12 illik təhsil lazımdır, amma nəticəsini düşünən yoxdur

“Belə məsələlər ictimai müzakirəyə çıxarılmalı, bununla bağlı fikirlər öyrənilməlidir”



Bu günlərdə Təhsil Nazirliyində (TN) 12 illik ümumi təhsilə keçidlə bağlı toplantı gerçəkləşib. Tədbirdə TN, Təhsil Problemləri İnstitutu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçiləri və əməkdaşları, TN-in birbaşa tabeliyində olan məktəb rəhbərləri iştirak ediblər.

İclasda 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları barədə müzakirələr aparılıb. Çıxış edənlər 12 illik ümumi təhsilə keçiddə məktəbə hazırlıq mərhələsi də nəzərə alınmaqla, ümumi təhsilin mümkün modelləri, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə ayrı-ayrı məktəblərdə təşkil edilməsi, proses üçün hazırlıq işlərinin aparılması və pilot mərhələnin tətbiq edilməsi, bununla əlaqədar ictimaiyyətdə aparılacaq maarifləndirmə işi zamanı əhəmiyyətli tərəflərin qeyd olunmasına dair təkliflər səsləndirilib. Eyni zamanda Təhsil Problemləri İnstitutunda bu sistemə keçidin səmərəliliyinin müəyyən edilməsi üçün müvafiq tədqiqatların aparılmasının vacibliyi qeyd olunub. Sonda məlum sistemə keçidlə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Nadir İsrafilov "Şərq”ə bu məsələnin çoxdan müzakirə olunduğunu bildirib: "Beynəlxalq Bakalavriat Proqramı var. İndi biz də qoşulmuşuq həmin proqrama. Artıq 12 illik təhsil sistemi dünyada tətbiq olunub. Türkiyənin özündə də 12 illik təhsillə bağlı məsələ qoyulub. Heç kəs bunu inkar etmir və heç kəs də bunun əleyhinə deyil. Ümumiyyətlə, biz baloniya prosesinə qoşulmuşuq. Bu, baloniya prosesindən də irəli gələn bir məsələdir. Yəni, 12 illik təhsil lazımdır. Amma indi söhbət buna keçiddən gedir. İndi keçid mübahisə doğurur. Bizim "Təhsil haqqında” Qanunda da 9 illik icbari təhsil məsələsi yer alıb. Burada 12 illik təhsilə keçidlə əlaqədar məsələ belə qoyulur ki, 9 illik təhsil icbari olsun, 12 illik təhsil isə təmayüllər üzrə ali məktəblərə hazırlanmaq məqsədi daşısın. Lakin bu məsələ bir az mübahisəlidir”.

12 illik təhsil sisteminə keçidin əleyhinə olmadığını bildirən ekspert qeyd edib ki, bu sistemin özü icbari olmalıdır: "Burada söhbət icbarilikdən gedir. Məsələ öz həllini necə tapacaq, bununla bağlı TN-in mövqeyi də birmənalı qarşılanmayıb. Keçid məsələsi ortalığa atılır. Lakin həlli yolları razılaşdırılmayıb, hazırlanmayıb. Bizim 9 illik təhsilin icbari olması məsələsi "Təhsil haqqında” qanunda yazılıb. Söhbət ortalığa məsələ atmaqdan getmir, məsələnin həllindən gedir. Hesab edirəm ki, belə məsələlər ictimai müzakirəyə çıxarılmalı, bununla bağlı fikirlər öyrənilməlidir. Dünya təcrübəsində belə bir şey var, biz də buna keçək. Bizdə bütün bu ideyalar atılır ortalığa, amma sonra özünü doğrultmur. 12 illik təhsilə keçid lazımdır. Bir şərtlə ki, 12 illik təhsilə keçiləcəksə, onun icbari olması məsələsi məqsədəuyğun hesab edilərdi. Bu, mənim şəxsi fikrimdir”.

Digər təhsil eksperti Əjdər Ağayev bildirib ki, 12 illik təhsil sistemi beynəlxalq təcrübədə də mövcuddur: "Məsələn, bu təcrübənin qonşu Türkiyədə, uzaq ABŞ-da şəxsən şahidi olmuşam. Burada sadəcə il fərqi nəzərdə tutulmur. Hər ilin öz konsepsiyası var və mütləq 12 il üçün qarşıya qoyulan məqsədlər həyata keçirilməlidir. Türkiyə nümunəsində belədir ki, tam orta məktəb 10 ildir, 11, 12-ci illər isə əlavədir. Bu illərdə şagirdlərə müəyyən peşə bacarıqları öyrədilir. Türkiyədə buna "Məslək məktəbi” deyirlər. Yəni, tam orta ümumtəhsili başa vuran gənc nəzəri biliklərlə yanaşı, hansısa xırda peşənin sirlərinə də yiyələnir. Orta məktəbi bitirdikdən sonra isə özü üçün öyrəndiyi peşəyə uyğun iş qura bilir. Ola bilər ki, işin maddi- texniki bazası yüksək səviyyədə qurulsun, amma bu, maliyyə ilə bağlı məsələ deyil. İnsanla, metodika, öyrətmək üsulları ilə, fizioloji, psixoloji yanaşma var ki, mahiyyət də bundadır. Bu məsələlərə isə fikir verən yoxdur. Elə fikirləşirlər ki, orta məktəblərdə təhsil 12 illik olsun, amma nəticəsini düşünən yoxdur. Əgər 12-ci sinifdə kütləvi şəkildə xırda peşə bacarıqları öyrədiləcəksə, o zaman təklifi dəstəkləmək olar. Hər halda kimlərinsə marağıyla deyil, elmi əsaslarla düşünmək və bu istiqamətdə təhlillər aparmaq lazımdır”.

Ayyət Əhməd