“Ağ blok”un hədəfi seçkilərdir”

Tural Abbaslı: “Köhnəlmiş partiyalarda hədər yerə mübarizə aparmaq faydasızdır”
“Əgər partiya yaratsaq, Müsavatdan çıxacağıq”



Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı və bir qrup gənc "Ağ blok” adlı təşkilat yaradıb. Təşkilat barədə "Şərq”ə açıqlama verən T.Abbaslı deyib ki, qurum müxtəlif partiyalarda təmsil olunan gənclərin parlament seçkilərində birgə iştirakını təmin etmək məqsədilə yaradılıb...

- Tural bəy, "Ağ blok” hansı zərurətdən yarandı?

- Bilirsiz ki, indiki partiyalarda yeni fikrə, fərqli yanaşmaya, polemikaya şərait yoxdur. Artıq onlarla mübarizə aparmaq da fayda vermir. Hətta partiyalardakı avtoritar rejimlə mübarizə apara-apara özümüz də avtoritarlaşırıq, polemikalara radikal yanaşır, bizə söz deyənə düşmən kimi baxırıq. Ona görə də ən yaxşı üsul yeni blokda cəmləşməkdir. Elə bu səbəbdən siyasi blok yaratmaq qərarına gəldik.

- Bəs, bu vaxta kimi gözləməyinizin səbəbi nə idi?

- Biz uzun illər çalışdıq ki, Müsavatdakı problemləri aradan qaldıraq və rəhbərliyin siyasi mövqeyini dəyişdirək. Elə başqanlıq seçkisində iştirak etməyimizin məqsədlərindən biri də bu idi. Niyyətimiz partiyada yeni ideyaları həyata keçirmək, fərqli fikirlərə meydan vermək idi. Qurultaydan sonra gözlədik ki, bəlkə yeni başqan əksəriyyətin istəyini həyata keçirəcək. Ancaq gözlədiyimizin əksi oldu və daha anti-demokratik mühit formalaşdırıldı. Gənclər olaraq bizim fəaliyyətimiz nəinki rəhbərlik, hətta adi partiya işləri səviyyəsində belə məhdudlaşdırıldı. Bu səbəbdən biz də özümüzə alternativ fəaliyyət platforması yaratmağa məcbur olduq.

- Yəni məcburiyyətdən belə bir blok yaratdız?

- Təkcə məcburiyyətdən yox, xalqdan aldığımız reaksiyalar da buna təkan verdi. Heç kimə sirr deyil ki, əhali ölkə müxalifətinə, onların nə vaxtsa qalib gələcəyinə inanmır. Fikirləşdik ki, köhnəlmiş partiyalarda hədər yerə mübarizə aparmaq faydasızdır. İnsanlar mitinqlərimizə gəlmir, aksiyalarımıza qoşulmur, seçkilərdə passivlik göstərir. Bütün bunlar bizə nəticə çıxarmaq üçün ən yaxşı mesajlar idi. Yeni bir təqdimata ehtiyac var idi. Açıq şəkildə insanlar bizə deyirdilər ki, "eyni simaları görməkdən, təkrar sözləri eşitməkdən yorulmuşuq”. Biz də istədik ki, xalqa bir alternativ təqdim edək və göstərək ki, yeni simalar, yeni ideyalar var, əgər köhnələrə inanmırsızsa, onda yenilərə dəstək verin. Aydındır ki, xalqın dəstəkləmədiyi siyasi qüvvənin uğur qazanması mümkünsüzdür.

- Deməli, hədəfiniz parlament seçkilərində iştirak etməkdir?

- "Ağ blok” birbaşa seçkiyə hədəflənmiş bir təşkilatdır. Üç aylıq bir müddətdə seçki bloku kimi fəaliyyət göstərəcəyik. Ona görə də hələlik blokun strukturlaşmasına enerjimizi sərf etmirik. Namizədlərin müəyyənləşdirilməsi, cəmiyyətə verilən seçki mesajlarının, vədlərinin hazırlanması, blokun təbliğatı istiqamətində işlər görülməsini daha məqsədəuyğun sayırıq. Seçkidə iştirak edəcəyik və nəticədən asılı olmayaraq, ondan sonrakı fəaliyyətimizi müəyyən edəcəyik.

- Siz "Ağ blok”un gələcəkdə siyasi partiyaya çevrilə biləcəyini istisna etmirsiz. Müsavatın Mərkəzi İcra aparatının rəhbəri Gülağa Aslanlı isə deyir ki, T.Abbaslı partiya yaradacağı təqdirdə qurumdan kənarlaşdırılacaq. Buna münasibətiniz necədir?

- Arif Hacılı sədr seçiləndən sonra lüzumsuz sərt siyasət yürütməyə başladı və partiyanın çox nüfuzlu şəxsləri qurumdan nahaq yerə uzaqlaşdırıldı. Qubad İbadoğlu tərəfindən yaradılan ADR üzvlərinə münasibət də belə oldu. O ki qaldı mənim partiyadan çıxarılacağıma, əgər biz "Ağ blok”u partiyaya çevirmək qərarı alsaq, o zaman Gülağa Aslanlının bu cür açıqlama verməsinə ehtiyac qalmayacaq. Eyni zamanda Arif Hacılı da bizi partiyadan çıxartmaq zəhmətinə düşməyəcək. Özümüz kifayət qədər siyasi bilik və təcrübəyə malikik. Bilirik ki, hansısa vətəndaş sadəcə bir partiyanın üzvü ola bilər. Eyni vaxtda iki siyasi qurumda təmsil olunmaq partiyalar haqqında qanuna ziddir. Əgər partiya yaratsaq, Müsavatdan çıxacağıq. Amma bunun düşmənçilik zəminində olmasını istəmirik. Ən azından bizim tərəfdən onlara qarşı elə münasibət olmayacaq.

- ABŞ səfirliyində görüşünüz oldu, görüşdə məqsəd nə idi, hansı məsələləri müzakirə etdiniz?

- Biz səfirliyin siyasi işlər üzrə müşaviri Syuzan Çesli ilə görüşdük. Dəvət onlar tərəfindən gəlmişdi. Əsas müzakirə mövzusu "Ağ blok”un fəaliyyəti oldu. Blokun yaranma məqsədi, qarşısına qoyduğu məqsədlər barədə geniş fikir mübadiləsi apardıq. Görüş səmimi şəraitdə keçdi və bir saatdan artıq davam etdi. Səfirlik nümayəndəsi blokun hədəfləri və məqsədləri barədə öz qeydlərini apardı və bundan sonra da əməkdaşlıq etmək istədiklərini dedi.

İsmayıl