Mənzillərin bazar dəyəri Nazirlər Kabineti tərəfindən təyin edilmir
Sakinlərə kompensasiya elə ödənməlidir ki, şəhərin mərkəzi hissələrində mənzil sahibi olmuş sakin yenə də mərkəzi hissədə mənzil ala bilsin
Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsi Maliyyə Nazirliyi tərəfindən tənzimlənir və bu proses bazar qiyməti əsasında aparılır. Bunu Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib. Paytaxtda söküləcək binalarla bağlı danışarkən E.Əzizov vurğulayıb ki, köhnə binaların da insanlar kimi əvvəli və axırı var: "Köhnə binalar sökülür, onların yerində yeni binalar tikiləcək. Aparılan siyasətin nəticəsidir ki, bu gün Bakı şəhəri genişlənir, gözəlləşir". Qeyd edək ki, Bakıda siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Hazırda komitə digər yerli qurumlarla birgə inventarlaşdırma işləri aparırlar. Bu binaların sakinləri mənzillərin müqabilində kompensasiya alaraq evlərini tərk edəcəklər. "Böyük Bakının Regional İnkişaf Planı"na əsasən, ilkin mərhələdə söküləcək binalar Binəqədi, Xətai, Nizami, Nəsimi, Sabunçu və Səbail rayonlarında yerləşir. İnventarlaşdırma işləri başa çatan kimi Nazirlər Kabinetinin qərarı açıqlanacaq. Bu qərardan sonra ən qısa zamanda, hətta il ərzində binaların sökülməsi və əhalinin də köçürülməsi nəzərdə tutulub. Bununla bağlı Nazirlər Kabineti tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlarla birgə işçi qrupu yaradılıb. Evləri plana düşən sakinlərə kompensasiya məbləği ilə bağlı yekun qərar da açıqlanacaq. Buna qədər plana düşən evlərin sahiblərinə hər kvadratmetrinə görə 2 min manat civarında kompensasiya verilirdi. Nazirlər Kabinetinin verəcəyi qərara uyğun olaraq kompensasiyanın məbləği məlum olacaq. Bu məsələdə binaların hansı ərazidə yerləşməsi də nəzərə alınacaq. İkinci mərhələdə Bakı şəhəri üzrə 60-dan çox binanın da sökülərək yerində yeni binalar tikiləcəyi gözlənilir. Hazırda yeni tikiləcək binalarla bağlı tikinti şirkətləri ilə bağlı danışıqlar aparılır.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, daşınmaz əmlak bazarında ciddi qiymət artımı olduğu üçün evləri sökülən və ya söküləcək sakinlərə ödənilməli olan kompensasiya məbləğinə də yenidən baxılmalıdır:
"Paytaxtda söküntü işləri 2 formada aparılır. Bir, dövlət tərəfindən, bir də özəl şirkətlər tərəfindən. Torpaqların dövlət ehtiyacları üçün satın alınması zamanı hər hansı yaşayış binasının, qeyri-yaşayış obyektinin sökülməsi, sakinlərin köçürülməsi zərurəti yarandıqda qiymətləndirmə qanuna müvafiq şəkildə aparılır və sakinlərə kompensasiya ödənilir. Dövlət satınalmaları haqqında qanuna görə qiymətləndirmə bazar qiymətləri il aparılır. Sakinlərə təyin olunan kompensasiyaya üstəlik 20 faiz də əlavə kompensasiya ödənilir. Ki, məsələn, şəhərin mərkəzi hissələrində mənzil sahibi olmuş sakin yenə də mərkəzi hissədə mənzil ala bilsin. Elə bir məbləğ olsun ki, mərkəzdə mənzil almağa yetsin. Qanunda belədir. Amma söküntü işləri özəl tikinti şirkətləri tərəfindən aparıldıqda sakinlərə yeni tikiləcək binalarda mənzillər təklif edilir, bundan əlavə 2-3 il müddətinə - tikinti işləri nə qədər davam edəcəksə, həmin müddət ərzində sakinlərə həm kirayə haqqı ödənilir, həm də əşyaların daşınma xərcləri. Ümumiyyətlə, Bakının təsdqilənmiş Baş Planına uyğun olaraq 2040-cı ilədək köhnə binalar sökülməli, yeni, müasir yaşayış binaları inşa olunmalıdır. Amma əlbəttə ki, sakinlərin mülkiyyət hüquqları qorunmaq şərtilə. Əmlak bazarında bəllidir ki, son dövrlərdə ciddi qiymət artımı var. Ona görə də kompensasiya məbləğlərinin hesablanmasına yenidən baxılmalıdır. Kompensasiya məbləğlərində artım edilməlidir. Təbii ki, qiymətləndirmə əraziyə görə fərqlənəcək".
“Əmlak” Ekspert Mərkəzinin sədri Ramil Osmanlı isə “Sherg.az"a açıqlamasında bildirdi ki, mənzillərin bazar dəyəri Nazirlər Kabineti tərəfindən təyin edilmir:
" Bu vaxta qədər evləri sökülən və ya dövlət ehtiyacları üçün alınan şəxslərə ödənilməli olan kompensasiyaların məbləği ilə bağlı müzakirələr həmişə davam edir. İlk növbədə qeyd edim ki, rəqəmlər Bakının bütün əraziləri üzrə eyni ola bilməz. Mənzilin bazar dəyəri Nazirlər Kabineti tərəfindən müəyyən olunmur. Bu rəqəm ümumi qərarın icrası zamanı cəlb olunanan müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Müəyyən edilərkən də ərazi üzrə orta bazar qiymətləri əsas götürülür. Bu rəqəm kompensasiya deyil, mənzilin bazar dəyəridir. Kompensasiya isə ayrı-ayrı istiqamətlər üzrə sökülən evlərin bazar dəyərinə əlavə olunan rəqəmlərdir. Bu da “Dövlət ehtiyacları üçün torpaqların geri alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir. Burada ümumi dəyərin bəzən 20, bəzən 10 faizi hesablanır. Yenə də qeyd edim ki, qiymət ərazilər üçün eyni deyil. Ola da bilməz. Dəyərləndirmə ərazi üzrə, yaşayış yerinin ümumi vəziyyəti, mənzilin ölçüləri və sair meyarlara uyğun müəyyən edilir".