Dövran dəyişir...

Kürdlərə səs verənlər peşmandır
“Əhalinin 85 faizi hərbi əməliyyatları dəstəkləyir"



Türkiyənin İŞİD və PKK-ya müharibə elan etməsindən sonra ölkənin hərbi hava qüvvələri Suriya ərazisində yerləşən terrorçuların mövqelərinə aviazərbələr endirdi. Bununla paralel, ölkə daxilində polisin PKK-çılara qarşı genişmiqyaslı əməliyyatları başladı. Son məlumatlara görə, mindən çox şübhəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Türk Silahlı Qüvvələrinin bombardmanı nəticəsində terror təşkilatının gizli silah anbarları, təhsil müəssisələri, sığınacaqları, anbarları, zenit batareyaları darmadağın edilib. Həmçinin, təşkilat lideri Murad Karayılanın qərargahı vurulub. Karayılan son anda canını qurtarıb. Öldürülənlər arasında PKK-nın "Gabar” kod adlı, təminatdan cavabdeh lideri də olub. Ekspertlərə görə, Ankaranın əməliyyat qərarı Suruç hadisəsinə görə atılmış emosional addım deyil, uzun müddətdən bəri düşünülərək hazırlanmış planın başlanğıcıdır. Əməliyyatlara münasibət bildirən Türkiyənin baş naziri Əhməd Davudoğlu açıqlamasında vurğulayıb ki, Ankara anti-terror əməliyyatlarını sonuna qədər davam etdirəcək. Ancaq baş nazir İŞİD və PKK-ya qarşı əməliyyatlarla bağlı Suriya ərazisinə girilməyəcəyini bəyan edib. Rəsmi Ankara onu da diqqətə çatdırıb ki, Suriya kürdləri Türkiyə üçün təhlükə törətməyəcəyi təqdirdə, onlara toxunulmayacaq.

Türkiyəli politoloqlar baş verənləri ölkə daxilindəki vəziyyətlə əlaqələndiriblər.
Siyasi ekspert Hakan Aksay deyib ki, 7 iyun seçkilərində səs itirən Ərdoğan HDP-ni sıradan çıxarmaq üçün bu addımı atır: "Suriya və İraqda bombalamalar da bu planın tərkib hissəsidir. Bir tərəfdən Türkiyə islam radikallarına qarşı ABŞ-la birgə hərəkət edir, digər tərəfdən, ölkə daxilində kürdlərin partiyasına qarşı təbliğat aparılır. Fikrimcə, bu əməliyyatlarla HDP seçicilərin gözündən düşəcək və AKP erkən seçkilərdə səslərin 50 faizindən çoxunu qazanaraq təkhakimiyyətliliyini qura biləcək”. Xatırladaq ki, Suruç terroru və PKK-ya qarşı əməliyyatlardan sonra keçirilən rəy sorğularında HDP-nin səslərinin azalması bu ehtimalı artırır. Belə ki, əhalinin 85 faizi hərbi əməliyyatları dəstəklədiyini, HDP-yə səs verənlərin yarıdan çoxu isə peşman olduqlarını açıqlayıblar. Lakin burada Türkiyəni 2013-cü ildən bəri Suriya müharibəsinə soxmaq cəhdləri də diqqət çəkir. Hazırda buna nail olunduğunu demək mümkündür. Doğrudur, Türkiyə Suriya sərhədini keçmədən addımlar atacağını deyir. Lakin xüsusi təyinatlıların sərhədi keçərək əməliyyatlar keçirməsi, İncirlik hərbi bazasının müəyyən qədər koalisiya qüvvələrinə açılması və baş verən digər proseslər Türkiyənin artıq birbaşa müharibəyə qoşulduğunu göstərir. Bu baxımdan, bu qədər genişmiqyaslı əməliyyatların sadəcə AKP-nin "səs oyunu” olduğunu demək məsələyə birtərəfli yanaşma olardı. Amma o da faktdır ki, erkən seçkilər keçiriləcəyi təqdirdə HDP əvvəlki səsi ala bilməyəcək. Politoloq Hakan Aksay hesab edir ki, Türkiyə indi üçüncü təhlükə ilə də üz-üzədir: "Buna qədər ölkə daxilində sollar problemi, PKK təhlükəsi var idisə, indi bu sıraya İŞİD də əlavə olunub”.

