Torpaq qalmaqalı...

İş adamı Elçibəyin qardaşının mülkünü mənimsəyib



"Yeni Müsavat” qəzetinin ötən sayında "Elçibəyin qardaşı Almurad Əliyev hakimlərdən Fikrət Məmmədova şikayət etdi” başlıqlı məqalə dərc olunub. Yazıda bildirilir ki, A.Əliyevə mərhum Prezident Heydər Əliyevin bağışladığı torpaq sahəsini mənimsəyən şəxs məsuliyyətdən yayındırılır. Ona görə də A.Əliyev hakimlər İlahə Abbasova və Rizvan Səfərovdan Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova şikayət edib.

Bu barədə onun vəkili Səməd Vəkilov məlumat verib. Məlumat üçün bildirək ki, H.Əliyev tərəfindən A.Əliyevə hədiyyə edilmiş torpaq sahəsini iş adamı Ələkbər Hüseynov Müzəffər Məmmədlinin (Almurad Əliyevin qohumu) etibarından sui-istifadə edərək alıb və ona vəd edilmiş əmlakları bir neçə adama satıb. Buna görə də, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanıb. O, bir müddət istintaqdan yayınmağa nail olsa da, mayın 20-də Yasamal Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Lakin sonradan hakimlər onu azadlığa buraxıblar. Bundan sonra iş üzrə zərərçəkmiş M.Məmmədli hər iki hakimin barəsində Məhkəmə Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova şikayət verib.

Şikayətin nəticələri barədə "Şərq”ə danışan Almurad Əliyev bildirib ki, hələ bir cavab yoxdur: "Gözləyirik, görək necə olacaq. H.Əliyev mənə Yasamalda yerləşən torpaq sahəsi bağışlayıb. Mən də o torpaqların yarısını qohumum M.Məmmədliyə verdim, yarısını da satdım. İş adamı Ə.Hüseynov da onun etibarından sui-istifadə edərək torpağı mənimsəyib, əvəzində 3 otaqlı mənzil verəcəyini deyib. Lakin verməyib. Qalmaqal da ona görə başlayıb”.

Ayyət Əhməd