Medianın reklam problemi...

Zeynal Məmmədli: “Etimad olanda reklam da olacaq”
Rəşad Məcid: “Əslinə qalsa, 5 il qabaq qəzetlərdə reklam daha çox idi”


(əvvəli ötən sayda)

Azərbaycan mətbuatının ən ciddi problemlərindən biri də reklam bazarıdır. Bu problem dəfələrlə media ekspertləri, qəzet rəhbərləri, hətta hakimiyyət təmsilçiləri tərəfindən gündəmə gətirilib. Məsələnin həllinə nail olmaq üçün indiyə qədər bir çox versiyalar səsləndirilib. Hətta səslənən təkliflər arasında mətbuat və elan qurumunun yaradılması da yer alıb. Ancaq vaxtaşırı irəli sürülən variantlar, edilən təkliflər medianın reklam vasitəsilə gəlir əldə etmək problemini həll etməyib.

Fakt budur ki, ölkə mediasında reklam bazarının durumu media kapitanlarını qətiyyən qane etmir. Bir çox dünya ölkələrində reklam şirkətləri qəzetlərlə yaxından əməkdaşlıq etsələr də, Azərbaycanda bu iş olduqca zəif qurulub. Ölkəmizdə media-reklam bazarı daha çox elektron və internet medianın xeyrinə işləyir. Çap məhsullarına isə reklam agentlikləri arasında maraq azdır. Hazırda qəzetlər reklam bazarında elektron və internet mediasına uduzur. Eyni zamanda televiziya və radio kanallarının reklam həcmi artsa da, yazılı mətbuat reklamlarının həcmini artıra bilmir. Bu baxımdan bir sıra qəzet redaktorları reklam qanunvericiliyinə yenidən baxılması, sosial reklamların verilməsi təklifləri səsləndiriblər. Təklif edilib ki, müəyyən dövlət elanları və yaxud da nazirliklərin tender elanları qəzetlər arasında bərabər şəkildə bölünməlidir. Onların fikrincə, Azərbaycan mətbuatının reklam bazarı formalaşdırılmalı, yazılı mətbuata diqqət artırılmalıdır və reklam bazarı ölkənin ÜDM-nin 1 faizi həcmində olmalıdır. Dünya praktikasında mətbuatın gəlirlərinin çox əhəmiyyətli kəsimi reklam gəlirlərinin payına düşür. Məsələn, İngiltərədə bir ildə ölkə üzrə verilən reklamın 23-25 faizi televiziya və mətbuatın payına düşür. 30 milyard dollara yaxın olan reklam bazarının təxminən 6 milyard dolları media strukturlarına xərclənir. Bu qədər vəsaitin 48 faizi mətbuat orqanlarının, 52 faizi isə televiziyanın payına düşür. Türkiyədə isə reklam bazarının həcmi 5 milyard dollar təşkil edir. Reklam sifarişlərindən mətbuatın aldığı illik pay təxminən 300 milyon dollardır. Televiziyaların reklamdan qazancı isə bundan 4-5 dəfə çoxdur. Türkiyədə telekanallarda reklamın bir dəqiqəsinin qiyməti orta hesabla 30-50 min dollar, Rusiyada isə 60 min dollardır. Gürcüstanda reklamın bir dəqiqəsi minimum 3000 dollar, reklam bazarının dövriyyəsi isə 1 milyard dollardır. Bu ölkələrdə mətbuatın əsas gəlir mənbəyi reklamlar, bir də nəşrin satışından əldə edilən gəlirlərdir. Belə ölkələrdə qəzetlərin gəlirlərinin 85 faizi reklamlardan, 15 faizi isə nəşrin satışının reallaşdırılmasından asılı olur. Almaniyada da medianın gəlirlərinin 40 faizi reklam hesabına olur. Hətta reklam faizi 50-60 faiz olan ölkələr də var. Ancaq Azərbaycanda qəzetin

gəlirlərinin 90-95 faizi birbaşa satışın və abunənin payına düşür. Bunun nəticəsi olaraq ölkədə qəzetlər biznes növünə çevrilə bilmir. Çünki qəzet təkcə satışdan gələn gəlir hesabına problemlərini həll etməkdə çətinlik çəkir. İnkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirdikdə aydın görmək olar ki, belə dövlətlərdə media, o cümlədən mətbu orqanlar reklam sarıdan heç bir korluq çəkmirlər. MDB ölkələri sırasında bu sarıdan daha çox inkişaf isə qonşu Rusiyada qeydə alınır. Burada təkcə televiziyalar yox, qəzetlərdə verilən reklamların həcmi il ərzində 10 milyonlarla dollar həcmində ölçülür. Təbii ki, bütün bunlar qəzetlərin inkişafında kifayət qədər müsbət rol oynayır.