"Türkiyə təkbaşına terrorun kökünü kəsəcək qədər güclü deyil”

Beynəlxalq məsələlər üzrə analitik Toğrul İsmayıl hesab edir ki, Türkiyə əməliyyatları müttəfiqləri ilə razılaşdıqdan sonra həyata keçirir: "Suruçdakı terror aktı ilə Türkiyə İŞİD-in birbaşa hədəfinə çevrildi və keçirilən əməliyyatlar da buna adekvat cavabdır. Xatırlayırsınızsa, Türkiyənin hərbi təyyarəsi Suriya ordusu tərəfindən salınanda, müdafiə olunma addımı seçildi. İndi isə müdafiə ilə yanaşı, hücumlar da reallaşır. Lakin burada beynəlxalq situasiyanı da nəzərə almaq lazımdır. Ehtimal ki, Ankara müttəfiqləri ilə razılaşdıqdan sonra bütün region üçün təhlükə olan İŞİD-i vurmaq qərarını verib. Buna paralel olaraq, PKK-ya qarşı da ölkə daxilində və xaricdə əməliyyatlar aparılır. Ankarada anlayırlar ki, problemə qarşı təkbaşına getmək çətin olacaq. Ona görə də kənardan dəstək axtarılır. Xüsusilə regionda maraqları olan ABŞ, Rusiya, İran kimi ölkələr dəstək verə bilər”. Politoloq hesab edir ki, Suriya məsələsində ümumi dil tapılsa, terrora da son qoymaq mümkündür: "Fikrimcə, Türkiyə bu cür əməliyyatlarda zəngin təcrübəyə malikdir. Amma terrorun kökünü bununla kəsmək mümkün deyil”.

"Türkiyəni bundan sonra çox çətin və mürəkkəb mərhələ gözləyə bilər”

Politoloq İlqar Vəlizadə deyib ki, Türkiyənin daxili siyasətində baş verən hadisələr və hökumətin formalaşa bilməməsi növbədənkənar seçkiləri zəruri edir və yaxın aylarda erkən seçkilərin keçirilməsi istisna deyil: "Artıq həm müxalifət, həm də iqtidar yeni seçkilərə hazırlaşır. Ancaq bu seçkilərin də Türkiyədə hər hansı siyasi qüvvəyə uğur gətirəcəyi bəlli deyil. Növbəti seçki vəziyyəti daha da mürəkkəbləşdirə bilər”. Ekspert ABŞ və Türkiyə arasındakı İŞİD-ə və terrorizmə qarşı mübarizədə anlaşmanı da məhz ölkədəki daxili siyasətin tənzimlənməsinə xidmət edən amillərdən biri hesab edir: "Türkiyənin daxilindəki vəziyyəti tənzimləyərək AKP hakimiyyətinin xeyrinə dəyişmək üçün Ərdoğan antiterror koalisiyasına cəlb edildi. Bir müddət öncə vurğulamışdım ki, daxili siyasətdə resurslar bitərsə, o zaman vəziyyəti dəyişmək üçün Suriyaya güc tətbiq edəcəyi istisna deyil və bu dediyimiz də reallaşdı. İndi Türkiyə hakimiyyətinin Suriya və İraqda İŞİD və PKK-nın hərbi bazalarına zərbə endirməsi bu planın tərkib hissəsidir. Türkiyə artıq bu "kart”dan istifadə edir”. İ.Vəlizadəyə görə, Ankaranın Vaşinqtonla razılaşması əsasında HDP-nin mövqelərinin zəiflədilməsi dayanır: "Çünki HDP-nin arxasında ABŞ və onun Qərbdəki müttəfiqləri dururlar. Bu yolla cəmiyyətdə radikallığa qarşı əhval-ruhiyyə meyilləri gücləndirilir”.

İsmayıl