Elxan Mehdiyev: “O, heç vaxt ABŞ-ı tənqid etməz”
Bu günlərdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Birləşmiş Ştatların Yuta Universitetində (Yuta ştatı) Amerikanın dünyadakı roluna dair təşkil olunan konfransda çıxış edib. O, Rusiyanın ötən həftə Xəzər dənizindən Suriyaya raket zərbələri endirməsinə xüsusi narahatlığını ifadə edib. Moskvanın regiondakı rolu haqda danışan diplomat xatırladıb ki, Kreml Ukraynaya müdaxilə edib və onun Krım yarımadasını zəbt edib:
"Baxmayaraq ki, Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan Xəzər dənizinin hərbiləşdirilməsindən uzaq durmaq barədə razılıq əldə etmişdilər, Rusiya Xəzərdəki gəmilərindən Suriyaya qanadlı raketlərlə zərbələr endirdi. Buna rəğmən E.Süleymanov tədbirdə Azərbaycanın yer aldığı regionda sülhün təmin edilməsinə göstərdiyi köməkliyə görə, Amerikanı tərifləyib. Səfir bəyan edib ki, Azərbaycandan Gürcüstana, oradan isə Türkiyənin Ceyhan limanına Avropa və digər ölkələr üçün əlavə neft təchizatı mənbəyi olan neft kəmərinin çəkilməsi ABŞ-ın dəstəyi sayəsində baş tutub. Bir sözlə, diplomat ABŞ-ı sülh və əminamanlıq çarğısı, Rusiyanı isə işğalçı elan edib. Maraqlıdır, Azərbaycan-Amerika münasibətlərinin kəskinləşdiyi və Bakı-Moskva arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi bir dönəmdə səfirin bu cür bəyanatlarla çıxış etməsi nəyə hesablanıb?
Sualımızı cavablandıran tanınmış politoloq Zərdüşt Əlizadə söyləyib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) icazəsi olmadan səfir heç bir söz deyə bilməz və deməyib də: "Görünür, bu, bizim xarici siyasət idarəmizin mövqeyidir. Burada qəribə heç nə yoxdur. E.Süleymanov gerçəklikdən və XİN-in siyasi xəttindən kənara çıxmayıb”.
Ekspert onu da diqqətə çatdırıb ki, diplomatın bəyanatı Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına səbəb olmayacaq: "Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da Rusiya-Azərbayan əlaqələrinin inkişafından danışır. Bunlar diplomatik gedişlərdir. E.Süleymanov da 20 ildir Amerikada yaşayır. Görünür, hansısa diplomatik gedişin həyata keçməsinə nail olmaq üçün belə açıqlama verib”.
Politoloq Elxan Mehdiyev də qeyd edib ki, səfirin çıxışını hələ münasibətlərin yaxşılaşması kimi dəyərləndirmək olmaz: " E.Süleymanov Amerikada çıxış edirsə, təbii ki, daha çox onların lehinə danışacaq. O, heç vaxt ABŞ-ı tənqid etməz və Ağ Ev də istəyir ki, Rusiyanı tənqid etsinlər. Görünür, E.Süleymanov bu maraqdan çıxış edib. Amerika ilə münasibətlərin yaxşı, pis olmasını Azərbaycanın Prezidenti və xarici işlər nazirlərinin bəyanatından anlamaq olar”.
Ekspert onu da əlavə edib ki, ABŞ-la Azərbaycan arasındakı münasibətlər pozulmayıb: "Sadəcə, soyuqlaşıb. Vaşinqtonla Bakı arasında təhlükəsizlik sahəsindəki əməkdaşlıq olduğu kimi davam edir”.
Ayyət Əhməd