“Zəiflər çirkablara əl atır”

Bəsti Cəfərova: “Məni öz tərəflərinə çəkmək istəyənlər çox oldu”




Akademik Milli Dram Teatrının ətrafında son iki ildə dolaşan söz-söhbətlər, ayrı-ayrı aktyorların, teatr sahəsində olan insanların bu mədəniyyət ocağının daxilində baş verənlər barədə açıqlamaları hələ də səngimək bilmir. Son iki ildə Teatrın direktoru İsrafil İsrafilov barədə o qədər iradlar, kəskin ittihamlar səslənib ki, bəzən məəttəl qalırsan ki, bunların hamısı həqiqət ola bilərmi? Həqiqətən teatrda gestapo rejimi hökm sürürmü?

Bir neçə gün öncə isə Yuğ Teatrının baş rejissorunun son açıqlaması teatrın qocaman, yaşlı nəslin aktyorlarını da ayağa qaldırdı.
Teatrla bağlı münasibət öyrənmək üçün Xalq artisti, professor Bəsti Cəfərova ilə söhbətləşdik. Maraqlandıq görək, doğrudanmı teatrda vəziyyət bu qədər acınacaqlıdır? Ya bütün bu söz-söhbətlər, açıqlamalar, yazılar teatrın direktoruna qarşı aparılan "qara piar”ın bir hissəsidir?

- Bəsti xanım, yəqin Dram Teatrının ətrafında gəzən söz-söhbətlər sizi də narahat edir? Nə baş verir?

- Sözün açığı, bilmirəm hardan başlayım. Mən hər zaman işlə məşğul olan işgüzar aktrisa olmuşam. Öz yaradıcılığımı doya-doya yaşayan insan olmuşam. Biz aktyor ömrü yaşayırıq, sənətkar ömrü yaşayırıq. Biz 1991-ci ildən bu binaya köçmüşük. Bu müddətdə mənim 3 tamaşam olub. 2013-cü ildən professor olmuşam. Bu vaxt ərzində çox çalışmışam. 2014-cü ildə də mənim kitabım çıxıb. Bir də mənim "Aktyorun rol üzərində iş metodu” adlı metodik vəsaitim çıxıb. Demək istədiyim odur ki, bekar olmamışam. Bu müddətdə mən rol oynaya bilmirdim. Çünki bu işlər vaxt tələb edirdi. Rol da ruhla bağlı bir sahədir. Başa düşürdüm ki, qaçhaqaçla iş gedə bilməz. Amma buna baxmayaraq bekar da qalmadım. Bu müddətdə fikirləşdim ki, rol oynamasam da, teatra bir xeyrim olsun deyə, dövlət başçısının sərəncamına əsasən də teatrın fəaliyyətinə dəstək olsun deyə gənclərlə işbirliyi qurdum. 10 gənclə maraqlı tamaşa hazırladım. O gənclərin içində 3-ü mənim öz tələbələrim də yer aldı. Teatrın ən yaxşı tələbələrini də dəvət etdim, maraqlı bir tamaşa hazırladıq. Məgər pislik etdim? Bu iş deyil, bu zəhmət tələb etmir? Tamaşaya ictimai baxış da keçirildi. Bəyənildi də. Bu tamaşadan sonra da məni gözügötürməyənlər oldu.

- Yeri gəlmişkən deyirlər ki, teatrda yeni gənc nəsil aktyorları arasında istedadlı aktyorlar yoxdu. Razısız bu fikirlə?

- Qətiyyən razı deyiləm. Mənim tələbələrlə hazırladığım bu tamaşaya baxın, görün nə qədər haqlıyam. Gənclər arasında da istedadlılar var. Bunlara da Akademik Dram Teatrında şərait yaradılır. Deyirlər bizdən sonra gələn gənclər yoxdu. Var. Niyə yoxdu? Ramiz Novruzun da tamaşasında bu gənclər iştirak edir. Niyə bunları söyləyirəm? Mənim o qədər yaradıcı insan kimi işlərim var ki, vaxtım olmur dedi-qoduya, yazılara. Əvvəllər yazılanlara diqqət vermirdim. Mənim müvəffəqiyyətimi gözü götürməyənlər var. Bunun bir daha şahidi oldum. Barəmdə elə yazı yazmışdılar ki, oxuyanda inanın, təəccübləndim. O qədər iyrənc şəkildə sifariş insafsızlıqdı. Bu mənim nə pedaqoq kimi imicimə, nə Xalq artisti kimi adıma, nə də 37 illik sənətə xidmətimə yaraşmır. Bununla o illərimi çirkaba bulamağa çalışdılar. Mən bir neçə dəfə o yazılanlara fikir vermədim. Sonda dözmədim. Əvvəllər cavab vermirdim. Deyirdim bütün bu yazılanlar mənim sənətimdən aşağıda durur. Sonra danışmağa məcbur qaldım. Çunki susduqca, çirkabı çoxaltmağa çalışanlar oldu. Sonra gördüm ki, mənim tamaşa qoymağım kimlərisə narahat etməyə başladı. Bir sənətşünas da barəmizdə yazdı. Mən o sənətşünası tanımıram da. Bir yazıda 3 dəfə mənim və həmkarım Ramiz Novruzovun adını hallandırır. Həmin yazıda bu insan bizi 3 dəfə istedadsız kimi təqdim edir. Mən bundan sonra danışmalıydım, ya yox? Bu söz mənim Xalq artisti adıma yaraşmır axı. Mən illərimi bu sənətə vermişəm. Mən Dram Teatrına ömrümü verib Xalq artisti olmuşam, indi sənətdən anlayışı olmayan biri deyir ki, Bəsti Cəfərova istedadsız aktrisadır. Buna susmağım mümkündürmü?