Vurğulayaq ki, bu sahədə qanunvericilikdə də müəyyən çatışmazlıqlar var. Belə ki, mövcud qanunvericiliyə görə, reklama xərclənən pul məhsulun maya dəyərinə daxil edilmir. Belə olan halda şirkətlər mətbuata reklam verməkdə maraqlı olmurlar. Təbii ki, reklama xərclənən pul məhsulun maya dəyərinə daxil edilsə, şirkətlər özləri mətbuata reklam verməkdə maraqlı olacaqlar.

Media ekspertləri reklam məsələsinin çox həssas olduğunu deyirlər. Onların fikrincə, reklam sifarişçisi məhsulunun cəmiyyətdə daha geniş şəkildə yayılmasını arzulayır. Bunun üçün daha populyar vasitələri seçir. Yəni hansı vasitə daha çox yaya bilirsə, insanlar hansından məlumatı, reklamı daha çox ala bilərlərsə, şirkətlər də ona üz tuturlar. Ekspertlərə görə, yazılı mətbuatla bağlı dəqiq mexanizm yoxdur. Amma qonşu ölkə Türkiyədə dövlətin verdiyi reklamların paylaşılması müəyyən mexanizm əsasında reallaşır. Digər xarici ölkələrdə isə reklam müəyyən bir şuraya verilir. Şura da qəzetlərin populyarlılığına, tirajına görə reklamı onlar arasında yayır. Çap mediasına reklamın az gəlməsi bununla bağlıdır. İkincisi isə çap mediasının güclü rəqibləri var. Məsələn, televiziyalar həddindən artıq çox reklam götürür. Bütün bunların hamısı çap mediasının mövqeyini zəiflədir. Azərbaycanda qəzetlər ən yaxşı halda böyük şirkətlərin bayram təbriklərinə ümid edə bilirlər.

Problemlə bağlı "Şərq”ə danışan media üzrə ekspert, BDU-nun professoru Zeynal Məmmədli məsələyə kompleks yanaşmağın zəruri olduğunu deyib: "Nə qədər ki, iqtisadiyyatda sərbəst bazar yalnız illüziya kimi ortadadır, medianın reklam problemi hər zaman olacaq. İndiki şəraitdə hələ formalaşmamış sahibkarlıq institutu mediaya pul qoymaqdan çəkinir. Bu, televiziyalara da aiddir, qəzetlərə də. Elektron media ilə bağlı danışmağa dəyməz. Burda onlara pay düşmür. Çünki elektron media sözün əsl mənasında mətbuatın rolunu öz üzərinə götürməyib. İnternet media cəmiyyətdə baş verənləri bəlli reseptlə xəbər şəklinə salır. Özü də saytların çoxu müstəqil fəaliyyət göstərmir. Reklam olanda medianın müstəqillik iştahası artacaq və pul qazanmağa başlayan mətbu orqan gözünü kiminsə cibinə dikməyəcək, hansısa qrupların əlində alətə çevrilməyəcək”.

Professor deyib ki, əgər media ilə reklam verən şirkətlər arasında münasibəti tənzimləyən hansısa qurum yaradılarsa və cəmiyyət içində nüfuz qazanarsa, bu cür təşəbbüsləri alqışlamaq lazımdır: "Sözün həqiqi mənasında medianın qeyrətini çəkən Mətbuat Şurası reklam məsələsini dəfələrlə gündəmə gətirib. Ancaq heç bir nəticə əldə olunmayıb. Çünki media hər şeydən əvvəl insanların, ictimaiyyətin etimadını qazanmalıdır. Etimad olanda reklam da olacaq. Reklam şirkətləri media təşkilatlarının arxasındakı kütləni görəcək və mallarını mətbuat vasitəsi ilə yaymaqda maraqlı olacaqlar”.

