Qaz balonları təhlükəlidir...

Onların satışına və istifadəsinə nəzarət yoxdur



Sumqayıtda fəaliyyət göstərən yeməkxanada baş verən partlayış qaz balonları ilə bağlı təhlükəni yenidən gündəmə gətirib. Qeyd edək ki, 5 litrlik qaz balonunda baş verən partlayış nəticəsində ümumi sahəsi 120 kv.m olan yeməkxananın 16kv.m sahəsi yanıb.

Hazırda yeni tikilmiş və istismara qəbul olunmadan istifadə edilən bəzi çoxmərtəbəli binalar, həmçinin yataqxanalar və dağ kəndlərinin əhalisi gündəlik yanacağa olan tələbatlarını ödəmək məqsədilə maye qaz balonlarından istifadə edir. Lakin əhalinin çox hissəsi qaz balonlarının quraşdırılması və təhlükəsiz istifadə qaydalarına əməl etmirlər, bu da qaz sızmasına, bəzi hallarda isə partlayış və yanğına səbəb olur.

Ekspertlər isə hesab edir ki, qaz balonlarının istismarı zamanı təhlükəsizlik qaydalarına riayət etməklə bədbəxt hadisələrin qarşısını almaq mümkündür. Unutmayaq ki, qaz balonlarından istifadə zamanı adi bir ehtiyatsızlıq və səhlənkarlıq partlayışa və yanğına səbəb ola bilər. Bu kimi halların aradan qaldırılması ilk öncə vətəndaşların özlərindən və onların nə dərəcədə təhlükəsizlik qaydalarına riayət etmələrindən asılıdır.

Qaz balonlarının potensial mina olduğunu vurğulayan "Azəriqaz” İB-nin sabiq idarə rəisi, Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımovun sözlərinə görə, qaz balonlarından uzun illərdir istifadə edilir. "Əvvəllər bu balonların istifadəsinin yararlılığı ilə xüsusi idarə məşğul olurdu. Hazırda isə belə balonlar nəzarət edilmədən satılır”, - deyən ekspert hesab edir ki, qaz balonları vaxtaşırı yoxlanılmalı və sınaqdan keçirilməlidir. Dediyinə görə, qaz balonlarına nəzarət edən bir idarə mütləq olmalıdır. "Çünki zaman keçdikcə, metal öz keyfiyyətini itirir. Balonlar əsasən Rusiyadan Azərbaycana gətirilir. Ölkədə bu balonların satışı və istifadəsinə nəzarət olunmalıdır”.

Dönər zəhərlənmələrini də bu problemlə bağlayan həmsöhbətimiz bildirdi ki, bir çox dönərxanalar bu balonlardan istifadə etdiyi üçün zəhərlənmə hallarının sayı artıb. "Propan yanan zaman tam yanma prosesi getmir, qazın tərkibində olan bəzi maddələr dəm qazı formasında ətin üzərinə hopur ki, bu da kütləvi zəhərlənmələrə səbəb olur”.

N.Qasımov bu problemin aradan qaldırılması üçün xüsusi bir qurumun yaranmasına ehtiyac duyur. "Kim harda istəyir - yaşayış yerlərində, zirzəmilərdə - bu qaz balonlarını gətirib quraşdırırlar”.

Qış fəslində bəzi mənzillərdə hətta doldurma qazla çalışan sobalardan istifadə olunduğunu deyən AİB-nin eksperti bu sobaların zəhərlənmə halları ilə yanaşı, güclü partlayışa də gətirib çıxardığını bildirib. Onun sözlərinə görə, bu sobalarda istifadə olunan qazın partlama qüvvəsi metan qazından 3-4 dəfə artıq olur. "Metan qazının istilik yaratma qabiliyyəti 8500 kilo kaloridirsə, bu qazlarda 324 min kilo kaloridir. Metan qazının aşağı partlama həddi 4,5 faizdirsə, bu qazların partlama həddi 2,5 faizdir. Yəni bu qazlar bir yerə 2,5 faiz yığılarsa, partlama baş verə bilər. Bu zaman partlayışın zərbə qüvvəsi 1 kvadratda 100 tona bərabərdir”.

Ekspert onu da qeyd edib ki, qaz balonlarının xüsusi istifadə qaydaları və normaları var və bu, normalara uyğun istifadə olunmalıdır. Doldurma qazla çalışan sobalar mütəxəssislər tərəfindən quraşdırılmalıdır. İndi insanlar pul verməmək üçün özləri ustalıq edirlər. Bunun qarşısını almaq üçün xüsusi bir idarə yaranmalı və qaz təchizatına xüsusi nəzarət edilməlidir.

Qeyd edək ki, FHN-nin elektron saytında Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin qaz balonları ilə davranış qaydaları öz əksini tapıb:

- Əhali bilməlidir ki, hündürlüyü iki mərtəbədən yuxarı olan yaşayış binalarında maye qaz balonlarının yerləşdirilməsi qəti qadağandır. İki mərtəbəli yaşayış binalarında qazlaşdırma işləri aparıldıqda otaqların sayına, binanın müvafiq plan quruluşuna və tikinti normalarına əsaslanmaq lazımdır. Qaz balonlarını istirahət otaqlarında, zirzəmilərdə və obyekt kimi istifadə olunan yarımzirzəmilərdə quraşdırmaq olmaz. Qaz balonlarının quraşdırılması bu sahənin mütəxəssislərinə həvalə edilməli, istifadəçi isə texniki təhlükəsizlik və istifadə qaydalarına əməl olunması barədə məlumatlandırılmalıdır.

Qaz balonlarının istifadəsi zamanı xüsusi ehtiyatla davranmaq tələb olunur. Onların tərkibi yüksək təzyiq altında, tez alışan və zərərli ola bilər.

Qaz balonlarına vaxtlı-vaxtında ixtisaslı mütəxəssislər tərəfindən texniki xidmət göstərilməli, yaxınlıqda alov, isti kömür, işlək vəziyyətdə elektrik cihazları varsa, boşalmış qaz balonunu dolusu ilə əvəz etmək olmaz. Belə şəraitdə kranların bağlı vəziyyətdə olmasına əmin olmaq lazımdır. Onları dəyişdirdikdən sonra balonun birləşmə yerlərinin kipliyi sabundan hazırlanmış köpüklü məhlul vasitəsilə yoxlanılmalıdır. Yemək hazırlayarkən qaz sızmasının baş verməməsi üçün qaynadılan məhlulun alova düşməsinə yol verməməli və işin sonunda balonun kranı bağlanmalıdır.
İstifadə olunmayan, doldurulmayan, eləcə də boş balonlar mənzildən kənarda saxlanılmalıdır.

Balonları düzgün qaydada yaxşı ventilyasiya olunan zonada, istilik mənbəyindən kənarda, birbaşa günəş şüalarından uzaqda saxlamaq məsləhətdir. Oksidləşdirici qazları tez alışan qazlardan, dolu balonları isə boş balonlardan ayrı saxlamalı, balondan diyircək, dayaq və s. kimi istifadə edilməməlidir. Alov vasitəsilə balonun qaz buraxmasını yoxlamaq olmaz, bunun üçün sabunlu sudan istifadə edilməlidir.

Qaz buraxan və ya zədələnmiş birləşmələrə malik olan balonlardan istifadə etmək olmaz. Kranlarda və ya balonda qoyulmuş təhlükəsizlik cihazlarına müdaxilə etmək yolverilməzdir.