"Azərbaycanda keçiriləcək parlament seçkilərində kifayət qədər yerli və beynəlxalq müşahidəçilər var. Ümumilikdə, 66 mindən artıq müşahidəçi qeydiyyatdan keçib. Mərkəzi Seçki Komissiyasında (MSK) isə 503 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib".
APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
M. Pənahov bildirib ki, 4 təşkilat seçkilərdə "exit-poll" həyata keçirəcək: "Bunların ikisi yerli, digər ikisi isə beynəlxalq təşkilatlarla birgə "exit-poll" keçirəcək. Sabah saat 7:30-dan etibarən məntəqələrdə canlanma başlayacaq. Saat 8:00-da isə müşahidəçilərin, KİV nümayəndələrinin iştirakı ilə seçki prosesi başlayacaq".
MSK sədri qeyd edib ki, müşahidəçilərin seçki məntəqəsində geniş səlahiyyətləri var, ancaq onlar seçki komissiyasının fəaliyyətinə müdaxilə etməməlidirlər: "Onlar seçki məntəqəsində əvvəldən axıra qədər seçki prosesini izləməlidirlər. Ancaq onlar bir şeyi unutmamalıdırlar ki, hər hansı qanunsuzluq görərlərsə, sakit dayanmamalı və bunu rəsmiləşdirməlidirlər. Ancaq müşahidəçi seçki komissiyasının fəaliyyətinə müdaxilə etməməlidir. Yəni, qanuna zidd fəaliyyət gördükdə, özü birbaşa seçki komissiyasına müdaxilə etməməli, yalnız gördüyünü rəsmiləşdirilməlidir ki, bu barədə tədbir görülsün. Yəni, hər şey sivil qaydada həll edilməlidir. Mən hesab etmirəm ki, seçki komissiyalarında hanısa xoşagəlməz bir proses olacaq. Təbii ki, istisna hallar da ola bilər və bu, bizdə çox təəssüf doğurur. Bunların hamısı seçki reallığıdır. Azərbaycanı istəməyən, sifarişlə gəlib seçki proseslərini izləyən müşahidəçilər var. Onlar öz maraqlarına uyğun addım atırlar. Ona görə, hər kəs vətəndaşlıq mövqeyini ortaya qoymalı, ölkəmiz haqqında pis fikir formalaşdırılmasına imkan verməməlidir".