“Yetim” sevindirirlər...

AZAL rəhbərliyi uydurmalar dövriyyəyə buraxır
“AZAL-da qiymətlər hətta 40-50 faiz aşağı salınmalıdır"



Dövlət başçısının ölkədəki qiymətlərlə əlaqədar tənqidi fikirləri, müəyyən qurumlara ünvanlı iradları xeyli müzakirə mövzusu olsa da, vəziyyət hələ ki, dəyişməyib. Xüsusən də, "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin aviabilet müəmması davam edir. Qeyd edək ki, "Azərbaycanda aviabiletlərin baha qiymətə olması iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda dövlət başçısı İlham Əliyev tərəfindən də kəskin tənqid edilib.

Amma ortada sərnişinlərin xeyrinə hesab olunacaq bir addım yoxdur. Doğrudur, ölkə başçısının sərt xəbərdarlığından sonra AZAL aviabiletlərin qiymətinin 20 faiz endirilməsi ilə bağlı açıqlama yaydı və bu qərardan sonra çox adam sevindi. Xüsusən də, yay mövsümündə xarici ölkələrə səfər planlaşdıranlar. Amma AZAL çox keçmədən sərnişinlərin bu sevincini onların gözündəcə qoyaraq, 20 faiz qiymət endirimi ilə yanaşı, bir sıra dəyişikliklər də ediləcəyini bəyan etdi. Belə ki, bundan sonra AZAL ilə xarici ölkəyə getmək istəyənlər 5 kilodan artıq əşya üçün əlavə ödəniş etməli olacaqlar. Əlavə baqaj üçün 25 manat ödəniş (iki tərəfə 50 manat) nəzərdə tutulub. Həmçinin səyahət zamanı təyyarədə yemək ödənişli həyata keçiriləcək. Görünən odur ki, AZAL rəhbərliyi isə qiymət endiriminə getmək əvəzinə, xərclərinin çox olduğunu iddia edir və qiymətdə xalqı aldadır. Əslində isə aviabiletlərin qiyməti süni şəkildə qaldırılır. Bir halda ki, Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir, başqa ölkələrə nisbətən ağ neft də onlara ucuz qiymətə verilir. Üstəlik də, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır, bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Maraqlıdır, AZAL rəhbərliyi hansı xərcləri nəzərdə tutur? İqtisadçılar isə bu fikirdədir ki, AZAL-ın fəaliyyətində köklü islahatlar aparılmalıdır. Yalnız bu halda qiymət endirimi müvəqqəti deyil, daimi xarakter daşıya bilər. Qeyd edək ki, ekspertlər problemin AZAL-ın sərnişin daşımadan kənar xərclərinin böyük olması ilə izah edir. AZAL-ın inzibati xərcləri həddindən artıq yüksəkdir. Şişirdilmiş aparat, şişirdilmiş qiymətlər və s. sərnişin başına düşən xərcləri artırır. Yəni inzibati idarəetmədə işləyənləri sayının pilotların və xidmət sektorunda işləyənlərin sayına nisbəti beynəlxalq səviyyəyə uyğun olmalıdır. Amma belə görünür ki, bu nisbət AZAL-da dəfələrlə yüksəkdir ki, ucuz qiymətə aldığı yanacaqla, pulsuz əldə etdiyi təyyarələrlə və infrastrukturla belə, başqa şirkətlərlə rəqabət apara bilmir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı-ekspert Vahid Əhmədov ölkə başçısının hökumət üzvlərinin iştirak etdiyi müşavirədə qiymətlərlə bağlı iradlarından sonra da bu sahədə hələlik dəyişən bir şey olmadığına çox təəssüfləndiyini vurğulayıb: "Cənab Prezident son vaxtlar ictimaiyyətə çox ciddi mesajlar verdi. Bu mesajlardan biri də aviasiya biletləri ilə əlaqədar oldu. Doğrudan da, bu sahədə vəziyyət yaxşı deyil. Yəni qiymət siyasəti düzgün qurulmayıb və bazar iqtisadiyyatının boşluqlarından istifadə edərək sahibkarlar, yaxud qeyri-sahibkarlar qiyməti qaldırırlar. AZAL-ın qiymətləri ilə yaxın Gürcüstan, ya Türkiyəni müqayisə edəndə görürük ki, qiymətlər çox yüksəkdir”.