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də bəyan edib ki, Azərbaycanda reklam analoji ölkələrlə müqayisədə çox azdır. Ona görə də qəzetlərin vəziyyəti, ümumiyyətlə, KİV-in iqtisadi durumu yaxşı deyil: "Bu barədə dəfələrlə danışmışıq. KİVDF ideyası da ölkə mediasına dövlət yardımı edilməsi üçün gündəmə gəldi və yaradıldı. İndi ola bilər bəzi saytlarda görüntü kimi üç-beş reklam verilsin, amma bu, o qədər də çox deyil. Əslinə qalsa, 5 il qabaq qəzetlərdə reklam daha çox idi. Amma ümumi götürəndə Azərbaycan mediasında reklam çox cüzidir. Bu da həmişə bizi narahat edən məsələ olub”.

R.Məcid bildirib ki, mətbuat və elan qurumunun yaradılması təklifi dövlət elanları ilə bağlı idi: "Bizim mülki məcəlləmizə görə, dövlət tender elanlarını yalnız rəsmi qəzetlərdə çap etdirir. Türkiyədə isə bu məsələ başqa cürdür. Mətbuat Şurasının sədri də dəfələrlə məsələ qaldırıb ki, Azərbaycanda da Türkiyədəki kimi dövlət elanlarını qəzetlərə bərabər paylayan bir qurum

yaradılsın. Hətta vurğulandı ki, belə bir qurum Mətbuat Şurasının nəzdində fəaliyyət göstərsin və bərabər şəkildə elanları KİV-lərə paylasın. Amma məsələ burasındadır ki, dövlət elanlarının özü də çox böyük həcmdə deyil. Yəni belə şeylərlə medianı saxlamaq mümkünsüzdür”. "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli söyləyib ki, son dövrlər müvafiq qurumlar mediaya sosial reklamların verilməsi ilə bağlı konkret addımlar atmaq niyyətindədir: "Təbii ki, bu çox çətin və mürəkkəb prosesdir. Türkiyədə mətbuata reklam paylayan bir qurumun Azərbaycanda da formalaşdırılması qısa müddət ərzində mümkün deyil. Bu sahədə geniş təcrübənin əldə olunmasına ehtiyac var. Xüsusi olaraq, dövlət müəssisəsində ayrı-ayrı təşkilatlara sosial reklamların verilməsi ilə bağlı müəyyən imkanlar yaradılmalıdır. Yəni bu problem kompleks şəkildə həllini tapmalıdır”.

Reklam bazarı məsələsinə də toxunan baş redaktor deyib ki, burda problem ilk növbədə iqtisadiyyatın və reklam biznesinin liberallaşdırılması ilə bağlıdır: "Problem uzun illərdir ki, var. Dəfələrlə dinamik reklam bazarının olmaması ilə bağlı müxtəlif ağızlardan fikirlər səsləndirilib. Yəni əsas məsələ sahibkarlarla bağlıdır. Dünyanın bir çox ölkələrində yerli sahibkarlar medianın inkişafına öz töhfələrini verirlər. Hətta azsaylı tirajla çıxan qəzetlərin uzunömürlü olması və region mətbuatının sıradan çıxmaması üçün özəl şirkətlər xüsusi olaraq mediaya reklam verməkdə maraq göstərirlər. Bu baxımdan hesab edirəm ki, bütün məsuliyyəti təkcə dövlətin və ya birbaşa media qurumlarının üzərinə yıxmaq düzgün deyil. Özəl şirkətləri və sahibkarları da bu prosesə cəlb etmək lazımdır. Düşünürəm ki, Mətbuat Şurasının və yaxud KİVDF-nin təşəbbüsü ilə Azərbaycandakı sahibkarlarla geniş bir konfrans keçirilməlidir. Bu konfransda medianın reklam problemləri ətraflı şəkildə əks olunmalıdır. Fikrimcə, belə bir yanaşma sahibkarlarla media arasında münasibətlərin qurulmasına yardım göstərər. Eyni zamanda ortaq problemlərin həll olunmasına imkan yaradacaq”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb