"Facebook” yenə məktəblilər arasında davaya səbəb olub. Həyatımızın bir hissəsinə çevrilən sosial şəbəkələr bir çox hallarda işlərimizi asanlaşdırsa da, təhlükəsizlik baxımından bir çox çətinliklərə də yol açır. Xüsusilə də yetkinlik yaşına çatmayan şəxslər üçün. Artıq neçənci dəfədir ki, məktəblilərin "facebook”da mübahisəsi küçə savaşı ilə sonlanır. Bu isə heç də ürəkaçan nəticələrdən xəbər vermir.
Məktəblilərin sosial şəbəkələrdən geniş istifadə etməsi, eləcə də burada yaranan hər hansı bir qarşıdurma, anlaşılmazlıq bəzi hallarda sonda qətllə, bıçaqlanma ilə nəticələnir ki, bu da cəmiyyətin mənəvi-psixoloji inkişafına mənfi təsir göstərən amillərdən biridir. Qeyd edək ki, Bakı şəhəri, Səbail rayonu 160 saylı Klassik Gimnaziyasında 10 və 11-ci sinif şagirdləri arasında kütləvi dava baş verməsinə səbəb "facebook”da aparılan danışıqlar olub. Gimnaziyanın direktor müavini Müzəyyən Zamanovanın sözlərinə görə, dünən axşam şagirdlər "facebook”da danışıblar və biri o birisini söyüb. "Bu gün səhər məktəbə gələndə şagirdlərdən biri digərini yıxıb və nəticədə 10-cu sinif şagirdinin burnu sınıb. Hazırda o, müalicə alır və dərsə gəlmir. Onu itələyən digər 11-ci sinif şagirdi də dərsə gəlmir. Ona deyilib ki, dərsə gəlməsin, hələ ki bununla bağlı araşdırma gedir. Hər ikisi məktəbə qayıtdıqdan sonra direktor onlarla görüşəcək və hər ikisi haqqında tədbir görüləcək və cəzalandırılacaqlar”.
Bəs uşaqlar sosial şəbəkələrdən istifadə etməlidirmi? Əgər etməlidirsə, bu necə olmalıdır? Həyatımızın mərkəzinə daxil olan sualların cavabını tapmaq üçün mütəxəssislərə müraciət etdik.
Psixoloqlar hesab edir ki, məktəblinin sosial şəbəkələrdə vaxtını daha çox keçirməsi cəmiyyətdə, real aləmdə özlərini tapa bilməmələrindən irəli gəlir. Özlərini tənha hiss edən, ünsiyyətə ehtiyacı olan məktəblilər məhz bu sosial şəbəkələr vasitəsilə ehtiyaclarını təmin edirlər. Bu da nəinki onları dərslərindən yayındırır, həm də virtual aləmdə baş verənlər birbaşa ona psixi təsir göstərir. Nəticədə uşağın psixologiyasında, valideyn və ətrafı ilə münasibətində xoşagəlməz hallar yaşanır. Ona görə də, valideynlər uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyətlər qoymalı, onları internet asılılığından məhrum etməlidirlər.
Sosial şəbəkələrin məktəblilərin əxlaqına, eləcə də gələcək həyatına mənfi təsir göstərdiyini deyən valideynlərsə çıxış yolunu qadağalarda görür.
Psixoloq Elnur Rüstəmov isə deyib ki, uşaqlar yetkinlik yaşına çatmadan sosial şəbəkələrdən istifadə etməməlidir: "Facebook”da qeydiyyatdan keçmək üçün 14 yaşından yuxarı olmaq lazımdır. Amma onun təhlükəsizlik məsələsi qorunmur. Düşünürəm ki, qorumaq da çətindir. Bu gün dünyada 7-8 yaşında uşaqlar var ki, özlərini böyük göstərməklə qeydiyyatdan keçirlər və istifadə edirlər. Problem nədən ibarətdir? Hər bir yaşın özünə uyğun ala biləcəyi informasiyalar var. Sosial şəbəkələrdə isə limit qorunmur. Bu da uşaqların vaxtından əvvəl artıq informasiya ilə yüklənmələrinə səbəb olur, onlarda aqressiya, fobiya kimi fəsadlar yaradır. Görürük ki, həmin aqressiyada çox vaxt evə yönəlir. Sosial şəbəkələrdən vaxtından əvvəl istifadə uşaqların psixikasına mənfi təsir göstərir. Sosial şəbəkələrdə müxtəlif mənfi düşüncələrə sahib olan insanların qruplaşmaları olur. Onlar çox zaman hər hansı bir qruplaşmanın üzvü olur. Elə oyunlar var ki, onlar sosial şəbəkələrdə oynanılır. Uşaqlar da erkən yaşda bu oyunlara qurşanır. Daha sonra bu da evdən pul oğurlanmasına gətirib çıxarır. Ən böyük problemlərdən biri də təhsildən uzaqlaşmaqdır. Problemləri həll etmək istəyən valideynlər diqqətli olmalıdırlar. Bu barədə cəmiyyəti maarifləndirmək lazımdır”.
