Bu gün televiziya təkcə kommunikasiya vasitəsi kimi deyil, həmçinin gənc nəslin milli-mənəvi, psixoloji tərbiyəsində də başlıca və danılmaz rol oynayır. Televiziyanın ictimai funksiyaları olan informasiya, əyləncə və maarifçiliyin tərbiyə işində əhəmiyyətli yeri var. Ona görə də, televiziyalar təkcə özlərinin kommersiya maraqlarının ardınca gedib, marketinq problemlərini həll etməməli, həmçinin gənclərdən ibarət auditoriyanın mənəvi cəhətdən zəngin formalaşmasında, vətənsevər, insanpərvər olmasında iştirak etməlidirlər.
Efir setkalarını tok- şou və bayağı əyləncə proqramları ilə doldurmaq əvəzinə, müxtəlif səpkili maarifləndirici verilişlər çəkməlidir. Eyni zamanda maarifləndirici filmlər, verilişlərlə bərabər müxtəlif intellektual oyunlar, yarışmalar hazırlanmalıdır. Çünki bu cür proqramlar birbaşa yeni nəslin dünyagörüşünün formalaşmasında əhəmiyyətli yer tutur. Həmçinin yeni nəslin mənəvi, mədəni və intellektual tərbiyəsində maarifçi teleoyunların əhəmiyyəti danılmazdır. Lakin bir çox hallarda bizim teleməkanda olan bu tip verilişlərdə ssenarinin olmaması və tamaşalıqdan uzaq sualların bəsitliyi əksər halda zövqsüz və primitiv bir verilişin meydana gəlməsinə, eyni zamanda maarifçilik effektinin sıfıra enməsinə səbəb olur.
Qeyd edək ki, televiziya kanallarının Milli Televiziya və Teleradio Şurasının çoxsaylı xəbərdarlıqlarına məhəl qoymadan israrla reytinq arxasınca qaçması Şuranı kəskin addımlar atmağa məcbur edib. Milli Teleradio Şurası səlahiyyətlərindən yararlanaraq bir sıra şou-verilişlərin yayımına qadağa qoyub. Qərarın ilk uyğulanması isə ANS-dəki "Sən tək deyilsən!” və "Xoşqədəmlə axtarıram səni” verilişlərinə şamil edilib. Sonradan isə adıçəkilən kanala bir neçə verilişlə bağlı xəbərdarlıq edilib, bəzilərinə görə də ANS cərimələnib. Şuranın bu gözlənilməz qərarı həmin verilişlərin izləyiciləri tərəfindən xoş qarşılanmasa da, ölkənin tanınmış ictimai xadimləri, sosioloqları, psixoloqları MTRŞ-nin qərarını dəstəklədiyini dilə gətiriblər. Bəs, yayımı dayandırılan proqramların əvəzinə televiziyalar Azərbaycan tamaşaçısına nə verməlidir?
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili, akademik Nizami Cəfərovun qənaətincə, Milli Televiziya və Radio Şurası həmişə milli-mənəvi dəyərlərimizlə bağlı ictimai rezonans doğuran proqramlara çox həssas yanaşıb. Onun sözlərinə görə, bu cür situasiyalarda Şura dərhal reaksiya vermir, geniş araşdırmalar aparıb, müzakirələr keçirdikdən sonra öz qərarını açıqlayır: "Yəni kifayət qədər təmkinli addımlar atır. Bu mənada bir sıra televiziya proqramları ilə bağlı MTRŞ-nin verdiyi son qərarlar son dərəcə obyektivdir. Hesab edirəm ki, MTRŞ-nin qərarları icra, tövsiyələrinə isə əməl olunmalıdır”.
