12 partiyanın qeydiyyatı ləğv oluna bilər

Siyasi liderlər yoxlamaları normal hesab edir, ancaq problemlər də var



Azərbaycanda 12 siyasi partiyanın dövlət qeydiyyatı ləğv oluna bilər. Belə ki, Mərkəzi Seçki Komissiyası illik maliyyə hesabatını təqdim etməyən 12 siyasi partiya ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Bu barədə MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib.

Maliyyə hesabatı təqdim etməyən partiyaların adını açıqlamayan qurum rəsmisi digər hesabatlarda da nöqsanların olduğunu diqqətə çatdırıb: "Təqdim edilən hesabatlarda müəyyən nöqsanlar var. Bu nöqsanların bir qismi MSK-ya maliyyə hesabatlarının siyasi partiyalar tərəfindən ilk dəfə təqdim olunması təcrübəsi, bir qismi partiyaların öz mövqeyi, bir qismi isə partiyaların fəaliyyətinin keyfiyyət xarakteri ilə bağlıdır. Amma bunlara baxmayaraq, hesab edirəm ki, ictimaiyyət müəyyən edilən müddətdə MSK-nın saytında yaradılan xüsusi bölmədə yerləşdiriləcək siyasi partiyaların hesabatı ilə tanış ola biləcək”. N.Məmmədov Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 43-nün keçən ilin maliyyə hesabatını MSK-ya təqdim etdiyini, hazırda hesabatların araşdırıldığını qeyd edib: "Təqdim edilən hesabatlarda müəyyən nöqsanlar var. Bu nöqsanların bir qismi MSK-ya maliyyə hesabatlarının siyasi partiyalar tərəfindən ilk dəfə təqdim olunması təcrübəsi, bir qismi partiyaların öz mövqeyi, bir qismi isə partiyaların fəaliyyətinin keyfiyyət xarakteri ilə bağlıdır”.

Addımı dəyərləndirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu vurğulayıb ki, siyasi təşkilatların maliyyə hesabatı verməsi vacibdir: "Amma Ədliyyə Nazirliyi bizdən biznes strukturları kimi əlavə olaraq auditor şirkətindən arayış almağımızı tələb edir. O şirkət isə bir arayışa 5-6 yüz manat pul istəyir. Bu da bizim üçün problemdir. Heç bir maliyyə fəaliyyətim yoxdursa, 5 yüz manatı niyə verməliyəm? Bir sözlə, bizi çətin duruma salıblar. MSK bizə məktub yazıb ki, bunları etməsəniz, hüquqi tədbirlər görəcəyik. Qanunda belə şeylər yoxdur. Qanunsuz olaraq hansısa təşkilatı ləğv etmək istəyirlərsə, etsinlər”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə diqqətə çatdırıb ki, bunların hamısı hüquqi prosedur və normal haldır: "Hüquqi cəmiyyət belə olmalıdır. Siyasi partiyalar haqqında qanuna əlavə və dəyişikliklər olub. Ötən ildən etibarən illik maliyyə hesabatımızı Maliyyə Nazirliyinə deyil, MSK-ya təqdim edirik. Qanunda bu cür dəyişiklik edilib. Bu da normal prosedurdu”.

Müsahibimiz onu da əlavə edib ki, Azərbaycan üçün 55 siyasi təşkilatın olması doğru deyil: "Hazırda 55 siyasi təşkilat qeydiyyatdan keçib. İki siyasi təşkilatın qeydiyyat məsələsi gündəmdədir. Müəyyən partiyalar var ki, sədri dünyasını dəyişib, həyat yoldaşı isə təşkilatın möhürünü götürüb gedib. Belə bir gülməli vəziyyət yaranıb. Hökumət də buna göz yumur. MSK və aidiyyəti qurumlar bu məsələyə baxmalıdır. Təbii ki, həm siyasi təşkilatlar üçün şərait yaradılmalıdır, həm də onların fəaliyyəti qanunauyğun şəkildə tənzimlənməlidir. Hətta aradabir yoxlanılmalıdır”.

Ayyət Əhməd