Dövlət qurumlarının mətbuat xidməti rəhbərləri peşəkar olmalıdır

O zaman jurnalistlər narazı olmayacaq, asan məlumat ala biləcəklər




Jurnalist üçün xəbər hər şeydən önəmlidir. Ölkədə və dünyada baş verən hadisələri, önəmli xəbərləri operativ şəkildə oxuculara çatdırmaq borcumuz olsa da, hərdən informasiya əldə edərkən çətinliklərlə üzləşirik. Jurnalistlər bu problemi daha çox dövlət qurumlarının mətbuat xidmətləri ilə yaşayırlar. Təbii ki, jurnalistlərin dəqiq informasiya üçün müraciət etdikləri əsas ünvan müxtəlif dövlət qurumlarının mətbuat xidmətləridir. Bu mənada dövlət orqanlarının mətbuat xidmətlərinin də yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, ən çox KİV əməkdaşlarının işinə yarayar.

(... əvvəli ötən sayımızda)

Elə onların işi də mətbuat nümayəndələrinin sorğularını cavablandırmaq, onlarla əlaqə qurmaqdır. Təəssüf ki, Azərbaycanda bir sıra dövlət qurumlarının mətbuat xidmətləri cəmiyyətlə əlaqələrdə maraqlı deyil və buna görə jurnalistlər üçün qapalı sayılır. Yəni dövlət qurumlarında birbaşa mətbuat nümayəndələri ilə sıx əlaqələrin yaradılması üçün yaradılan mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları jurnalistlərlə yaxın olmaq əvəzinə, onların telefon zənglərinə cavab vermir, suallarına ümumilikdə bir neçə cümlə ilə cavab verir, yaxud da ümumiyyətlə cavab vermir.

Belə ki, orqanların mətbuat xidmətlərinin işləməməsi və yaxud işləyirmiş kimi görünərək jurnalistləri "başdan etməsi” heç kimə sirr deyil. Jurnalist məlumat əldə edir, əldə etdiyi məlumatı dəqiqləşdirmək üçün təbii ki, sözügedən qurumun mətbuat xidmətinə müraciət edir. Cavabında telefonlar ya sönülü olur, sönülü olmasa da, cavab verən olmur, bəziləri isə "sualınızı "e-mail”imizə göndərin, rəsmi cavab verək” deyir. Elektron poçta suallar yazılıb göndərilir və iş saatının sonuna kimi gözü poçt ünvanında qalır. Cavab isə bir neçə günə gəlir, ancaq vaxtında verilməyən cavab kimə və nəyə lazımdır? Aidiyyəti qurumdan cavab ala bilməyən jurnalist də əlində olan məlumatı ya risk edib yayır, ya da hazırladığı materialın üzünə baxa-baxa qalır, hansı ki, məlumat cəmiyyət üçün çox lazımlıdır və onu vaxtında vermək lazımdır.

Ölkədə elə idarə və təşkilatlar da var ki, rəhbərini tapmaq mümkündür, mətbuat xidmətinin əməkdaşını tapmaq isə mümkün deyil.

Bəzi mətbuat xidmətləri isə press-reliz yaymaqla işlərini bitmiş hesab edirlər. Media ilə işləmək, jurnalistləri maraqlandıran suallara cavab vermək isə onlarlıq deyil. Bunun nəticəsidir ki, 
jurnalistlər hər hansı bir məlumatı dəqiqləşdirmək üçün alternativ mənbələrə çıxmaq və qeyri-rəsmi informasiyanı yaymaq məcburiyyətində qalırlar.

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin qənaətincə, informasiya əldə etməyin mümkün olmamasının kökündə duran səbəblərdən biri qanunvericiliyin kifayət qədər öyrənilməməsidir: "Bu sıraya psixoloji və inzibati amilləri də əlavə etmək olar. Mətbuat xidməti rəhbərlərinin əksəriyyətinin qarşısında tələb qoyulub ki, həmin qurumların rəhbərliyinin xüsusi icazəsi olmadan heç bir məlumat verilməsin. Böyük bir qismi ehtiyat edir ki, mətbuata verilən informasiya bu qurumlarda baş verən hansısa əməllərin üstünün açılmasına səbəb ola bilər”.

