“Maarifçi Fondu” tələbələrə kreditlər və qrantlar verəcək

Etibar Əliyev: “Təhsil haqlarının kreditlə ödənməsi indiki dövr üçün yetkin bir layihədir”
Natiq Cəfərli: “Azərbaycanda şirkətlər sözün yaxşı mənasında “tələbə ovu”na çıxsınlar və istedadlı tələbələrin ödənişlərini öz üzərlərinə götürsünlər”



İlin sonunadək Təhsil Nazirliyinin təşəbbüsü və tabeliyində olan 11 ali təhsil müəssisəsinin iştirakı ilə dövlət büdcəsindən vəsait cəlb edilmədən Maarifçi Fondu yaradılacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, həmin Fond vasitəsilə tələbələrə uzunmüddətli təhsil kredit və qrantlarının verilməsinə başlanılacaq. Eyni zamanda, Azərbaycanda tələbələrə təhsil haqqının ödənilməsi üçün veriləcək kreditlər faizsiz olacaq:

"Təhsil kreditləri mühüm sosial məqsədə xidmət etdiyinə görə, onların çox aşağı faizlə (illik 1-2 faiz), hətta faizsiz verilməsi variantlarına baxılır. Bu kreditlər tələbələrə dəstək məqsədilə veriləcək, ona görə də maksimum güzəştli olacaq ki, onları qaytarmaq çətin olmasın”. Təhsil kreditlərinin hansı müddətə veriləcəyi və nə vaxt qaytarılacağı məsələsinə gəldikdə isə nazirlikdən bildirilib ki, bu kreditlərin qaytarılması müddəti ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilir: "Bir varianta görə, kreditlər təhsil müddətinin sonunadək veriləcək. Digər yanaşmaya görə isə kreditlər daha uzun müddətə veriləcək. Bu halda tələbə krediti yalnız əmək fəaliyyətinə başlayandan sonra, işləyərək ödəyəcək. Nazirlikdən bildirilib ki, təhsil kreditlərinin verilməsi ilə bağlı müxtəlif xarici ölkələrin təcrübəsindən də istifadə edilir və bu məqsədlə xarici təcrübələr öyrənilir. Bundan başqa, təhsil kreditlərinin hansı məbləğdə olacağı da dəqiqləşdirilir. Belə ki, tələbəyə həm təhsil haqqının tam məbləğində, həm də bir hissəsi qədər kredit verilə bilər. Kredit vəsaiti tələbənin özünə verilməyəcək, onun təhsil aldığı ali məktəbə köçürüləcək: "Bunun məqsədi odur ki, tələbə həmin vəsaiti başqa məqsədlər üçün istifadə etməsin” - deyə nazirlikdən bildirilib”.

"XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin sözlərinə görə, təhsil haqlarının kreditlə ödənməsi indiki dövr üçün yetkin bir layihədir: "Ancaq maraqlıdır ki, banklar ondan necə istifadə edəcək? Düşünürəm ki, layihə indiki şərtlərlə qəbul olunmayacaq. Yaxud da banklar aşağı faizlə kredit verməyəcəklər”. E.Əliyev bildirir ki, təhsil krediti verən ölkələrdə kredit verən banklar ali məktəblərin reputasiyasına bələddir. Bilirlər ki, hansı ali məktəblərin məzunları mütləq işlə təmin olunacaqlar və hissə-hissə onların verdiyi məbləği ödəyəcəklər: "Azərbaycanda bank rəhbərləri arasında sorğu keçirsək, məlum olacaq ki, onlar heç bir ali məktəbin reputasiyasına inanmırlar. Əmək bazarında başqa ixtisasları qazananların da banklarda elə bir etibarı yoxdur. Ona görə banklar istəyirlər ki, bu layihədə qazansınlar, qazanc götürsünlər. Əslində bu, humanist prosesdir. Bu proses insan kapitalının inkişafına yönələn, kömək edən humanist məsələ olmalıdır. Hazırda ölkədə əksər ailələr qazandığı sonuncu qəpiyi təhsil haqqına verir. Başqa ölkələrdə isə tələbələrin valideynlərinin əməkhaqqı aşağıdırsa, avtomatik olaraq ali məktəblərin vasitəçiliyi ilə onlara kredit verilir”.

