XİN: Seçkilərin nəticələrini Azərbaycan xalqı müəyyən edəcək






"Nils Muizneiksin 28 oktyabr 2015-ci il tarixli məqaləsi Azərbaycandakı mövcud real durumu əks etdirmir və Azərbaycanda seçki öncəsi vəziyyət haqqında düzgün məlumat təqdim etmir”. APA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev oktyabrın 31-də "Politico” dərgisində dərc olunmuş məqaləsində Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieksin həmin dərgidə Azərbaycanla bağlı məqaləsinə cavab olaraq yazıb.
Cavab yazısında bildirilir ki, N. Muizneiks məqaləsində 1 noyabrda keçiriləcək seçkilərin rəsmi nəticələri bəyan olunmadan onun yekunları haqqında əvvəlcədən fikir söyləməyə cəhd göstərir və 5 milyondan artıq sayı olan Azərbaycan elektoratı və namizədlərin adından danışmağa çalışır: "Azərbaycan Respublikası hökuməti tərəfindən seçkilərin azad, açıq və şəffaf şəkildə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qarşıdan gələn parlament seçkiləriAŞPA, İƏT, MDB, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər qurumları təmsil edən 500-dən artıq beynəlxalq müşahidəçi tərəfindən izlənəcək. Eyni zamanda bu seçkilərdə 60000-dən artıq yerli müşahidəçi iştirak edəcək.
Hər hansı əsaslandırılmış faktlara istinad edilmədən Nilz Muiznieksin "1991-ci ildə müstəqilliyini əldə edəndən etibarən Azərbaycanda keçirilmiş seçkilər qanuna uyğunsuzluqlarla müşayiət olunmuşdur” deyə siyasi bəyanatı bu seçkilərdə iştirak etmiş namizədlərə və müşahidəçilərə qarşı hörmətsizlik kimi qəbul olunur”.
H. Hacıyev ATƏT DTİHB-nin seçkiləri müşahidə etməməsi məsələsinə də aydınlıq gətirib və bildirib ki, bu qurum seçki məntəqələri və müşahidəçilərin sayı barəsində qeyri-mütənasibliyə aydın izahat gətirməyərək, Azərbaycandakı seçkilərə müşahidə missiyasının göndərilməməsi barəsində özbaşına qərar qəbul edib: "ATƏT/DTİHB siyasi mülahizələrlə çıxış etməməli, seçkilərdə üzv dövlətlərə texniki dəstək göstərməlidir. Buna görə də onun maliyyələşdirilməsi təmin edilir.ATƏT/DTİHB-ün bu cür münasibəti onun mandatının kobud şəkildə pozulmasıdır. ATƏT-in Daimi şurasının iclasında müzakirə olunduğu kimi,ATƏT/DTİHB-in mandatının üzv dövlətlər tərəfindən yenidən nəzərdən keçirilməsinə ehtiyac var.
Müəllif eyni zamanda müvafiq istintaq və məhkəmə qərarı ilə bəzi şəxslərin həbs edilməsini seçki prosesi ilə bağlamağa çalışır. Bunlar tamamilə əlaqəsi olmayan məsələlərdir. Çox maraqlıdır ki, fərdi cinayət işlərindən danışan Muiznieks bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi şəkildə pozulmasından danışmaqdan yan keçir. Bu insanlar Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qanlı etnik təmizləməyə məruz qalıblar”.
XİN-in mətbuat katibi qeyd edib ki, siyasi məzmunda Avropa İnsan Hüquqları Məhkəməsinin 2005 və 2010-cu illərə aid qərarlarını təfsir edən Muiznieks bu məhkəmənin "Çıraqov və digərləri Ermənistana qarşı” 16 iyun 2015-ci il tarixli qərarının üzərindən sükutla ötür: "Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarı Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalına dair məsuliyyətini inkar etməsinə son qoyur. Eləcə də bu qərarda Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaları və öz mülkiyyətlərindən istifadə etmək hüquqlarını ifadə etmələrinin qarşısını aldığı qeyd olunur.
Onun "Azərbaycanın beynəlxalq təcridi” barəsində olan iddiası isə hər hansı tənqidə dözmür. Azərbaycan beynəlxalq ictimaiyyətin fəal və məsuliyyəti üzvü olmaqda davam edəcək. Etibarlı və aydın xəttə malik ölkə kimi Azərbaycanın tərəfdaşlarının şəbəkəsi yalnız artmaqdadır.
Seçkilər hər bir ölkədə demokratik prosesin vacib komponentidir. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan xalqının azad iradəsi, onların fəal iştirakı və səsləri seçkilərin nəticələrini müəyyən edəcək”.