Ekspertin sözlərinə görə, nəzəriyyədə informasiyanın qarşısını almaq üçün hansısa fundamental qadağa yoxdur. Bəs təcrübə nəyi göstərir? Ölkəmizdə elə nazirlik var ki, onun mətbuat xidmətinə düşmək ümumiyyətlə mümkün deyil. Ancaq elə nazirlik də var ki, onunla əlaqə qurmaq çox rahatdır: "Bu onu göstərir ki, vəziyyət özbaşına buraxılıb. Əgər söhbət piarın vacibliyini, KİV-in mənasını başa düşən yaxşı rəhbərdən gedirsə, orda vəziyyət yaxşıdır. Ancaq elələri də var ki, özlərini şah hesab edirlər, əgər o, hansısa məlumatın KİV-ə düşməsini istəyirsə, o məlumat gedəcək, istəmirsə, getməyəcək. Əgər nazirliyin başında duran şahdırsa, onda oranın mətbuat xidməti nə edə bilər ki? Mətbuat xidməti burada adi bir vintcikdi, onun əlindən heç nə gəlmir. Mətbuat xidməti yuxarıdan asılıdır, o, özbaşına informasiya verə bilməz. Mətbuat xidməti rəhbərinin başında da bir rəhbər dayanır, əgər birincisi düzgün davranmasa, sərt cəzalandırıla bilər. Ona görə də hətta cəmiyyətə ən açıq olmalı olan bəzi mətbuat xidmətlərinin rəhbərləri də rəhbərliyin icazəsi olmadan, heç bir məlumat ötürə bilməzlər, onlar öz rəhbərlərini tapmalı və məlumatın mətbuata ötürülməsinin icazə verilib-verilmədiyini müəyyənləşdirməlidirlər”.

Mətbuat xidmətinin əlaqədar dövlət qurumu rəhbərliyinin birbaşa tabeçiliyindən çıxarılmasına münasibət bildirən ekspert bunun əlavə problemlərin yaranmasına səbəb olacağını istisna etmir: "Mətbuat xidmətlərinin birbaşa həmin nazirlik və komitənin tərkibindən çıxarılması onların özlərinin məlumat almasını çətinləşdirə bilər. Əgər nazirliyin mətbuat xidməti bu gün yayılan informasiyaları birbaşa rəhbərləri ilə məsləhətləşərək verirlərsə, tabeçilikdən çıxarılarsa, artıq özlərinin məlumat əldə etmək yolları bağlanacaq. Bu səbəbdən həmin qurumların ayrıca bir təşkilata tabe olmasındansa, hər bir dövlət orqanının tabeçiliyində fəaliyyət göstərməsi daha münasibdir. Dövlət orqanları ilə media qurumları arasında başqa bir qurumun yaradılması həm də əlavə vəsaitin xərclənməsinə yol açacaq”.

Bu sırada mətbuat orqanlarında peşəkar kadrların yerləşdirilməsinin də müəyyən qədər rolu olduğunu vurğulayan A.Əliyev bunun aradan qaldırılmasının çətin olmadığını bildirib: "Çünki bunun üçün artıq proqram işlənib hazırlanıb. Dövlət qurumlarının mətbuat xidmətlərində çalışan şəxslərə treninqlər, informasiya sessiyaları keçməklə qısa müddətdə onların peşəkarlıq səviyyəsini artırmaq olar. Bu təlimlərin keçirilməsi üçün Azərbaycanda kifayət qədər kadr var. Əsas məsələ isə həmin kadrlarda olan psixoloji səddi aradan qaldırmaq lazımdır”.

