Məcburi köçkünün intiharı...

Sahib Nəsibov ev problemi ilə bağlı “Qaçqınkom”a müraciət etməyib



"Qaçqınkom”un Sabunçu rayon şöbəsinin qarşısında intihara cəhd edən Ağdam rayonundan məcburi köçkün düşmüş Sahib Nəsibovun sol tərəfi yanıb. Respublika Yanıq Mərkəzinin rəhbəri Şöhrət Məmmədovun sözlərinə görə, Sahib Nəsibovun sol əli, baldırı və ayağı yanıb. II və III dərəcəli yanıq xəsarəti alan xəstə heç kimlə danışmaq istəməsə də, həyat yoldaşı hadisə ilə bağlı məlumat verib.

Qadının sözlərinə görə, onlar kirayədə yaşayıblar. İmkansızlıqdan "Qaçqınkom”a müraciət ediblər. Komitədən isə onlara ev verilməyəcəyini deyiblər. Buna görə də Sahib üstünə benzin tökərək yandırıb.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumatda isə Sahib Nəsirovun mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı "Qaçqınkom”a müraciət etməsi təkzib olunub:

"Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq indiyədək ölkəmizin müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 90 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binaları kompleksi tikilib istifadəyə verilib, 46 min ailə - 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Lakin buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var və Azərbaycan dövləti tərəfindən bu kateqoriyadan olanların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür. Bu proses Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə davam etdirilir.

Ümumilikdə Bakı şəhərində 216 min nəfər məcburi köçkün yaşayır. Bunların əksəriyyəti tikintisi yarımçıq qalmış binalarda, sanatoriyalarda, yataqxanalarda və digər obyektlərdə müvəqqəti olaraq məskunlaşıblar. Həmin məcburi köçkünlərin də mənzil-məişət şəraitinin yaxşılaşdırılması Dövlət Proqramına əsasən mərhələli şəkildə həyata keçirilir.

Bütün bunlar barədə ölkənin kütləvi informasiya vasitələrində, müxtəlif televiziya kanallarında, "Dövlətqaçqınkom”un rəhbərliyinin qəbullarında məcburi köçkünlərə dəfələrlə məlumat verilməsinə baxmayaraq, çox təəssüflər olsun ki, bəziləri bu deyilənlərdən, xəbərdarlıqlardan nəticə çıxarmaq əvəzinə, mənzil əldə etmək üçün müxtəlif qeyri-qanuni yollara əl atırlar.

Bu günlərdə Ağdam rayonundan olan məcburi köçkün Nəsirov Sahib İsmayıl oğlu içkili vəziyyətdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektoruna gələrək ona mənzil verilməsini tələb edib, lakin ona verilən heç bir izahatı dinləməyərək özünə yüngül yanıq xəsarətləri yetirib.

Verilən məlumata görə, Sahib Nəsirov 4 nəfər ailə üzvü ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsi-29 ünvanında özünəməxsus şəxsi evi olub. 2015-ci ilin yanvar ayında isə həmin evi sataraq qonşuluqda kirayədə yaşayıb.
Sahib Nəsirov mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməyib. Onun bu cür məsuliyyətsiz hərəkəti isə dövlət tərəfindən məcburi köçkünlərə göstərilən diqqət və qayğıya kölgə salmaqdan başqa bir şey deyil”.

Şəymən