Azərbaycanda təhsil haqlarının kreditlə ödənməsinin çox yaxşı hal olduğunu vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, bu, çoxdan bəri gözlənilən bir layihədir: "Dəfələrlə şahidi oluruq ki, çox kasıb ailələrdə normal bal yığıb, istədikləri ixtisasların ödənişli hissəsinə düşdükdə, məcburən təhsildən imtina edirlər. Bu da kifayət qədər acınacaqlı haldır. Ola bilər ki, bu gün maddi imkansızlıq ucbatından təhsil ala bilməyən tələbə gələcəkdə çox böyük bir mütəxəssisə çevriləcək potensiala sahib olsun. Amma maddi imkansızlıq onların təhsilini yarımçıq qoyur. Hesab edirəm ki, Azərbaycana belə bir modelin gətirilməsi çox yaxşı olardı. Əslində bu, Azərbaycanın kəşfi də deyil. Bir çox ölkələrdə artıq çoxdandır ki, bu təcrübədən istifadə olunur. Hətta tələbələr təhsil kreditlərinin gələcək iş yerlərinin hesabına ödənilməsi ilə bağlı müqavilələr bağlayırlar. Bəzi şirkətlər yaxşı oxuyan tələbələrin təhsil haqlarını ödəyir və tələbə təhsilini bitirdikdən sonra həmin şirkətdə işə başlayır. Bu da həmin modelin bir növüdür və Azərbaycanda təhsil haqlarının kreditlə ödənilməsinə paralel olaraq bu məsələni də gündəmə gətirmək lazımdır. Azərbaycanda da şirkətlər sözün yaxşı mənasında "tələbə ovu”na çıxsınlar və istedadlı tələbələrin ödənişlərini öz üzərlərinə götürsünlər”.

Kreditlərin qaytarılmasına gəldikdə isə N.Cəfərli hesab edir ki, bu məsələ uzunmüddətli və faizsiz olmalıdır. Çünki təhsillə bağlı kreditlərdən gəlir götürmək doğru olmazdı: "Bu məsələ ilə bağlı elə bir model fikirləşmək lazımdır ki, tələbələr üçün əlçatan olsun”.

İqtisadçı hesab edir ki, kredit verilərkən hər hansı əmlakın girov qoyulması nəzərdə tutulmamalıdır: "Sözün açığı, bankların girov siyasəti kökündən dəyişdirilməlidir. Tələbənin banka girov qoymaq imkanları olmadığı üçün ən yaxşı halda bunu onun valideynləri və yaxınları üstlənməlidir. Amma bir çox hallarda valideynlər də bu riskə getmək istəmirlər. Çünki daşınmaz əmlakın girov qoyulması gələcəkdə onların öz əmlakından məhrum olması ilə nəticələnə bilər. Bu mənada bankların girov yanaşmasından birbaşa imtina etməli olduğunu düşünürəm. Uzağı, tələbələr qarşısında müəyyən şərtlər qoymaq olar ki, faizsiz və uzunmüddətli kredit götürən tələbələr gələcəkdə Azərbaycanda qalıb bir mütəxəssis olaraq çalışmağı bir öhdəlik olaraq götürməlidir. Amma bu kreditlər girov qoymaqla təklif olunsa, çox ciddi problemlər yaranacaq və realizə olunması düyünə düşəcək”.

Təhsil haqlarının kreditlə ödənməsi modelinin özəl universitetlərdə təhsil alanlara şamil edilib-edilməyəcəyinə toxunan N.Cəfərli hesab edir ki, reytinqi yüksək olan özəl universitetlərin də bu layihədə iştirakı vacibdir: "Azərbaycanda fəaliyyət göstərən bir sıra özəl universitetlər var ki, onların yetişdirdiyi tələbələrin çox yaxşı reputasiyası var. "Xəzər” və "Qafqaz” kimi özəl ali məktəblərdə təhsilin səviyyəsi yüksək olduğu üçün həmin universitetlərin də bu layihəyə cəlb olunmasını vacib hesab edirəm. Əslində bu proses dövlət və ya özəl ali məktəblər fonunda yox, ölkənin ən reytinqli ali məktəbləri fonunda həyata keçirilməlidir. Xarici ölkələrdə olduğu kimi Azərbaycanda da mütəxəssislərin iştirakı ilə universitetlərin reytinq cədvəli hazırlanmalıdır. İlk onluğa düşən universitetlər də həmin kreditlərdən istifadə etmək hüququ qazana bilər”.

Şəymən