Millət vəkilinin sözlərinə görə, AZAL-ın gəlirlərinə, rentabellilik dərəcəsinə, hesablamalarına baxıb, konkret endirimlər müəyyən etmək olar:

"AZAL-da qiymətlər hətta 40-50 faiz aşağı salınmalıdır. AZAL rəhbərliyi öz dediklərini sübut etməlidir ki, qiyməti məsələn, 20 faiz endirsə, müəssisə zərərlə işləyəcək. Bunlar hamısı uydurmalardır. Prezident də qeyd edirsə ki, bütün təyyarələr, yanacaq dövlət tərəfindən verilir, deməli, əlavə müzakirəyə ehtiyac qalmır. Elə isə qiymətlər niyə yüksək olmalıdır? Niyə Gürcüstan və Türkiyədə qiymətlər aşağı olmalıdır, Azərbaycanda yüksək? Həm də ki, ölkənin Maliyyə və İqtisadi İnkişaf Nazirliyi var. Onlar AZAL-ın gəlirlərini və xərclərini hesablayıb, ölkə başçısına məlumat verəcəklər. AZAL rəhbərliyinin deməyi ilə deyil axı? Yəqin ki, müəyyən qərarlar qəbul olunacaq, ona görə də tələsmək lazım deyil. İnanıram ki, iqtisadi inkişaf naziri cənab Şahin Mustafayev tərəfindən müəyyən qərarlar veriləcək”.

Əlavə baqajlar üçün ödənişlərin edilməsinə gəldikdə isə millət vəkili deyib ki, bu siyasət qəbuledilməzdir: "Bir tərəfdən ölkə başçısı qiymətlərin yüksək olduğunu bəyan edir, digər tərəfdən də AZAL baqajlar üçün əlavə qiymət təqdim edir. Halbuki Azərbaycanın aviasiya bazarında digər şirkətlər yoxdur. Yeganə, monopolist şirkət AZAL-dır. Aviasiya ilə əlaqəli digər şirkətlərin heç biri Azərbaycana buraxılmır. Bir neçə dəfə cəhdlər olsa da, sonradan bu məsələ gündəmdən düşdü. Əgər digər şirkətlərə burada fəaliyyət imkanı verilsə, əlbəttə, qiymətlər belə yüksək olmaz. Görünür, aviasiya sahəsində rəqabət olmadığı üçün də AZAL qiymətləri istədiyi kimi müəyyən edir.

Düzdür, AZAL çox yaxşı işləyir, rahatlıq, keyfiyyət yüksək səviyyədədir, müasir təyyarələr gətirilib. Amma problem yalnız qiymət sarıdandır. Qiymət də o zaman yüksək olur ki, orda monopoliya var, alternativ yoxdur, insanlar mövcud qiymətlə razılaşmağa məcburdur. Görünür, bazara başqa şirkətləri buraxmaq AZAL-a sərf etmir. Bunu istəmirlərsə, onda məsələyə dövlət qarışır və qiymətlərə də dəyişiklik ediləcək.

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev isə deyib ki, AZAL-ın qiymət endirimlərinə getməməsinin konkret səbəblərini öyrənmək üçün çox yaxşı olar ki, mətbuat dərin bir təhlil aparsın: "AZAL-ın qiymət siyasəti 1998-99-ci illərin qəzetlərində geniş şəkildə təhlil olunub və bütün səbəblər açıqlanıb. Hər şeyi ancaq bu yolla aydın etmək olar. Yoxsa ki, epizodik olaraq, AZAL-ın qiymətləri ilə bağlı şərh vermək doğru olmaz”.

Şəymən