Publika.az saytının müxbiri Gülxar Şərif hesab edir ki, mətbuat katibləri sosial şəbəkədə aktiv olsalar, daha yaxşı olar: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibləri ən yaxşısıdır.

Təhsil Nazirliyinin mətbuat rəhbərliyi də dəyişdikdən sonra yaxşılığa doğru dəyişib. Ümumiyyətlə, qeyd edim ki, yeni təyin olunmuş mətbuat xidmətləri əvvəlkilərdən daha yaxşı işləyir. Məsələn, "Bakı Metropoliteni”, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyinin mətbuat xidməti indi daha operativ işləyir. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq müəllim ya tez-tez xəstələnir, ya da rayonlara gedir. Ona görə, işdə tapmaq çətindir. Mobil telefona isə mesaj yazandan sonra cavab verir. "Azərsu” ASC-nin mətbuat xidməti yaxşı işləyir. Narazılığım, Təhsil Nazirliyinin keçmiş mətbuat xidmətindən idi, amma yenisi gələndən sonra münasibətlər düzəlib. Bir də, TQDK-nın mətbuat xidməti yaxşı işləyir. Ən çox da "facebook”da informasiyaları tez-tez verirlər. Təklif edərdim ki, mətbuat xidmətləri artıq maillə işləməkdənsə, sosial şəbəkədə aktiv olsunlar. Bakı Şəhər Təhsil İdarəsinin yeni mətbuat xidməti isə Zəminə Əliqızının yerini doldura bilmədi. Zəminə xanım daha operativ və jurnalistlərlə işləməyə meyilli idi. Arzu xanım bir az həvəssiz görünür. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri də cavab vermək istəməyənlər siyahısında idi. Telefon nömrəsi verdiyi şöbələr isə cavab vermirdi”.

Axar.az saytının baş redaktoru Anar Niftəliyev: "Mənim bildiyim belədir - DİN bu sırada öndə gedir, Ehsan Zahidov və yaxud Orxan Mansurzadə ən əlçatan şəxslərdir. Daha sonra Eldar Sultanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova, SOCAR-dan Nizaməddin Quliyev, DYP-dən Kamran Əliyev, XİN-dən Elman Abdullayev, "Azərsu”dan Anar Cəbrayıllı, "Azəriqaz”dan Araz Ağayevə və başqalarına əlimiz çatır. Bunları nümunəvi mətbuat katibləri sayırıq. Ola bilsin ki, bəzilərinin adı yadımdan çıxdı, bağışlasınlar. Jurnalistlərdən uzaq duranların siyahısında əziz dostumuz Cəsarət Valehoğlunun da adını çəkə bilərəm. Əvvəllər mətbuata daha açıq olsa da, indi ancaq yazılı cavab verməklə kifayətlənir ki, bu da işimizi xeyli çətinləşdirir. Doğrudur, onun adını "dad etdiklərimiz” sırasına yazmaq ədalətsizlik olardı, amma son vaxtlar yaman gec-gec tapılır. Bu siyahıya Nəqliyyat Nazirliyinin mətbuat xidmətini də əlavə etmək olar. Siyahını xeyli uzatmaq da olar”.

Azadxeber.az saytının redaktoru Xəyal Şükürün sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidməti yaxşı işləyir: "Xüsusilə Baş Prokurorluq daha intensiv və operativ işləyir.” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti ilə isə əlaqə yaratmaq çətindir. Amma sonda birtəhər cavab almaq olur. Təhsil və Müdafiə nazirliklərinin qurduğu yeni sistem isə heç də ürəkaçan deyil. Belə ki, zənglə heç bir məsələyə cavab verilmir. Bunun üçün yalnız elektron ünvana məktub yazmağımızı istəyirlər ki, bəzi hallarda göndərdiyimiz sualın cavabı 10 gündən sonra gəlir. Onda da mövzu tamamilə aktuallığını itirir”.

Şəymən