Psixoloq hesab edir ki, cəmiyyət və valideynlər bu bəlalardan uzaq olmaq üçün ilk növbədə valideyn uşaqla vaxt keçirməlidir. Bu gün əksər valideynlər uşaqları ilə vaxt keçirmir. Bu faktdır. Valideyn uşağına bilgisayar alır, onu internetə qoşur. Uşaq da erkən yaşında bütün gün oyun oynayır. Valideynə dəyib-dolaşmır. Valideyn əziyyət çəkmək istəmir. Rahatlığa qaçır. Amma valideynlə uşaq arasında nə qədər çox canlı ünsiyyət olarsa, uşaq bir o qədər sosial şəbəkələrdən uzaq olar. Məsələn, valideynlər uşağı psixoloqa gətirəndə fikirləşirlər ki, işimiz bununla bitdi. Psixoloq onlara "uşaqla vaxt keçirin” deyəndə görürük ki, həvəs göstərmirlər. Valideyn razıdır ki, artıq pul xərcləsin, amma uşaqla vaxt keçirməsin”.
Məktəblilərin sosial şəbəkələrdən istifadəsinin və bunun fonunda düşən davaların, baş verən cinayətlərin çox aktual və genişmiqyaslı problem olduğunu vurğulayan sosioloq Lalə Mehralı
deyib ki, məktəblilər günün çox vaxtını internet-klublarda müxtəlif oyunlara sərf edirlər, sosial şəbəkələrin hamısına üzv olurlar: "Elə öz tanıdığım ailələrin 12-13 yaşlı uşaqları sosial şəbəkələrdədir. Uşaqların sosial şəbəkədən istifadəsini birmənalı olaraq doğru hesab etmirəm. Sosiallaşma onların yaşı üçün küçədə dostları ilə futbol oynamaq, məktəb yoldaşları ilə ünsiyyət qurmaqdır, sosial şəbəkə onlar üçün deyil. Burda söyüş söyən var, uşaqların yaşına uyğun paylaşımlar edən var. Əgər valideyn nəzarət etmirsə, uşaq sosial şəbəkədə "at oynadırsa” onda nəticə elə bu cür olacaq - biri-birini duelə çağıracaqlar. Üstəlik, o valideynlər 10-12 yaşlı uşağına son model telefon alıb verirsə, vəziyyətin bu cür olacağını elə əvvəldən təxmin etmək çətin deyildi. İnternet-klublarda müəyyən yaşdan aşağı müştərilərin qəbul olunmasına məhdudiyyət qoymaq da bir tədbirdir, amma bu, yetərli deyil. Hər bir valideyn uşağının hansı saatda, harada, nə ilə məşğul olduğunu bilməli və onu lazımi formada tərbiyə etməlidir. Valideyn özü uşağa nümunə göstərə bilər - məsələn, ona kitab oxumağı, televiziyada intellektual proqramları izləməyi təbliğ edə bilər. Amma özü də əlindəki böyük planşetində sosial şəbəkədə "yatan” valideyn övladına necə örnək ola bilər? Xüsusilə qeyd etmək istəyirəm ki, bəzi insanlar üçün sosial şəbəkələr əvəzedilməzdir. Təsəvvür edin ki, biri əngəllidir, qulaqları duymur və ya danışa bilmir. O heç sosial həyat yaşamamalıdır? Dostlar qazanmamalıdır? Həyatı dörd divar arasında necə keçsin? Təbii ki, bu zaman sosial şəbəkələrin önəmi böyükdür, o həyatdan küsmür, əksinə, yeni dostlar qazanır, özünü daha yaxşı ifadə edə bilir və bu səbəbdən də deyə bilərik ki, sosial şəbəkələr birmənalı olaraq günahlandırılmamalıdır, məsələyə iki tərəfdən yanaşmaqla doğru qənaətə gəlmək olar”.
Şəymən