan 4-5 dəfə çoxdur. Türkiyədə telekanallarda reklamın bir dəqiqəsinin qiyməti orta hesabla 30-50 min dollar, Rusiyada isə 60 min dollardır. Gürcüstanda reklamın bir dəqiqəsi minimum 3000 dollar, reklam bazarının dövriyyəsi isə 1 milyard dollardır. Bu ölkələrdə mətbuatın əsas gəlir mənbəyi reklamlar, bir də nəşrin satışından əldə edilən gəlirlərdir. Belə ölkələrdə qəzetlərin gəlirlərinin 85 faizi reklamlardan, 15 faizi isə nəşrin satışının reallaşdırılmasından asılı olur. Almaniyada da medianın gəlirlərinin 40 faizi reklam hesabına olur. Hətta reklam faizi 50-60 faiz olan ölkələr də var. Ancaq Azərbaycanda qəzetin gəlirlərinin 90-95 faizi birbaşa satışın və abunənin payına düşür. Bunun nəticəsi olaraq ölkədə qəzetlər biznes növünə çevrilə bilmir. Çünki qəzet təkcə satışdan gələn gəlir hesabına problemlərini həll etməkdə çətinlik çəkir. İnkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirdikdə aydın görmək olar ki, belə dövlətlərdə media, o cümlədən mətbu orqanlar reklam sarıdan heç bir korluq çəkmirlər. MDB ölkələri sırasında bu sarıdan daha çox inkişaf isə qonşu Rusiyada qeydə alınır. Burada təkcə televiziyalar yox, qəzetlərdə verilən reklamların həcmi il ərzində 10 milyonlarla dollar həcmində ölçülür. Təbii ki, bütün bunlar qəzetlərin inkişafında kifayət qədər müsbət rol oynayır.

Vurğulayaq ki, bu sahədə qanunvericilikdə də müəyyən çatışmazlıqlar var. Belə ki, mövcud qanunvericiliyə görə, reklama xərclənən pul məhsulun maya dəyərinə daxil edilmir. Belə olan halda şirkətlər mətbuata reklam verməkdə maraqlı olmurlar. Təbii ki, reklama xərclənən pul məhsulun maya dəyərinə daxil edilsə, şirkətlər özləri mətbuata reklam verməkdə maraqlı olacaqlar.

Milli Mətbuatımızın 140 illik yubiley tədbirində çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov da medianın reklam probleminə toxunub və yaxın günlərdə bu məsələnin öz həllini tapacağına ümid etdiyini deyib: "Azərbaycan mediasının reklamı zəifdir. Çox güman ki, yaxın vaxtlarda bu sahədə də müəyyən irəliləyişlər olacaq”. Media ekspertləri reklam məsələsinin çox həssas olduğunu deyirlər. Onların fikrincə, reklam sifarişçisi məhsulunun cəmiyyətdə daha geniş şəkildə yayılmasını arzulayır. Bunun üçün daha populyar vasitələri seçir. Yəni hansı vasitə daha çox yaya bilirsə, insanlar hansından məlumatı, reklamı daha çox ala bilərlərsə, şirkətlər də ona üz tuturlar. Ekspertlərə görə, yazılı mətbuatla bağlı dəqiq mexanizm yoxdur. Amma qonşu ölkə Türkiyədə dövlətin verdiyi reklamların paylaşılması müəyyən mexanizm əsasında reallaşır. Digər xarici ölkələrdə isə reklam müəyyən bir şuraya verilir. Şura da qəzetlərin populyarlılığına, tirajına görə reklamı onlar arasında yayır. Çap mediasına reklamın az gəlməsi bununla bağlıdır. İkincisi isə çap mediasının güclü rəqibləri var. Məsələn, televiziyalar həddindən artıq çox reklam götürür. Bütün bunların hamısı çap mediasının mövqeyini zəiflədir. Azərbaycanda qəzetlər ən yaxşı halda böyük şirkətlərin bayram təbriklərinə ümid edə bilirlər.

Məsələyə münasibət bildirən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu reklamın çap mediasında həqiqətən ciddi problem olduğunu təsdiqləyib. Amma baş redaktorun sözlərinə görə, reklam çap mətbuatı ilə yanaşı, internet mediası üçün də kifayət qədər aktualdır: "Düzdür, bu məsələdə çap mediası daha öndədir. Bunun birinci səbəbi odur ki, Azərbaycanda reklam mədəniyyəti yoxdur. Bu da sovet dövrü mətbuatından bizə qalan lazımsız ənənədir. Xatırlayanlar bilir ki, sovet dövrü mətbuatında ümumiyyətlə reklam ənənəsi deyilən şey yox idi. Təəssüflər olsun ki, müstəqilliyin ilk illərində də ölkə mediası olaraq biz bu ənənəni formalaşdıra bilmədik. Sadəcə son dövrlərdə bu istiqamətdə müəyyən addımlar atıldı. Ancaq mediada reklam hələki istənilən və arzuolunan səviyyədə deyil”. Baş redaktora görə, bizdə reklam verənlərin çoxu məhsullarının mediada yayılmasında o qədər də maraqlı deyillər. Bunun da məlum səbəbləri var: "Bayaq dedim ki, Azərbaycanda reklam mədəniyyəti yoxdur. Reklam mədəniyyəti odur ki, istehsalçı reklamı təqdim edir, istehlakçı isə məhsul barədə məlumat əldə edir və həmin məhsulu alır. Amma bizdə proses başqa cür gedir. O baxımdan media və reklam verənlərin münasibətlərinin ictimai institutlar üzərindən tənzimlənməsinə böyük ehtiyac var. Hər şeydən əvvəl bu koordinasiyanı yaratmalıyıq. Hələlik reklam şirkətləri bunda maraqlı deyillər. Çünki onlar ilk növbədə öz sahələrinin inhisarçılarıdır. Təbii ki, rəqabət mühiti olmayan sahədə inkişaf ola bilməz. Yəni bazara eyni növ və yaxud bənzər malı çıxardan şirkətlərə alternativ olsaydı, o zaman reklam bazarı formalaşardı”. H.Babaoğlu deyib ki, MŞ-nin sədri Əflatun Amaşov bu məsələni cənab Prezidentlə görüşdə qaldırıb: "Əminəm ki, bununla bağlı tezliklə lazımlı addımlar atılacaq. Amma mətbuat da boş dayanmamalıdır. Mediada, ümumiyyətlə, cəmiyyətdə reklam mədəniyyətinin formalaşması üçün əlindən gələni etməli, tez-tez səhifələrində bu məsələni işıqlandırmalıdır”.