Akademikin sözlərinə görə, bağlanan verilişlərin yerini doldurmaq məsələsində televiziyaların dilemma qarşısında qalması absurddur: "Doğrudanmı, bizim televiziyalar camaatı ağlatmaq və cəmiyyət üçün yararsız olan insanların şəxsi problemlərini ortaya çıxarmaqdan başqa verilişlər hazırlaya bilmirlər? Bu gün efirə gedən verilişlərin əksəriyyəti şərh, ümumiləşdirmə, təhlil olmadan cəmiyyətə təqdim edilir. Heç olmasa, arada bir dünya televiziyalarının təcrübəsindən yararlansınlar. Xaricdə olduqca maraqlı, müxtəlif sahələri əhatə edən verilişlər çəkilir. Bizim televiziyalarda ciddi, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, gənclərin hərbi- vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edən verilişlərə çox az hallarda rast gəlmək olur. Kanallarımızın heç birində tarixi, fəlsəfi, ədəbiyyatımız, mədəniyyətimizlə bağlı olan verilişlərə yer verilmir. Hansı ki, bayağı tok-şouların, "mərsiyyə”lərin yerinə bu cür verilişlər verərək ictimai şüurun inkişafına öz töhfələrini verə bilərlər. Bağlanan verilişlərdən əlavə bir sıra proqramlar var ki, mən onların efirdə yayımlanmasının əleyhinəyəm. O qədər məzmunsuz adamlar var ki, efirdə insanları üz-üzə qoymaqla kor- kobud münasibətlər ifadə edirlər. Həddindən artıq şəxsi məsələləri qaldırıb, qonaqlarına gülünc-gülünc suallar verirlər. Bu qədər də olmaz axı! İnsanların şəxsi həyatına müdaxilə qanunvericiliyimizə də ziddir. İnsanlar özləri belə fərqinə varmadan efir vasitəsilə təhqir olunur. Bu isə normal intellekt sahibi olan tamaşaçıya xoş gəlmir, onlarda qıcıq yaradır. Axı bu dünyaya nəyə gəldiyindən belə xəbəri olmayan bir adamın tərcümeyi-halı kimin nəyinə lazımdır? Başdan-ayağa dələduzluq, oyunbazlıq içərisində olan insanlar efir vasitəsilə xalqa dərs keçir. Yeniyetmələr, gənclər də baxıb, onları özlərinə örnək götürürlər. Bu yolla biz hara qədər gedə bilərik. Bu yolun sonu birbaşa uçurumdur. Əgər televiziya rəhbərliyi bu cür verilişlərin cəmiyyət, vətəndaş üçün nə dərəcədə ziyanlı olduğunu başa düşmür deyə, MTRŞ səssiz qalmalı deyil ki?”.
N.Cəfərovun sözlərinə görə, zərərli verilişlərin efirdə yayımlanmasını qadağan edən MTRŞ ictimai əhəmiyyətli verilişlərlə bağlı öz tövsiyələrini verməlidir. Yəni "televiziyalar tamaşaçıya nə verməlidir” sualını Şura cavablandırmalıdır. Ola bilər ki, bizim televiziyaların başları maddiyyata və reklama qarışıb, ictimai əhəmiyyətli verilişlərin mahiyyətini dərk edə bilmirlər. Onlar üçün əsas meyar tamaşaçıların mənəvi, psixoloji tərbiyəsinə töhfə vermək yox, reklamdan qazanmaq və özlərini reklam etməkdir.
Sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, müstəqillikdən üzü bu yana bütün Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri televiziya kanallarını tənqid edir: "Heç vaxt əhalinin ziyalı təbəqəsi efir məkanından razılıq etməyib. Bu mənada indiki halda televiziyaların proqram siyasətinin tənzimlənməsi ilə bağlı MTRŞ tərəfindən bu cür kəskin addımlar atmasını müsbət dəyərləndirirəm”.
Dəfələrlə televiziyaların fəaliyyətini tənqid etdiyini vurğulayan sosioloq deyib ki, hər dəfəsində də televiziya rəhbərləri əsas faktor olaraq reytinq məsələsini qabardıblar ki, tamaşaçılar bu cür bayağı verilişlərə baxır. Mən onlara izah edə bilmirəm ki, televiziyalar cəmiyyətin arxasınca getməməlidir, cəmiyyəti öz arxalarınca aparmalıdır. Belə çıxır ki, günü sabah cəmiyyət narkotika ilə bağlı verilişləri tələb etsə, onları da verəcəklər? Biz bunu etməməliyik axı. İndi şou-maqazin verilişlərinə bəraət qazandıranlar "cəmiyyət bundan bizi istəyir” deyir. Əslində, cəmiyyəti nəyə kökləyirsənsə, onu da istəyir. Amma bizim kanallarda heç olmasa mədəniyyət, tarix baxımından alternativ fikir olmalıdır. Dramaturgiya bunun üzərində qurulur: iki əks fikrin çarpışması, televerilişin də elə bir dramaturgiyası olmalıdır. Bizdə bu yoxdur! Cəmiyyətin mənəvi səviyyəsi aşağı düşürsə, bizim borcumuz onları bu bataqlıqdan çəkib çıxarmaqdır”.
Televiziya sahəsində ciddi reformaların tərəfdarı olduğunu vurğulayan Ə.Qəşəmoğlu işin içərisində olmadığı üçün bağlanan verilişlərlə bağlı konkret fikir bildirməyib: "Ola bilsin ki, həmin verilişlərin bağlanmasında şəxsi motivlər də rol oynayıb. Çünki səviyyəcə bağlanan verilişlərdən qat-qat aşağı olan verilişlər hələ də efirə getdiyi üçün bu qadağaların hansı meyarlara söykəndiyi aydın olmur”.
Sosioloqun sözlərinə görə, televiziyalar ilk növbədə milli müstəqil dövlət anlayışını dərk etməlidir. Çünki bu cür dövlətlərdə əhalinin keyfiyyət göstəricilərinə daha çox üstünlük verilməlidir. Bunlardan birincisi, əhalinin mənəvi keyfiyyətidir: "Televiziya verilişləri əhalinin milli mənəviyyatının zənginləşməsinə, vətənpərvərlik ruhunun artmasına, ədəbi-mədəni zövqünün yüksək olmasına xidmət etməlidir. İkinci istiqamət əhalinin fiziki sağlamlığıdır. Bu cür verilişlər yayımlanmalıdır ki, əhali sağlam həyat tərzinə hakim olsun. Özü-öz səhhətinin qeydinə qala bilsin. Üçüncü vacib amil isə əhalidə əməyə münasibəti formalaşdırmaqdır. Televiziyalar elə proqramlar hazırlamalıdır ki, onu izləyən tamaşaçı özünün və ətrafındakı insanların əməyinə rəğbətlə yanaşmalıdır. Mən bu təklifləri televiziya rəhbərləri qarşısında da qaldırmışam. Amma onlar buna məhəl qoymadan "tamaşaçı elə verilişlərə baxmır” deyiblər. Hansı ki, bu sahələrdə lazımi veriliş hazırlayacaq mütəxəssisləri olmadığı üçün bu məsələdən yan keçirlər. Əksər telekadrların səviyyəsi elə efirə verdikləri verilişlərin səviyyəsinə uyğundur. Onlarda ictimai əhəmiyyətli proqramlar hazırlamaq üçün istedad hardadır?”.
Televiziya kanallarının heç birini izləmədiyini vurğulayan psixoloq Azad İsazadə Azərbaycanın efir məkanının onun üçün maraqsız olduğunu deyib: "Lazım olan məlumatları internet vasitəsilə əldə etdiyim üçün qalan proqramlar mənim üçün əhəmiyyətsizdir. O cümlədən də, tok şoular. İzləməsəm də, televiziya kanallarının milli-mənəvi, hərbi- vətənpərvərlik ruhunda işləmədiyinə bələdəm. Təhsil, təlim-tərbiyə mövzularına münasibət sıfır səviyyəsindədir. Hesab edirəm ki, biz ilk növbədə gənclərimizin gələcəyini fikirləşməli və onlar üçün inkişaf etmə proqramları hazırlamalıyıq. Amma özüm baxmasam da, ətrafımdakı insanlardan eşidirəm ki, bu gün televiziyalarda əsas mövzular şou və bayağı komediyalarla bağlıdır. Bunlar zövq məsələsi olduğu üçün səviyyəsindən danışmıram. Ola bilər ki, kimlər üçünsə bu cür verilişlər doğrudan da maraqlıdır. Amma bizim qaldırdığımız problem alternativlərin olmamasıdır. Yəni tok-şoular mənim xoşuma gəlmir. Amma izləyə biləcəyim başqa veriliş də yoxdur axı? Mən də məcburam ki, bütün efir məkanından imtina edim. Televiziyalar estrada və yumor nümayəndələrindən əlavə dünyada və ölkədə gedən ictimai- siyasi əhəmiyyətli proseslərə diqqət ayırmalı və "dəyirmi masa”lar təşkil etməlidir”.
Şəymən