Nəzarətsiz buraxmaq olmaz

Keçmiş MTN naziri Nəriman İmranov və İlqar Qasımovun təşəbbüslərinin arxasında maraqlı qüvvələr var



Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranov və Rusiyanın Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı İlqar Qasımov Azərbaycanın bir qrup ictimai və siyasi xadimləri ilə birlikdə Azərbaycanda Avrasiya Hərəkatı yaradır.

Bu barədə təşəbbüs qrupunun üzvlərindən biri məlumat verib. İddialara görə, Nəriman İmranovun və İlqar Qasımovun əsas məqsədi Azərbaycanda Putinin Avrasiya İttifaqı ideyasını populyarlaşdırmaqdır. Artıq təşəbbüs qrupu hərəkatın rəsmi qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət edib. Qrup üzvləri deyiblər ki, "dünyada baş verən mürəkkəb iqtisadi-siyasi proseslər və yeni geosiyasi çağırışlar təbii şəkildə avrasiyaçılıq ideyasının aktuallaşmasını ön plana çıxarır”.

Məlumat üçün bildirək ki, sovet "KQB”-sinin zabiti Nəriman İmranov 1993-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə başçılıq edib. O, MTN-in təcridxanasından Rəhim Qazıyevin, Ələkrəm Hümbətovun qaçırılmasından sonra dövlətə xəyanətdə suçlanıb və ölüm cəzasına məhkum olub. Ancaq daha sonra əfv edilib. Uzun müddət səsi çıxmayan belə bir şəxsin gözlənilmədən Rusiya Ədliyyə Nazirliyinin generalı ilə siyasi səhnədə peyda olması ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Məsələyə münasibət bildirən sabiq MTN zabiti İlham İsmayıl deyib ki, bu kimi addımların atılması heç vaxt səbəbsiz olmur: "Həbsdən çıxandan uzun müddət sonra keçmiş nazirin və İlqar Qasımovun qəfildən belə bir addımı atması təbii ki, arxada bir qüvvənin olmasından xəbər verir. İkincisi də, birdən-birə hər şeyi unutmuş adamların yenidən indiki dövrdə, yaşlarının bu vaxtında siyasi səhnəyə qayıtması, sadəcə olaraq, öz təşəbbüsləri kimi dəyərləndirilə bilməz. Bu təşəbbüsün arxasında Rusiya dayana bilər. Həm Rusiya, həm də Rusiya ətrafında dayanan avrasiyaçılıq ideyası ilə "silahlanmış” qüvvələr hər fürsətdən istifadə edirlər. Azərbaycan rəsmilərinin Avropaya tənqidi münasibətlərinin tez-tez ortaya çıxması da buna rəvac verir. Yəqin, Avropa İttifaqının rəsmisi Tuskun Azərbaycana səfərindən sonra bəzi qüvvələr bu ssenarinin vaxtının çatdığını düşünüblər. Qrupun bəyanatında "müvafiq milli hərəkat formasında” ifadəsi yer alır. Əgər bu avrasiyaçılıq Azərbaycanı təzədən Rusiyanın qoynuna atmaqdırsa, burada hansı "milli hərəkatdan” söhbət gedir?. "Azərbaycanda bu ideyaya kimlərin dəstək verəcəyi az müddətdən sonra bəlli olacaq. Ümumiyyətlə, burada Azərbaycanın Rusiyanın təsiri altında olmasını istəyən siyasi qüvvələr, yaxud qeyri-siyasi adamlar çoxdur. Azərbaycanda "Beşinci kolon” mövcuddur. Hər halda, bu, ciddi məsələdir. Düzdür, bu, Azərbaycanda özünün geniş ətrafını tapmayacaq. Amma bunu nəzarətsiz də buraxmaq olmaz”.

İsmayıl