“Zaman gələcək, Qorbaçov məhkəmə qarşısında oturacaq”

Azərbaycan kommunistləri Qorbaçovun etirafına reaksiya verdilər



Mixail Qorbaçovun ABŞ kəşfiyyatının agenti olduğu və SSRİ-ni dağıtmaq üçün sistemin içərisində uzun müddət yetişdirildiyi haqda indiyədək çox danışılıb, fərziyyələr irəli sürülüb. Lakin Qorbaçov özü çıxışlarında həmişə bu ittihamları təkzib edib və SSRİ-nin "öz-özünə” dağıldığını deyib. İndi isə Qorbaçovun SSRİ-ni qəsdən dağıtdığını onun öz dilindən səslənən fikirlər təsdiq edir.

Belə ki, "Azadlıq” radiosu Qorbaçovun illər əvvəl Ankaradakı Amerika Universitetində qəzetlərə verdiyi müsahibədən bir parçanı dərc edib. SSRİ-ni dağıtdığını boynuna alan Qorbaçov müsahibəsində başqa məqsədinin də olduğunu vurğulayıb: "Məni bu missiyamda dəstəkləyən və həvəsləndirən həyat yoldaşım olub. O, bu fikrə məndən xeyli əvvəl gəlib. SSRİ-nin məhvindən sonra bir məqsədim də vardı. Məqsədim kommunizmi, diktaturanı xalqların üzərindən təmizləmək idi. İstəyimə çatmağın yeganə yolu, aparıcı vəzifədə olmaq idi, həyat yoldaşım məni ən üst vəzifəyə qədər çıxmağa təşviq etdi”. Qorbaçov bəyan edib ki, Qərbi yaxşı tanıdıqdan sonra qəti qərarını verib: "Sovet İttifaqı Kommunist Partiyasını və SSRİ aparatını məhv etmək lazım idi. Bunu başqa sosialist ölkələrində də həyata keçirmək niyyətində idim. Mənim idealım sosial-demokratiyaya gedən yol idi. Ancaq bu sistem xalqa faydalı ola bilər. Bu yolda mübarizəni axıra qədər aparmaq istəyirdim. Mənimlə eyni fikirdə olan Yakovlev və Şevardnadze kimi bəzi yoldaşlar tapdım. Hamısı SSRİ və kommunizmin dağıdılması işində təşəkkürə layiq oldular. Əslində SSRİ-ni xilas etmək istəyirdim, amma onun sosial demokratiya ilə əvəzlənməsi şərtilə. Bu isə alınmadı”. Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov həmin etirafın Qorbaçov tərəfindən 1999-cu ildə edildiyini deyib: "Qorbaçov açıq şəkildə deyirdi ki, o, Kommunist Partiyasını dağıtmaq üçün sistemin "beyninə” girib və Siyasi Büronun üzvü olub. O, öz niyyətinə nail oldu və içəridən Kommunist Partiyasını parçaladı. Konkret olaraq Qorbaçovun apardığı reformlar nəticəsində SSRİ dağıldı. Lakin düşünürəm ki, indiki şəraitdə keçmiş prosesləri təhlil etmək bir qədər obyektivlikdən uzaqdır”. R.Qurbanovun sözlərinə görə, Qorbaçovun apardığı reform siyasəti 15 respublikanın mərkəzdən asılılığını sürətləndirirdi: "Bu siyasət SSRİ-nin dağılmasına və Kommunist Partiyasının siyasi səhnədən uzaqlaşdırılmasına hesablanmışdı. 20 yanvar hadisələri, sentyabr və aprel-Gürcüstan olayları da məhz Qorbaçov siyasətinin acı nəticəsidir. Şəxsən düşünürəm ki, satqın olmayan, öz xalqına, vətəninə qarşı xəyanətkar mövqedən çıxış etməyən adam bunları etməzdi. Qorbaçov yeganə adamdır ki, sədr ola-ola öz partiyasına qarşı, dövlət rəhbəri kimi öz dövlətinə qarşı mübarizə aparıb. Məhz onun hakimiyyətdə olduğu illərdə Kommunist Partiyası hörmətdən düşüb və siyasi səhnədən uzaqlaşıb. Bu baxımdan Qorbaçov bütün xalqlar, o cümlədən Azərbaycan xalqı qarşısında böyük məsuliyyət daşıyır. Ona görə də cinayət məsuliyyətinə cəlb olunmalıdır. Dövrü araşdıran mütəxəssislər də Qorbaçovu Vətənə xəyanətdə günahlandırıblar. Zaman gələcək, o, məhkəmə qarşısında oturacaq və SSRİ-ni dağıtdığına, sovet xalqlarını üz-üzə qoyduğuna görə cavab verəcək”.

AKP sədri deyib ki, SSRİ-nin dağıdılması Qorbaçovun şəxsi istəyi və təşəbbüsü ilə həyata keçirilib: "Onun niyyəti kommunizmi gözdən salmaq və bu ideyanın sivilizasiya üçün təhlükəli olduğunu sübut etmək idi. Nəzərə alaq ki, Qorbaçov dünyanın ən güclü dövlətinin rəhbəri olub. Belə bir adamın kimlərinsə təsiri ilə hərəkət etməsi inandırıcı deyil. Müəyyən versiyalar var ki, guya, Qorbaçov ABŞ rəhbərliyinin təsiri altında SSRİ-ni məhv etdi. Təbii ki, bunların da təsiri ola bilər. Ancaq onun Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olması və Qərbin tapşırıqlarını icra etməsi bir balaca absurd fikirdir. Çünki Dövlət Təhlükəsizlik Komitəsi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən güclü idi. Qorbaçov MKİ təsiri altında olsaydı, yəqin ki, DTK bunu aydınlaşdırıb üzə çıxarardı. SSRİ-nin dağıdılması Qorbaçovun Sovet dövlətinə və kommunizm ideyasına şəxsi nifrətindən irəli gəlirdi. Görünür, onun və həyat yoldaşının qəlbinin dərinliklərində sosializmə qarşı antipatiya olub”.

İsmayıl