İŞİD təhlükəsi Azərbaycana yaxınlaşır

İlham İsmayıl: “Təhlükəsizlik qüvvələri, bu istiqamətə indiyədək nəzarəti uğurla həyata keçirsə də, sayıqlığı itirmək olmaz”
Ərəstun Oruclu: “İl yarım bundan əvvəl ehtimal etdiyimiz təhlükə real olaraq qapımızı döyür”




Türkiyənin regiondakı iki böyük təhlükə ilə üz-üzə gəlməsi və həm İŞİD-ə, həm də PKK-ya qarşı aktiv hərbi əməliyyatlara başlaması situasiyanı qəlizləşdirib. Ölkə daxilindəki siyasi stabillik də ciddi təhdidə məruz qalıb. Artıq Türkiyənin bir sıra şəhərlərində İŞİD və PKK tərəfdarlarına qarşı antiterror əməliyyatı keçirilib. Öz növbəsində PKK və İŞİD terrorçuları da qardaş ölkəyə qarşı elan olunmamış müharibəyə başlayıblar. PKK terrorçuları ölkədə bir sıra terror hücumları həyata keçirib, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin əməkdaşlarını öldürüb.
Onu da deyək ki, PKK və İŞİD yaraqlılarının əməlləri bununla bitmir. Bu günlərdə terrorçular tərəfindən Türkiyə və İran arasındakı təbii qaz boru xəttinin Türkiyə hissəsində güclü partlayış
törədilib. Boru xəttinin Türkiyənin Ağrı vilayətindən keçən hissəsi partladılıb. Bir neçə gün əvvəl isə Cizre-Silopi arasındakı elektrik xəttində də təxribat törətmişdilər.
Təbii olaraq, Türkiyənin iki cəbhədə apardığı müharibə Ankaranın müttəfiqlərinə də bir sıra təhlükələr yaradır. Bu sırada təbii ki, ilk növbədə Azərbaycan gəlir. Azərbaycana İŞİD təhlükəsinin olması ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilib. Bundan başqa, Azərbaycanda PKK-nın əsas dayaqlarından birinin yerləşdiyi ilə bağlı kifayət qədər məlumatlar gedib. Ona görə Türkiyə ətrafında baş verənlərin fonunda Azərbaycanın da bir sıra zəruri addımlar atması gündəmə gəlib. Belə ki, PKK terrorçularının son günlər təbii qaz boru xəttinə, elektrik xətlərinə etdiyi hücumlar Azərbaycanın bu ölkədən keçən neft kəmərlərinin təhlükəsizliyi üçün də ciddi təhdid ola bilər. İŞİD döyüşçülərinin regiondakı bütün neft yataqlarını, neft kəmərlərini, o cümlədən BTC-ni hədəf alacaqları barədə bəyanatları isə narahatlıqları bir qədər də artırıb. Çünki Türkiyədən Azərbaycanın Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri və Bakı-Tiflis-Ərzurum qaz boru xətti keçir. Aydındır ki, indi Türkiyəyə qarşı birləşən terror qrupları və onların havadarları ölkəyə ağır zərbə vurmaq üçün həm də onun "arteriyaları” hesab olunan enerji kəmərlərini daha israrla hədəf alacaqlar. Hazırda Türkiyə həm İŞİD, həm də PKK ilə savaşa girdiyindən neft və qaz kəmərlərində terror aktlarını önləmək üçün çətinliklə üzləşir.

Onu da xatırladaq ki, İŞİD terror təşkilatı bu ilin yanvarında bəyanat verərək Azərbaycanın neft yataqlarını ələ keçirməklə bağlı öz niyyətlərini elan etmişdilər.

Maraqlıdır, Türkiyədə PKK-nın hərəkətə keçməsi fonunda Azərbaycanda da PKK-nın fəallaşması mümkündürmü? Bakının neft yataqları İŞİD təhlükəsinə qarşı müdafiə olunurmu?

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, MTN-in sabiq polkovniki, politoloq İlham İsmayıl deyib ki, İŞİD fəaliyyətinin ilkin dönəmində də Suriyada, İraqda neft yataqlarını ələ keçirməklə maliyyə məsələlərini həll etməyi məqsəd qoymuşdu. Azərbaycan da müsəlman ölkəsidi və İŞİD-in planında guya bütün müsəlman ölkələrini bir xilafətdə birləşdirmək var, o cümlədən də bizim ölkənin: "İŞİD-in Azərbaycan haqqında dedikləri, sadəcə hədə-qorxudu. Çünki coğrafi sərhədlər İŞİD-in Azərbaycana gəlməsinə, İraqda və Suriyada olduğu kimi sərbəst hərəkət etməsinə imkan vermir. Amma İŞİD-in tərkibində vuruşan azərbaycanlıların ölkəyə geri dönməsi və burada vəziyyəti qəlizləşdirmək mümkündür”.

Azərbaycanın neft kəmərlərinin kifayət dərəcədə yaxşı qorunduğunu vurğulayan İ.İsmayıl deyib ki, burda həm bizim, həm də neftimizi alanların marağı böyükdür: "Əlbəttə, arxayınlaşıb, İŞİD-in dediklərini də heçə saymaq olmaz. Təhlükəsizlik qüvvələri, bu istiqamətə indiyədək nəzarəti uğurla həyata keçirsə də, sayıqlığı itirmək olmaz. Terror sərhəd tanımır və bəzən coğrafi məkan terror üçün mane olmaya da bilər. Ona görə də, İŞİD-in bəyanatlarından qorxuya düşmək yox, beynəlxalq təhlükəsizlik qüvvələri ilə əməkdaşlığı artıraraq antiterror əməliyyatları keçirmək olar”.

