Səsvermədə iştirak edənlərin sayı 1,5 milyona çatır - YENİLƏNİB

Seçicilərin ümumi sayı isə 5 198 658 nəfərdir



Saat 12.00-ə olan məlumat: Seçicilərin 28,2 faizi səs verib
Azərbaycan Milli Məclisinə bu gün keçirilən seçkilərin gedişi ilə bağlı növbəti rəsmi məlumat açıqlanıb.
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 12:00-a qədər olan məlumata görə, respublika üzrə 1 468 205 seçici səs verib, bu, 28,2 faiz seçici fəallığı deməkdir.
Ölkə üzrə seçicilərin ümumi sayı 5 198 658 nəfərdir.
**
10:25
Azərbaycan Milli Məclisinə bu gün keçirilən seçkilərin gedişi ilə bağlı ilk rəsmi məlumat açıqlanıb.
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 10:00-a qədər olan məlumata görə, respublika üzrə 667 732 seçici səs verib.
Bu isə 12,8 faiz seçici fəallığı deməkdir.
Seçicilərin ümumi sayı isə 5 198 658 nəfərdir.
**
08:08
Bu gün V çağırış Milli Məclisə seçkilər keçirilir.
APA-nın məlumatına görə, saat 8.00-da səsverməyə start verilib.
Səsvermədən əvvəl MSK sədri Məzahir Pənahov mətbuat konfransı keçirib. M. Pənahov seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib. O, seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər cür şərait yaradıldığını deyib. M. Pənahov 1000-dək məntəqədə veb-kameraların quraşdırıldığını, seçkilərdə müşahidə aparmaq üçün çoxsaylı müşahidəçilərin qeydiyyatdan keçdiyini deyib. MSK sədri seçiciləri məntəqələrə gedərək, səsvermə prosesində aktiv olmağa çağırıb.
Dövlət Himninin səsləndirilməsi ilə səsverməyə start verilib.
Səsvermə saat 19:00-da bitəcək.
Qeyd edək ki, Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır.
Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir.
MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Milli Məclisə seçkilərlə əlaqədar "ELS” Müstəqil Araşdırmalar Mərkəzi, "Rəy” Monitorinq Mərkəzi müstəqil, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə "AJF & Associates İnc.” şirkəti (ABŞ) ilə birgə "exit-poll” keçirəcək.