“Pənah Hüseyn mənim köhnə dostumdur”

Sabir Rüstəmxanlı: “Söhbətimizdə nəticələr olmadığına görə hələlik onlarla bağlı açıqlama vermək istəmirəm”



Ötən gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynlə görüşüb.

VHP-nin baş qərargahında keçirilən görüşdə ölkədə və dünyada baş verən proseslər, qarşıdan gələn parlament seçkiləri və hər iki partiyanın əməkdaşlıq perspektivləri müzakirə edilib. Keçirilən görüşlə və seçki prosesi ilə bağlı "Şərq”ə danışan Sabir Rüstəmxanlı rəhbərlik etdiyi partiyanın parlament seçkisinə hazırlaşdığını deyib...

- Sabir bəy, AXP sədri Pənah Hüseynlə hansı məsələləri müzakirə etdiniz? Gündəmdə AXP-VHP bloku varmı?

- "Milli Strateji Düşüncə Mərkəzi”ndə Qarabağla bağlı müzakirə məsələsi var idi. Bizim əsas söhbətimiz onunla bağlı idi. Təbii ki, bundan başqa da fikir mübadilələri oldu. Amma konkret nəticələr olmadığına görə hələlik onlarla bağlı açıqlama vermək istəmirəm. Pənah Hüseyn mənim köhnə dostumdur. Biz onunla və digər siyasilərlə zaman-zaman bir araya gəlir və dünyada, ölkədə baş verən ictimai-siyasi prosesləri dəyərləndiririk. Belə görüşlərə xüsusi bir səbəb axtarmaq lazım deyil.

- Seçkiyə 3 aylıq bir zaman qalıb. VHP-nin hazırlıq durumu necədir?

- Ümumi şəkildə seçkiyə hazırlaşırıq. Ancaq bu gün (dünən) partiyamızın Siyasi Şurasının iclası keçiriləcək. Həmin iclasda mövcud prosesləri müzakirə edib seçkidə iştirakla bağlı konkret qərarlar alacağıq. Ən azından seçkidə iştirak formasını müəyyən edəcəyik.

- Qurultayla bağlı hazırlıq işləri davam edirmi?

- Rayonlarda konfranslar gedir, ümumi formada qurultaya hazırlaşırıq. Görülən işlər və konfranslar başa çatdıqdan sonra partiyanın qurultayını keçirəcəyik.

- Partiya sədrliyinə namizədliyinizi verməyəcəyinizi açıqlamışdınız. Qərarınızda bir dəyişiklik olubmu?

- Yenidən sədrliyə namizədliyimi verib-verməyəcəyim qurultayda müəyyənləşəcək. Bu başdan dəqiq bir şey deyə bilmərəm.

- Ali Məclisin sədri Rafiq Manaflı deyib ki, Sabir Rüstəmxanlı sədr olmayacağı təqdirdə partiyada problem yaranacaq. Həqiqətən partiyadan gedişiniz qurumu çətin vəziyyətdə qoyacaqmı?

- Yox, məncə, heç bir problem yaranmaz. Rafiq bəy və partiyadakı digər köhnə dostlarım mümkün qədər çalışırlar ki, mən partiya sədrliyində qalım. Amma hər halda mən niyyətimi açıqlamışam. Qalıb-qalmayacağım partiyada müzakirə ediləcək.

İsmayıl