Azərbaycanın Türkiyə ilə birlikdə PKK və İŞİD terrorçularına qarşı konkret mövqe ortaya qoyma məsələsinə toxunan politoloq bildirib ki, Türkiyə ilə Azərbaycan bu istiqamətdə həmişə əməkdaşlıq edib və edəcək: "İŞİD, PKK kimi terror təşkilatlarının Azərbaycanda fəallaşması indi görünmür, amma təbii ki, nəzarətsiz qalsalar, bu proses sürətlə yayıla və heç gözləmədiyimiz halda İŞİD Azərbaycan üçün ciddi təhlükəyə çevrilə bilər. Dövlətin ən ciddi tədbirləri İŞİD-ə qarşı görülməlidir. Mənə elə gəlir ki, MTN-in bu istiqamətdə uğurları var. Amma İŞİD-ə qarşı addımlar təkcə sərhədi keçən azərbaycanlıların saxlanılması ilə kifayətləndirilməməlidir. Təhlükəsizlik tədbirləri genişləndirilməli və Ankara ilə geniş əməkdaşlıq edilməlidir. Bu həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına uyğundur”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq MTN zabiti, politoloq Ərəstun Oruclu isə hesab edir ki, İŞİD və PKK terrorçularının İrandan Türkiyəyə gələn qaz kəmərlərini partlatması artıq o deməkdir ki, terrorçular tədricən İran ərazisinə keçirlər. Ən azından coğrafi baxımdan terrorçuların birbaşa Azərbaycana yanaşmasının mümkün olmadığını vurğulayan politoloqa görə, İŞİD-in Azərbaycandakı tərəfdarı vasitəsilə böyük işlər görməsi indiki situasiyada real deyil. Uzaqbaşı, müəyyən restabilizasiyalar yarada, terror aktları törədə bilərlər: "Hansı ki, İŞİD-in əsas hədəfi bu deyil. "İslam Dövləti” öz coğrafiyasını genişləndirmək və müxtəlif ölkələrin ərazilərinə, maddi resurslarına nəzarəti öz əlində cəmləşdirmək məqsədi güdür. Bəlkə də, bu gün İŞİD-in xilafət yaratmaq ideyasını elan etməsi kimlər üçünsə gülüncdür. Amma bu heç də gülməli yox, kifayət qədər realist ideyadır. Faktiki olaraq, İŞİD-in müxtəlif ölkələrdəki şəbəkələri geniş yayılıb”.

Ə.Oruclunun sözlərinə görə, yaxın zamanlarda İŞİD təhlükəsinin Azərbaycana yaxınlaşması mümkündür, amma ərəb ölkələrində, Türkiyədə yayıldığı miqyasda yox, nisbətən kiçik formada: "Birincisi, Türkiyə uzun müddət İŞİD-ə qarşı kifayət qədər loyallıq göstərərək, onların əl-qollarını hər yana uzatmasına zəmin yaratdılar. Hətta bir ara onlardan bir vasitə kimi istifadə etməyə çalışsalar da, son nəticədə məlum oldu ki, bu loyallıqdan Türkiyədən daha çox "İslam Dövləti” məharətlə yararlana bildi. Əslində bu, terrorçuların hər zaman atdığı addımdır. Onlar bir növ qarşılıqlı əməkdaşlığa getmək, guya, kiməsə xidmət göstərməklə ilk növbədə öz maraqlarını təmin edirlər. Bu vasitədən vaxtı ilə "Əl-Qaidə”, "Taliban” və digər terror təşkilatları da istifadə ediblər. Mənim üçün maraqlıdır ki, Türkiyədə belə bir səhvə niyə yol verildi? Azərbaycanda isə vəziyyət tamam fərqlidir. Bizdə nəinki onlara qarşı loyal münasibət sərgiləndi, hətta ciddi şəkildə mübarizə apararaq, kütləvi həbslər oldu. Buna rəğmən bu gün kifayət qədər İŞİD-çinin mövcud olduğunu inkar edə bilmirik. Həm Suriyada, İraqda İŞİD sıralarında terrorçu kimi fəaliyyət göstərən, həm də ölkə hüdudlarında İŞİD tərəfdarları, təəssübkeşləri var. Aydın məsələdir ki, bu gün İŞİD sıralarında döyüşən azərbaycanlıları dəvətnamə ilə çağırıb, aparmayıblar. Əvvəlcədən onlarla şəbəkə qurub, hazırlanıblar. Həmin şəbəkənin Azərbaycanda bugünkü miqyası və fəaliyyət imkanları nə dərəcədədir? Hər şey bu sualın cavabından və dövlət kəşfiyyat orqanlarının məsələyə nə dərəcədə ciddi və məsuliyyətli yanaşmasından asılıdır. Ümid edək ki, hakimiyyət orqanları bu təhlükəyə qarşı daha böyük müstəvidə mübarizə aparacaq. Unutmayaq ki, il yarım bundan əvvəl ehtimal etdiyimiz təhlükə real olaraq qapımızı döyür. Hər nə qədər böyük olmasa da, Azərbaycan üçün kifayət qədər ciddi problemlər yarada biləcək miqyasda realdır”.

Konkret olaraq, neft yataqlarının terrorçular tərəfindən ələ keçirilməsinə gəldikdə isə politoloq deyib ki, belə bir təhlükə gözlənilən deyil. Çünki neft yataqlarının iki-üç qat mühafizəsi təmin edilib: "Amma yenə də, İŞİD tərəfindən gələn heç bir təhdidə barmaqarası yanaşmaq olmaz. Hər cür sürprizə hazır olmalıyıq. Çünki artıq burada söhbət kifayət qədər təcrübəsi və özünəməxsus strategiyası olan, məkrli bir terror təşkilatından gedir. Qarşımızdakı sıradan bir terror qruplaşması deyil”.

Şəymən