“TQDK məcbur qalıb, balları endirib”

Əjdər Ağayev: “Bu, universitetlər üçün yaxşıdır”
Nabatəli Qulamoğlu: “İştirak balının aşağı salınmasında ilkin məqsəd odur ki, xaricə axının qarşısını alsınlar”


Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə bütün qruplar üzrə - I,II, III və IV müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edib. Məlumata görə, ixtisas seçimi iyulun 30-dan avqustun 11-dək internet vasitəsilə aparılacaq.

Bundan başqa, qurumdan bildirilib ki, bütün qruplar üzrə ödənişli ixtisasların seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Lakin I qrup üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən, II qrup üzrə

300-dən, III qrup üzrə 300-dən, IV qrup üzrə 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər qatıla bilər.

Addıma münasibət bildirən Azərbaycan Təhsil Şurasının sədri, təhsil eksperti Əjdər Ağayev "Şərq”ə açıqlamasında deyib ki, rəqabət güclü olsa idi, ixtisas seçiminə buraxılmaq üçün müəyyən olunmuş balı 200 deyil, 300-350-yə qaldırardılar: "Görünür, imtahanların səviyyəsi aşağı olduğuna görə, TQDK məcbur qalıb, balları endirib. Bu, universitetlər üçün yaxşıdır. Çünki 200 balla keçənlər ödənişli təhsil alacaqlar. Bütün bunları nəzərə alaraq balları endiriblər. Təhsilin gücləndirilməsi üçün məktəblərdə tədrisi çox mükəmməl şəkildə qurmaq lazımdır. Bunu hər dəfə deyirik. Amma məktəblərdə iş görənlər hələ köhnə qaydada işləyirlər”.

Digər təhsil eksperti Nabatəli Qulamoğlunun qənaətincə, müsabiqədə iştirak balının aşağı salınmasında ilkin məqsəd odur ki, xaricə axının qarşısını alsınlar: "Çünki burada külli miqdarda vəsaitdən söhbət gedir. Elə ölkə tanıyıram ki, büdcəsinin əhəmiyyətli hissəsini təhsildən əldə olunan gəlirlər hesabına formalaşdırır. Bizdə isə bunu indi anlayıblar”.

Ekspertin sözlərinə görə, Azərbaycanda təhsilin səviyyəsi ilbəil geri gedir: "Getdikcə savadsızların sayı çoxalır. Bu danılmaz faktdır. Azərbaycan təhsili ilə bağlı görülən işlər qurumuş ağaca su vermək kimi bir şeydir. Qurumuş ağaca gündə əlli dəfə də su versən, xeyri olmayacaq. Təhsildə ciddi islahatlar aparılmalıdır və ali məktəblərə qəbul həmin islahatların müəyyən bir qolunu təşkil etməlidir”.

Ayyət Əhməd