Güllə səsləri səngiməyib...

Türkiyə dövlətçiliyi yaşam mübarizəsi aparır, ABŞ isə terror təşkilatlarına nəfəs verir



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-ya qarşı hərbi əməliyyatların başladığı 22 iyul 2015-ci il tarixindən indiyə qədər nə qədər terrorçunun öldürüldüyünü açıqlayıb. Ərdoğan hərbi təyyarələrin dəqiq koordinatlar əsasında terrorçulara zərbələr endirdiyini bildirib: "Kəşfiyyat orqanlarımız içəridə və Kandil dağı da daxil olmaqla, xaricdə lazımi çalışmalar həyata keçiriblər.

Koordinatlar Silahlı Qüvvələrimizin əlindədir. Onlar həmin koordinatlar əsasında vururlar, boşuna dağı-daşı yox. Terrorçuların sursat anbarlarından tutmuş, gizləndikləri yerlərə qədər zərbələr endirilir. Təkcə hava əməliyyatları deyil, quruda da əməliyyatlar aparılır”. Prezident 1300-ü ölkə daxilində olmaqla, ümumilikdə 2 mindən çox PKK terrorçusunun məhv edildiyini söyləyib.

İstefa verən kürd nazirlərin yerinə təyinat...

Xəbər verdiyimiz kimi, Türkiyədə qurulan müvəqqəti hökumətin HDP-li iki naziri vəzifəsindən istefa verib. Vəzifə borcunu yerinə yetirməkdən imtina edən nazirlərdən biri Avropa Birliyi naziri Əli Heydər Qonca, digəri isə İnkişaf naziri Müslim Doğandır. Hər iki nazir istefa müraciəti ilə bağlı çıxışlarında Ərdoğanı tənqid ediblər. Hökumət rəhbəri Davudoğlu kürd nazirlərin istefa ərizəsini qəbul edib və onların yerinə yeni nazirlər təyin edib. Aİ ilə işlər üzrə yeni nazir xanım Beril Dedeoğlu İstanbulun Qalatasaray Universitetində beynəlxalq əlaqələr fakültəsinin professorudur. Onun Aİ üzrə mütəxəssis olduğu, Türkiyə Ali Təhsil Şurasında çalışdığı və kürd məsələsinin nizamlanması məsələsində aktiv rol oynadığı bildirilir. Cüneyd Düzyol İnkişaf Nazirliyinin rəhbərliyinə gətirilib. Düzyol nazirlikdə müşavir vəzifəsində çalışıb.

"PKK və HDP türkə düşmən qüvvələrin ortaq layihəsidir”

Bugünlərdə PKK Türkiyə ilə sülhə nail olmaq üçün bəzi şərtlərini açıqlayıb və bu şərtlərə əməl ediləcəyi təqdirdə silahlı mübarizədən imtina edəcəyini bildirib. Əvvəlki illərdən fərqli olaraq müstəqillik deyil, muxtariyyət istədiklərini bildirən PKK, sülhə nail olunmayacağı təqdirdə gələcək mübarizənin daha amansız olacağını qeyd edib. Ekspertlər PKK-nı yaxına buraxmağın Türkiyə üçün təhlükəli nəticələrə səbəb ola biləcəyini vurğulayıblar. Əksəriyyət hesab edir ki, PKK və HDP Türkiyəni bölmək, türk dünyasının birliyini sarsıtmaq üçün türkə düşmən qüvvələrin ortaq layihəsidir. Ərdoğan hakimiyyətinin onları çox yaxına buraxmasına baxmayaraq, hər iki qurum erməni xislətini nümayiş etdirirlər. Onlara görə, PKK və HDP Türkiyə siyasəti və ictimai həyatından tam təcrid edilməlidir. Necə deyərlər, "ilanın ağına da lənət, qarasına da”.

"PKK-nı terror təşkilatı kimi tanımırıq”

ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi PKK-nın Suriya qolu YPG-nin terrorçu təşkilat olmadığını deyib. Vaşinqtonda keçirdiyi mətbuat konfransında jurnalistin "Türkiyə hökuməti YPG-ni terrorçu olaraq görür, ABŞ hakimiyyəti isə dəstək verir. İki dövlət arasında bu qədər kəskin fərq olduğu halda Türkiyə ilə birgə əməkdaşlığı necə aparırsız” sualına "ABŞ YPG-ni terrorçu təşkilat kimi görmür” cavabı verib: "Biz YPG-ni terrorçu təşkilat saymırıq. Suriyada İŞİD-ə qarşı mübarizədə uğur qazandıqlarını sübut etdilər. Əməkdaşlığımız davam edəcək. Türkiyə ilə də danışıqlarımızı davam etdiririk. Hər mövzuda eyni fikirdə olmaq məcburiyyətində deyilik. Mübarizə apararkən harada, nə vaxt, əlinizdən nə gələrsə, onu edərsiniz. Biz də bu mübarizəni belə aparırıq”.

Xatırladaq ki, BMT-nin İnsan Haqları qrupu yaydığı hesabatda YPG-nin terrorçu fəaliyyətini qınamış, onu vəhşiliklər törətməkdə ittiham etmişdi.

İsmayıl