- Sizcə, bu sifarişdi?

- Bəli. Bütün bunlar teatrın direktoru İsrafil İsrafilova qarşı aparılan müharibədir, qərəzdir. O qədər bəsit, primitiv, həqiqətdən çox uzaq yalanlar yazılır ki, biz təəccüblənirik. Bu yazılar cəfəngiyyatdı. İsrafil müəllimə qarşı qərəzdən başqa bir şey deyil. İsrafil İsrafilov 5 min pulu cibinə qoydu. Bu ölkə dərəbəylik deyil ki, o qədər pulu cibə qoyasan. Mən Bədii Şuranın üzvüyəm. Əvvəllər teatrda bədii Şura yox idi. Dedilər Bədii Şura olsun. Mən və Ramiz Novruzov Bədii Şuranın üzvüyük. İndi də deyirlər ki, niyə biz yox, onlar Bədii Şuranın üzvüdürlər. Teatr barədə bu yalan məlumatları, cəfəngiyyatları yayan insanların böyük qismi də elə teatrda olan istedadsızlardan çıxır. Onlar da yaralarını belə cəfəngiyyatları yayıb, ona-buna çamur atmaqla sarıyırlar. Çünki özləri zəifdirlər. Teatrda 22 tamaşa teatrın daxili hesabına hazırlanıb. Bura pul xərclənir e... Məni belə cəfəng fikirlərə alət etmək də istədilər. Bəzi adamlar var idi ki, teatrda mənə dedilər ki, İsrafil İsrafilov sənin üzünə gülür, arxandan danışır. Dedim ki, üzümə gülür ki. Üzümə artıq nə isə deməyib ki? Vəssalam da. Məni öz tərəflərinə çəkmək istəyənlər çox oldu. O qara kampaniyaya məni də qatmağa çalışdılar. Mən teatra can yandıran, işini bilən, sənətə dəyər verən insana qarşı niyə müharibə aparmalıyam ki? İsrafil İsrafilov sənətə də, əsl sənətkara da dəyər verən insandı. 4 il ərzində elə bir aktyor olmayıb ki, İsrafil müəllimin qapısını döysün, teatr direktoru o insana yox desin. Mən və Ramiz Novruzov onun otağına gedib işləmək üçün müraciət etmişik ki, belə bir fikrimiz var. Bizə dəstək olub, teatrda şərait yaradıb ki, tamaşalarımızı səhnəyə qoyaq. Siz də işləmək istəyirsizsə, sözünüzü, təklifinizi deyin də. Mən teatra dəyər verən insanı necə tənqid edim? Bəziləri teatrda dəlləklik etməyə çalışırlar. Mənim kimi 37 il çalışsınlar, tamaşa qoysunlar da. Lap 10 il işləsinlər. Niyə hamı tamaşa qoydu yaxşı oldu, Bəsti Cəfərova tamaşa qoydu, pis oldu? Bu "qara piar” deyil, nədi?

- Bəs Yuğ Teatrının rejissorunun dediklərinə nə deyərdiz?

- O rejissoru mən tanıyıram. Mən hesab etmirəm ki, o insan belə bir fikir söyləsin. Bəlkə də fikrini düzgün ifadə etməyib. Bir də Yuğ Teatrı ilə hər zaman əməkdaşlığımız olub. Onların aktyorları bizim teatra dəvət olunublar. İndi birdən-birə niyə iki teatrı üz-üzə qoyublar? Niyə onlar arasında müharibə yaradırlar? Bu da Akademik Dram Teatrına qarşı aparılan qərəzli münasibətin, oyunun bir hissəsidir.
Yuğ Teatrının həmin rejissoru da istedadlı biridir. Ona görə mən inana bilmərəm ki, o, Dram Teatrının qocaman aktyorları barədə belə fikir səsləndirsin. Yenə deyirəm, bütün bu yazılanlar, "qara piar” kampaniyası İsrafil İsrafilova qarşı qərəzdən başqa bir şey deyil. Teatrın uğurlarından, qastrol səfərlərindən niyə yazılmır? Teatrda bir dənə də bu müddətdə uğurlu bir iş ortaya çıxmadı? Hamı pis ola bilməz axı. İsrafil İsrafilov təsadüfi teatra gələn insan deyil. Ona görə də ona qarşı bu piarın arxasında duranlar bilməlidirlər ki, bəzən ondan tələb etdiklərini sadəcə o etmək iqtidarında deyil. Teatr daxilində isə o insan hamının fikrini dinləmək mədəniyyətinə malik insandı. Bilirsiz, bəzən insan ətrafında istedadlı, bacarıqlı insanlar görəndə, özünü onlardan zəif sayanda, belə çirkablara əl atır. İsrafil müəllimə də, Dram Teatrının barədə yalan məlumatlar yayanlara da sözüm odur ki, qüsuru bir az da özlərində axtarsalar, pis olmaz.

Tahirə Məmmədqızı