“Həddini bil!”

Ərdoğan Pekindən Dəmirtaşa səsləndi
“Bu günə qədər toxunulmazlıq zirehi altındadır. Böyük qardaşı dağda yetişib və hələ də dağdadır. Özü də fürsət düşən kimi yəqin ora gedir”


Türk Hava Qüvvələri Şimali İraqda və ölkə daxilində PKK-ya qarşı daha 2 böyük əməliyyat həyata keçirib. Ümumiyyətlə, son bir həftədə PKK terror təşkilatına qarşı başladılan hərbi əməliyyatlarda çox sayda terrorçu məhv edilib.

Əməliyyatlar nəticəsində 261 terrorçu öldürülüb, 300-dən çox qruplaşma üzvü yaralanıb. Yaralananlar arasında HDP-nin həmsədri Səlahəddin Dəmirtaşın qardaşı Nurəddin Dəmirtaşın olduğu da deyilir. Terrorçuların 188 nəfəri Kandildə öldürülüb. PKK-ya məxsus 150 hədəf artilleriya ilə vurulub. Kandilin demək olar ki, yarısı məhv edilib. Əməliyyat zamanı Türkiyənin tanker təyyarələri ilk dəfə havaya qalxaraq, 70 "F-16” qırıcısını havada yanacaqla təmin ediblər.

"Ağzından çıxanı qulağın eşitsin, həddini bil”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xalqların Demokratik Partiyası (HDP) sədri Səlahəddin Dəmirtaş haqqında sərt fikirlər səsləndirib. Çinin paytaxtı Pekində jurnalistlərin suallarını cavablandıran Ərdoğan, Dəmirtaşın "Suruç qətliamını "Saray”dakı xüsusi təyinatlı qrup etdi” ittihamını cavablandıraraq bildirib ki, bu, tərbiyəsizcə irəli sürülmüş ittihamdır: "O, üzərindəki qaranlıq buludları dağıtmağa çalışır. Prezident iqamətgahı çox yüksək məqamdır, bu səviyyəyə düşürüləcək bir yer deyil”. Ərdoğan vurğulayıb ki, Dəmirtaş 7-8 oktyabr qətliamının əsas günahkarıdır: "Bu günə qədər toxunulmazlıq zirehi altındadır. Böyük qardaşı dağda yetişib və hələ də dağdadır. Özü də fürsət düşən kimi yəqin ora gedir. Zatən zaman-zaman təlimatlarıdağdan alırlar”. Türkiyə Prezidenti HDP  sədrini həddini bilməyə çağırıb: "Ağzından çıxanı qulağı eşitsin, həddini bilsin”.

"Türkiyə bir daha 90-cı illərə qayıtmayacaq”

Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib ki, PKK-nın soyuq müharibə vaxtı kimlər tərəfindən yaradıldığını, erməni terror təşkilatı ASALA ilə əməkdaşlığı haqda məlumatlıyıq. Davudoğlu Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşa da ismarıclar göndərib: "Siyasətlə məşğul olanlar öz mövqelərini müəyyənləşdirmək məcburiyyətindədir. Bu hücumlar hamımıza qarşı edilib. Ancaq siz arxanızı o hücumları təşkil edənlərə söykəyəcəksinizsə, biz də söykəndiyiniz divarları, dağları yerlə-yeksan edəcəyik. Qarşınızda keçmiş Türkiyə yoxdur. Biz 1990-cı illərə qayıtmayacağıq. Artıq HDP seçimini etməlidir”.

"Əməliyyat planları PKK-ya ötürülür”

Əldə edilən kəşfiyyat məlumatına görə, PKK hava əməliyyatlarından qorunmaq üçün iki mərhələli plan tətbiq edir. İlk mərhələdə hava əməliyyatları ehtimalının artdığı dövrlərdə təşkilat üzvləri Diyarbəkir, Malatya kimi bölgələrdən qalxan F-16 döyüş təyyarələrinə dair məlumatları Şimali İraqdakı təşkilat vahidlərinə çatdırır.
Təyyarələr PKK-nın nəzarət etdiyi bölgəyə girdiyi andan etibarən təşkilat üzvləri bu məlumatı təşkilat nöqtələrinə ötürürlər. Həmçinin, qeyd edilir ki, PKK-nın bu bölgədəki əsl hakimiyyəti İraq sərhədi içində dağınıq olan irili-xırdalı kiçik düşərgələr üzərindən təmin edilir. Terrorçuların böyük əksəriyyəti dağdakı müxtəlif düşərgələrdə gizlənirlər.

"İran PKK-ya dəstək verir”

İran PKK-nın Suriya qolu PYD-yə silah yardımı göstərir. Bu barədə Qərb mediası məlumat yayıb. Məlumata görə, iyun ayında İraq Kürdüstanının Süleymaniyə bölgəsində PKK və İran İnqilab Qvardiyasının rəsmilərinin də iştirak etdiyi toplantı keçirilib. Toplantıda İran tərəfi PKK-nın Suriya qolu PYD-nin Əsəd hökumətinə dəstək verəcəyi təqdirdə, onlara silah yardımı edə biləcəyini açıqlayıb.
Bundan başqa, İran PYD rəhbərliyini Əsədin hakimiyyətdə qalacağı təqdirdə Suriyada kürdlərə muxtariyyət veriləcəyinə əmin edib.

İsmayıl