Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı Bakıda konfrans keçirilir

Bakıda "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfrans təşkil olunub.

APA xəbər verir ki, tədbirə Fransanın işğalına qarşı, Mayot adasının Qəmər Adaları İttifaqının tərkibinə qaytarılması uğrunda mübarizə aparan Qəmər Adaları İttifaqı və Mayot adasının ictimai-siyasi xadimləri, elmi dairələrinin nümayəndələri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi partiyalarının üzvləri, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edir.

Konfransda Qəmər Adalarında Fransanın müstəmləkəçilik tarixi, Mayotun Fransa tərəfindən işğalı və bunun nəticəsində qəmərlilərə vurulmuş ziyan, Fransanın bu bölgədə müstəmləkəçilik siyasətinin geosiyasi və iqtisadi maraqları, habelə Qəmər Adaları İttifaqının Mayot adası ilə bağlı beynəlxalq təşkilatların mövqeyinin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, tədbir beynəlxalq hüquq çərçivəsində müstəmləkəçilik siyasəti ilə mübarizə aparan xalqlara dəstək göstərən Bakı Təşəbbüs Qrupunun son 1 ildə keçirdiyi 16-cı analoji konfransdır.