Məktəbli formalarını 20-30 manata satmaq olar

Eyyub Hüseynov bu sahədəki inhisarçılıqdan danışıb



Təxminən ay yarımdan sonra Azərbaycanda yeni tədris ili başlayacaq. Orta məktəb şagirdlərnin valideynləri indidən vahid məktəbli forması axtarmağa tələsməsələr də, bir müddət sonra əl-ayağa düşəcək, basa-basdan şikayətlənəcəklər. Qeyd edək ki, 2010-cu ildən üzü bəri tətbiq olunan məktəbli formaları məktəbqabağı valideynlərin övladları üçün təlatümlü geyim axtarışının qarşısını bir qədər alıb. Çünki onların seçim imkanı qalmayıb. İstəsələr də, istəməsələr də, onlar vahid məktəbli formasını almalıdır. Bu geyimləri isə yalnız Bakı Tikiş Evinin (BTE) müəyyən olunmuş satış mağazalarından əldə etmək mümkündür. Görünən o ki, dərs ilinin açılmasına sayılı günlər qalanda BTE-nin, eləcə də bütün satış mağazalarının qarşısında izdihamlı növbə yaranacaq. Məktəbli formalarının keyfiyyəti, qiyməti ilə bağlı danışan Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov valideynlərə formaları vaxtında almalarını tövsiyə edib. Məktəbli formalarının istehsalına qış aylarından başladıqlarını vurğulayan şöbə müdiri deyib ki, bəribaşdan bilsək ki, hansı ölçüdə çox forma satılacaq, onu əvvəldən tikib hazırlayarıq: "Bütün qış boyu heç bir satış olmayıb. May ayında da həmçinin. Kimsə tək şalvar və ya köynək ala bilər, amma məktəbli formasının satışı, ancaq sentyabrın əvvəlindən başlanır. Bu, ənənəvi haldır”. E.Əzimov deyib ki, məktəblilər arasında bəzən ölçüyə uyğun gəlməyən, kök uşaqlar olur ki, bu halda ölçü götürüb onlara yenidən forma tikirlər. Bunun da əlavə işlə yanaşı, həm də əlavə xərc olduğunu vurğulayan şöbə müdiri deyib ki, belə formalarda əlavə material dəyəri 5 manat müəyyən olunub. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da vurğulayıb ki, ölçüyə uyğun gəlməyən kök uşaqlar üçün yenidən ölçü götürüb, forma tikilən zaman əlavə vəsaitin ödənməsi mümkündür: "Bu heç də ciddi bir qanun pozuntusu hesab olunmur. Əslində, məktəbli formalarının hər birinin eyni qiymətə satılması doğru deyil. Bu, birmənalı olaraq, inhisarçılıqdı. Cənab Prezident də dəfələrlə deyib ki, ölkədəki inhisarçılığa, korrupsiya əməllərinə son qoyulmalıdır. Lakin Bakı Tikiş Evi inhisarçı bir qurum olaraq, öz arxasında Təhsil Nazirliyini və bu nazirliyin 40 min müəllim qüvvəsini görür. Dünyanın heç bir inhisarçı təşkilatının arxasında bu qədər insan qüvvəsi dayanmır. Həmin qüvvələr də bütün valideynləri yalnız BTE-nin istehsal etdiyi məktəbli formalarını almağa

məcbur edirlər”. Məktəbli formalarının qiymətinin normalara uyğun gəlmədiyini deyən AİB sədri burada monopoliya elementlərini istisna etmir: "Əslində, məktəbli formalarının standartları hazırlanmalı və həmin standartlara uyğun formalar da bazara çıxarılmalıdır. Standarta uyğun olmayanlar isə ləğv edilməlidir. Kim hansı ölkədən istəyir, mövcud standartlara uyğun mal gətirməlidir. Həmin mallar isə yoxlanılmalıdır. Əgər bu cür ədalətli rəqabət olarsa, qiymətlər də özü-özünə aşağı düşər. Yəni bir məktəbli formasının qiyməti 35-45 manat yox, 20-30 manat olar. Lakin özünün üstün mövqeyini və arxasında dayanan qüvvələri üstün tutan Bakı Tikiş Evi öz şərtlərini istehlakçılara diktə edir və qiymət siyasəti yeridir. Bu, dövlətin apardığı siyasətə, bazar prinsiplərinə, bazarın liberal olmasına ziddir. Bu, səhv bir siyasətdir. Qiymətlər ən azı 50 faiz aşağı endirilməlidir. Yaxud azad bazar iqtisadiyyatına uyğun iş aparılmalıdır. Hazırkı qiymətlər əhalinin sosial müdafiəsinə zidd bir qərardır. Hesab edirəm ki, məktəbli formalarını inhisara alan şəxslər özlərini yığışdırmalıdır”.

Şəymən