Elşad Abdullayevin bacısı oğlunun saxlanılmasının səbəbləri açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, bəzi kütləvi informasiya vasitələrində Azad Mursalıyevin həbs olunması barədə yayılmış informasiyalar həqiqəti əks etdirmir: "Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Azad Mursalıyevin cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olduğunu nəzərə alaraq, eləcə də istintaqla mütəmadi və sıx əlaqələrini təmin etmək üçün müvafiq qaydada ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulub. Barəsində belə bir məhdudiyyətin mövcudluğunu bilə-bilə Azad Mursalıyev oktyabrın 31-də saat 18.45-də dövlət sərhədini "Şıxlı” Sərhəd Nəzarət Məntəqəsi vasitəsi ilə keçərkən saxlanılıb. Qazax rayon Polis Şöbəsində sərhəd keçməsinə qoyulmuş məhdudiyyətin tələbləri bir daha izah edildikdən sonra o, həmin gün sərbəst buraxılıb”.
Qeyd edək ki, Azad Mürsəliyev fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin bacısı oğludur.
**
08:40
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev hüquq-mühaizə orqanları tərəfindən saxlanılıb.
Lent.az-ın məlumatına görə, dünən Qazax rayonu ərazisindən Gürcüstana keçmək istəyən A.Mürsəliyev sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Qazax rayon Polis Şöbəsinə təhvil verilib. Polis Şöbəsindən Lent.az-a bildirilib ki, A.Mürsəliyevin ölkədən çıxmasına məhdudiyyət qoyulubmuş və o, artıq Bakıya göndərilib.
Qeyd edək ki, A.Mürsəliyevin saxlanması ilə bağlı ilk xəbəri xural.com saytı yayıb. Mürsəliyevin oğlu sayta bildirib ki, atası İstanbula gedirərkən Qazaxda saxlanılıb.