Problemlə bağlı hər hansı qurumun yaradılmasına da münasibət bildirən baş redaktor hesab edir ki, bununla bağlı təcrübə var: "Mətbuat Şurasında mətbuat və elan qurumu adlı təşkilatın yaradılması təklif ediləndə bunun mümkün ola biləcəyi vurğulandı. Qurumun adı başqa da ola bilər, fərq etməz. Əsas odur ki, tərəflər arasındakı münasibətləri tənzimləmək mümkün olsun. Fikrimcə, belə təşkilatlar faydalı olar”.

"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də bildirib ki, çap mediasında reklam məsələsi ümumiyyətlə həll olunmamış qalsa da, internet medianın da reklam bazarına çıxışı o qədər böyük deyil. Sadəcə çap mətbuatı ilə müqayisədə internet mediası bir qədər yaxşı vəziyyətdədir: "Ümumi halda ölkə mediasının reklam sarıdan çox ciddi problemi var. Əvvəla deyim ki, reklamların mediaya çıxışının problem olmasının kökündə nələrin dayandığını araşdırmağın mənası yoxdur. Səbəblərdən asılı olmayaraq, bu gün mediada reklam problemi var. Artıq ölkə rəhbərliyi səviyyəsində bu məsələyə diqqət yetirilib. Mətbuat Şurasının İdarə Heyəti ilə keçirilən görüşdə reklamla bağlı təklif səslənəndə cənab Prezident köməkçisinə xüsusi tapşırıq verdi və məsələnin araşdırılmasını istədi. Ümid edirəm, ölkə başçısının məsələyə bu qədər ciddi yanaşması problemin həllinə çox yaxın olduğumuzu deməyə əsas verir”.

A.Quliyevin sözlərinə görə, reklam məsələsində çap mediasının maraqları xüsusi ilə nəzərə alınmalıdır. Çünki elektron media çap mətbuatını operativlik baxımından müəyyən qədər üstələsə də, yazılı medianın üstünlükləri və klassik xüsusiyyətləri yaşamaqda davam edir: "Sirr deyil ki, bu gün əsl jurnalistikanın qayda-qanunlarını çap mediası yaşadır, daha çox obyektiv və analitik təhlillər məhz çap mediasında əksini tapır. Peşəkarlıq çap mediada özünü daha yüksək dərəcədə göstərir. İnformasiya təhlükəsizliyi məsələsində, dövlət maraqlarının müdafiəsində də çap mediası daha mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, döyüş bölgələrində informasiya təhlükəsizliyinin qorunması məsələsində daha çox səhvləri məhz internet mediası buraxır. Təbii ki, burda söhbət təkcə çap mediasının maraqlarından getmir. Düzdür, reklam bazarının açılması media üçün olduqca sərfəlidir, amma bu məsələdə reklam verən subyektlərin özlərinin də böyük marağı və mənafeyi var. Çünki internet mediada reklam olunmağın bir üstünlüyü varsa, çap mətbuatında reklam verməyin daha çox üstünlükləri var. Ona görə də bu məsələni təkcə medianın maraqları kimi dəyərləndirmək düzgün deyil. Burada reklam verən şirkətlərin özlərinin də ən azı biznes və sosial maraqları mövcuddur”.

Baş redaktor həmkarından fərqli olaraq hesab edir ki, ayrıca bir dövlət qurumunun yaradılmasına ehtiyac yoxdur: "Əvvəla, dövlət büdcəsini əlavə təşkilat yaratmaqla xərcə salmaq mənasızdır. İkincisi, bizim artıq 7-8 ildir fəaliyyət göstərən və özünü sözün həqiqi mənasında doğruldan KİVDF-miz var. Mənə elə gəlir ki, reklam bazarı ilə bağlı mexanizmin yaradılmasını və onun inkişaf etdirilməsini birbaşa KİVDF-yə həvalə etmək daha məqsədəuyğun olar. Bu qurum Fondun fəaliyyət istiqamətlərindən biri kimi və yaxud Fond tərkibində ayrıca şöbə kimi fəaliyyət göstərə bilər. Fikrimcə, bununla daha effektli nəticə əldə etmək mümkündür”.

(Davamı var...)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb