Prezident sahibkarların işini əngəlləyən məmurların cəzalandırılacağını deyib

“Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?!”



Nazirlər Kabinetinin 9 ayın yekunlarına həsr edilən toplantısında Prezident İlham Əliyevin ölkədəki mövcud sahibkarlıq mühiti, iqtisadiyyatdakı inhisarçılıqla bağlı səsləndirdiyi kəskin tənqidi fikirlər cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib.

İqtisadiyyatdakı bütün problemlərə toxunan ölkə başçısının sahibkarların süni şəkildə sıxışdırılması, ədalətli rəqabət mühitinin olmaması, məmurların səlahiyyətlərindən istifadə edərək sahibkarlara təzyiq göstərməsi ilə bağlı səsləndirdiyi fikirlər bu sahədə vəziyyətin qısa müddətdə dəyişəcəyindən xəbər verir: "Yerli icra hakimiyyəti, o cümlədən hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradır, onlardan pul tələb edirlər. Sahibkar yerli icra orqanlarının, hüquq-mühafizə orqanlarının nümayəndələrinə borclu deyil”.

Prezident sahibkarlara təzyiq göstərənlərin cəzalandırılacağını deyib: "Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Baxın, 67 min daimi iş yeri yaradılıb, amma 30 mini bağlanıb. Bunun təhlilini aparmaq lazımdır. O iş yerləri hansı səbəblər üzündən bağlanıb? Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər”.

Dövlət başçısı bəyan edib ki, bizdə lisenziyaların sayı həddindən artıq çoxdur: "Lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır. Müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna dözmək olmaz. Artıq qurtardı, hövsələmiz tükənib. Hər kəs nəticə çıxarsın”.

Dövlət başçısının addımlarını müsbət dəyərləndirən millət vəkili Aydın Mirzəzadə söyləyib ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq qanunlar qəbul olunur: "Vergi məcəlləsi yüngülləşdirilir. Sahibkarlıq fəaliyyətinə maneə yaradan məsələlər aradan qaldırılır. Sahibkarlığın inkişafı üçün milli fonda ayrılan vəsait ildən-ilə artırılır. Bütün bunlar cənab Prezidentin sahibkarlığa göstərdiyi diqqətin nəticəsidir”. Parlament üzvünün sözlərinə görə, Prezidentin mesajları kifayət qədər ciddidir: "Sahibkarın yeri gəldi-gəlmədi

yoxlanılması, sıxışdırılması yolverilməz haldır. Bu vəziyyət sahibkarların sıradan çıxmasına səbəb olur. 67 min daimi iş yerindən 30 minə yaxının bağlanması da ondan irəli gəlir. Bu səbəbdən dövlət başçısı yoxlamaların minimuma endirilməsini xüsusi vurğuladı. Çünki sahibkar yalnız Vergiyə və Sosial Müdafiə Fonduna pul ödəməlidir. Cənab Prezidentin bu cür yanaşması və addımları sahibkarlığın inkişafına müsbət təsir göstərəcək”.

Məsələ ilə bağlı açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, Prezidentin sərt xəbərdarlığından sonra sahibkarları narahat edən problemlər aradan qaldırılacaq: "Ölkə başçısının məlum çıxışı bu cür düşünməyə ümid verir. Həmin çıxışda Prezident praktiki olaraq sahibkarların qarşılaşdığı bütün problemləri qeyd etdi. Vurğuladı ki, bu problemlər təcili həll olunmalıdır. Görünür, qısa müddətdə sahibkarların üzləşdiyi problemlərin həlli istiqamətində müvafiq addımlar atılacaq”. V.Bayramovun sözlərinə görə, sahibkarlıq mühitinin yaxşılaşması üçün "ASAN xidmət”in səlahiyyətlərinin artırılmasına, elektronlaşmanın genişlənməsinə ehtiyac var: "Sahibkarların üzləşdiyi problemlərin həlli üçün elektronlaşmanın genişlənməsini, habelə müxtəlif dövlət qurumlarının səlahiyyətinin "ASAN xidmət”ə verilməsini zəruri hesab edirəm. Ölkə başçısının müvafiq fərmanı ilə lisenziyaların "ASAN xidmət” tərəfindən verilməsinə qərar verildi ki, bu da sahibkarların qarşılaşdıqları problemlərin həlli baxımından mühüm addımdır. Hesab edirəm ki, bu prosesin davam etdirilməsinə ehtiyac var. Lisenziyaların sayının azaldılması zəruridir. Lisenziyaların sayının azaldılması ilə yanaşı, sadələşdirilməsinə də ehtiyac var. Əgər bütün bunlar "ASAN”a verilərsə, bu, şəffaflığı təmin etməklə yanaşı, sahibkarların işini də əhəmiyyətli dərəcədə yüngülləşdirər”.

V.Bayramovun sözlərinə görə, sahibkarların fəaliyyətini yoxlayan qurumlar üzərində nəzarətin artırılması vacib tədbirlərdən biridir: "Sahibkarların fəaliyyətini yoxlayan əlaqədar dövlət qurumlarının fəaliyyətinə nəzarətin gücləndirilməsinə, qanunu pozanların sərt şəkildə cəzalandırılmasına ehtiyac var. Habelə, sahibkarla dövlət qurumlarının əlaqədar şəxsləri arasında ünsiyyətin minimuma salınmasını təmin etmək lazımdır. Elektronlaşma virtual ünsiyyət formalaşdıracaq, birbaşa təmasın qarşısını alacaq. Bu isə öz növbəsində korrupsiya və bürokratik əngəllərin aradan qalxmasına yardımçı olacaq. Yalnız bununla sahibkarların üzləşdikləri problemləri həll etmək, onları aradan qaldırmaq mümkündür”.

İsmayıl